Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidentinin Bakıdakı anonsunun pərdəarxası; Ermənistan sülh danışıqlarının Moskvanın təşəbbüsü ilə bərpasına razı olacaqmı; ekspertlərdən ilginc açıqlamalar
Rusiya prezidenti Vladimir Putin Azərbaycanda səfərdə olarkən Prezident İlham Əliyevlə regional məsələlərin müzakirəsi kontekstində sülh prosesinə dair də müzakirələr aparıb. Putin bu məsələyə dair deyib ki, Rusiya Federasiyası Cənubi Qafqazdakı vəziyyətin həllində tərəflər üçün vacib olduğu dərəcədə iştirak etməyə hazırdır.
“Mən bilirəm ki, Azərbaycan Ermənistanla bütün məsələlərin tam həllinə yönəlib. Rusiyanın Cənubi Qafqazdakı hadisələrdə iştirakı əlbəttə ki, tərəflərin tələb etdiyi ölçüdə olacaq. Buna heç bir şübhə yoxdur. Əgər biz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq, məsələni sərhədin delimitasiyası, demarkasiyasına çatdırmaq üçün nəsə edə bilsək, logistika və iqtisadiyyat istiqamətində müvafiq blokları açsaq, buna çox şad olarıq”, - Rusiya lideri bildirib. Putin Azərbaycana səfərindən sonra Prezident İlham Əliyevlə danışıqların nəticələrini Ermənistan baş naziri Nikol Paşinyana bildirəcəyini deyib. Bəllidir ki, son vaxtlar sülh gündəliyi üzrə danışıqlar dayanıb, görüşlər keçirilmir. Təbii, bunun səbəbkarı Ermənistandır, onlar müzakirədən, sülhdən yayınır. O da sirr deyil ki, Ermənistan Rusiyadan üz döndərir, faktiki Qərbin, Avropanıən diqtəsilə hərəkət edir. Reallıq budur ki, rəsmi İrəvanın sülh danışıqlarını sabotaj siyasəti Ermənistanı fəlakətə aparır. Bunu ayrı-ayrı erməni ekspertlər də etiraf edir. Əgər Rusiya Putinin dediyi şəkildə sülh və delimitasiya, kommunikasiyaların açılması üzrə üçtərəfli müzakirələr təşəbbüsü qaldırarsa, Ermənistan Moskvanın çağırışına razı olarmı? Qərb buna imkan verəcəkmi? Rusiyanın belə təşəbbüslərindən yayınmaq Ermənistana və Cənubi Qafqazdakı ümumi prosesə nə vəd edir?
Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında etiraf etdi ki, Rusiya prezidentindən Bakıda apardığı danışıqların nəticəsi haqda Ermənistan baş nazirini bilgiləndirəcəyini eşitmək onu xeyli təəccübləndirib: “Yəni o baxımdan təəccübləndirdi ki, hazırda hər iki tərəf aralarında heç bir güvənin olmadığını, əksinə, yeni ziddiyyətlərin baş qaldırdığını sərgiləməkdədir. Əgər vəziyyət göstərilən kimdirsə, onların aralarında doğrudan da gərginlik yaşanırsa, bu, Qərbdəkiləri çaşdırmaq üçün razılaşdırılmış oyun deyilsə, onda Putin Paşinyanı necə inandıracaq ki, Azərbaycanla əlaqələri normallaşdırsın və bu, Rusiyanın təklif etdiyi şəkildə baş versin. Üstəlik, Azərbaycan Prezidentinin bu haqda heç nə deməməsinin özü də ondan xəbər verir ki, sülh danışıqlarının üçtərəfli format çərçivəsində əldə olunan razılaşmanın fəlsəfəsinə uyğun davam etdirilməsi artıq mümkün deyil. Bu, 2021-ci ildə mümkün ola bilərdi ki, onda da Rusiya prosesin irəliləməsində elə də maraqlı görünmədi. Hazırda danışıqlarının gedişində nə uğur əldə edilibsə, bu, məhz ikitərəfli format çərçivəsində baş verib və Azərbaycan indən sonra da danışıqların məhz bu formatda davam etdirilməsində israrlıdır. Hətta mümkündür ki, həmin danışıqların nəticəsi olaraq tərəflər yaxın perspektivdə hərtərəfli sülh müqaviləsi olmasa da, memorandum tipli bir sənəd imzalasınlar. Bəlkə də Putinin açıqlaması ona hesablanıb ki, burada Moskvanın da az rol oynamadığı düşünülsün”.
Sahib Alıyev əlavə etdi ki, əgər Ermənistan göstərdiyi kimi, doğrudan da Rusiyanın forpostluğundan qurtarmağa çalışırsa, onda prezident Putinin bu açıqlaması, sadəcə, təzyiq xarakterlidir: “Kreml danışıqlarının hansı yöndə getdiyini və bunun necə qurtaracağını görür. Məhz indi səslənən açıqlamanı xatırlatmaqla gələcəkdə deyilə bilər ki, əgər Rusiyanın təklif etdiyi yolla gedilsə idi, onda Ermənistan üçün daha əlverişli perspektiv açılacaqdı. Getmədi və bu da nəticə”.
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov Kremlin proseslərdə rol almaq niyyətini təbii sayır: “Təbii ki, Rusiya Cənubi Qafqazda gedən proseslərdən, o cümlədən Ermənistanla Azərbaycan arasında davam edən müzakirələrdən, sülh danışıqlarından kənarda qalmaq niyyətində deyil. Bu baxımdan prezident Putin iki ölkə arasında gedən danışıqlarda ya vasitəçi, ya hər hansı formada iştirakını davam etdirmək istəyir. Hazırda Fransanın və ABŞ-ın təsiri ilə danışıqlardan yayınan Ermənistanın Rusiyanın təşəbbüslərinə ciddi reaksiya verəcəyi də gözlənilən deyil. Bununla belə, Ermənistan Rusiyanın təklif və təşəbbüslərini rədd etməyəcək, amma sülh danışıqlarından yayınmaqda davam edəcək”.
S.Məmmədov qeyd etdi ki, Ermənistan gözləmə mövqeyindədir və bu mövqedə olmağı ona tövsiyə edən də Fransa və ABŞ-dır: “Azərbaycan hakimiyyəti bundan nəticə çıxarmalıdır. Ermənistanın gözləmə mövqeyinin arxasında yaxşı olmayan niyyətlər dayanır. Bir tərəfdən silahlanır, ölkənin iqtisadi imkanlarını artırmağa səy göstərir, digər tərəfdən sərhəd zonalarında təxribatlarını davam etdirməklə sülh proseslərini daha da səngitməyə çalışır. Azərbaycan isə mümkün kompromislərə hazırdır. Amma dəfələrlə qeyd etdiyimiz kimi, bir ölkənin ali qanununda başqa ölkəyə qarşı ərazi iddiası mövcuddursa sonrakı razılaşmalar öz əhəmiyyətini itirir və Ermənistan tərəfi üçün legitim olmayacaqdır. Çünki alt normalar - beynəlxalq müqavilələrin hüquqi qüvvəsi Ermənistan konstitusiyasına zidd olduqda konstitusiya üstün sayılır - ali qanuna zidd olmamalıdır. Bu baxımdan hazırda sülh danışıqları hər hansı formada davam etsə də bütövlükdə dalana dirənmiş sayıla bilər. İndiki halda yalnız hansısa çərçivə sənədinin müzakirəsindən söhbət gedə bilər, ta o vaxta qədər ki, Ermənistan konstitusiyasına yenidən baxmasın”.
Məhəmməd Əsədullzadə
Politoloq Məhəmməd Əsədullzadə də hesab edir ki, Rusiya Azərbaycanla Ermənistan arasında üçtərəfli danışıqların Moskvada aparılmasında maraqlıdır: “Tərəflər müharibədən sonra bir neçə dəfə Moskvada görüşlər keçirib. Hətta nəqliyyat və kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyada Rusiya da təmsil olunur. Amma Ermənistan Rusiyanın vasitəçiliyindən imtina edib. Hətta Zəngəzur dəhlizinin açılması və burada Rusiyanın rolunu da qəti qəbul etmir. Təbii ki, Nikol Paşinyan bu məsələdə Qərbin təlimatı ilə hərəkət edir”.
Ekspert qeyd etdi ki, Azərbaycan üçün fərq etmir istər, Moskva və istər Qərb danışıqlar obyektiv və konstruktiv olmalı və sülhə gətirməlidir: “Məsələ budur ki, vəziyyətin bu hala gəlməsində Moskvanın da payı var. Çünki Moskva ilk günlərdə manipulyasiya siyasəti apardı. Obyekt mövqe ortaya qoysaydı, vasitəçi ola bilərdi. İndi prezident Putin məqbul və praqmatik mövqe ortaya qoyub. Azərbaycan hesab edirəm ki, ikitərəfli danışıqlara üstünlük verir. Bunun nəticəsidir ki, Ermənistanla müvafiq olaraq irəliləyiş əldə edilib. Amma bundan sonra Moskva yenidən vasitəçi olmasını İrəvan qəbul etməyəcək”.
M.Əsədullazadə hesab edir ki, Ermənistanla ikitərəfli danışıqlar daha məqbuldur və tez bir zamanda sülh müqaviləsi bağlansa, üçüncü tərəf təzyiq edə bilməz: “Ermənistan danışıqları dayandırıb, Moskva deyir mən vasitəçi olum. Rusiya vasitəçi ola bilməsə, yalnız Ermənistana təzyiq edəcək. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Moskvanın Cənubi Qafqaz siyasətində dönüş yaratmasını çətinləşdirəcək”.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ