İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan seçkilərində Paşinyanın “Pirr qələbəsi” hansı nəticələri verəcək - təhlil

Ermənistan Mərkəzi Seçki Komissiyası İrəvan meriyasına keçirilən seçkilərdə səslərin elektron hesablanmasını başa çatdırıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, 475 seçki məntəqəsinin hamısının nəticələrinə yekun vurulub. 28,46% kimi rekord aşağı seçici fəallığı ilə (824,250 seçicidən yalnız 234,553-ü seçki qutusuna gedib) hakim "Mülki Müqavilə" Partiyası “Pirr qələbəsi” qazanıb. Seçicilərin 32,57%-i (75 463 səs) ona səs verib ki, bu da bu hakim siyasi qüvvəyə Ermənistan paytaxtının merini müstəqil şəkildə seçmək imkanı vermir.

Yada salaq ki, beş il əvvəl “məxməri inqilab”dan eyforiya fonunda keçirilən paytaxt seçkilərində Paşinyanın partiyası 81,06% (294 109 səs) toplamışdı. Bununla onun elektorat dəstəyinin xeyli azaldığı görünür...

Sentyabrın 17-də keçirilən seçkilərdə inamlı ikinci yeri, Paşinyanın keçmiş müttəfiqi Ayk Marutyanın başçılıq etdiyi, mötədil qərbyönlü fikirlərini gizlətməyən Milli Tərəqqi Partiyası tutub. Seçicilərin 18,89%-i (43 765 səs) “Milli Tərəqqi”yə səs verib.

Üçüncü yerdə 15,43% (35 739 səs) ilə rusiyayönlü “Ana Ermənistan” bloku qərarlaşıb. Dördüncü yeri Ermənistanın KTMT-dən və Aİİ-dən çıxmasının tərəfdarı olan “Respublika” partiyası tutub. Bu partiya çox güman ki, ölkədə hakim partiya ilə koalisiya yaradacaq. Onu seçicilərin 11,32% (26,236) dəstəkləyib. Əsas sürpriz 9,68% (22 431) ilə beşinci yerdə qərarlaşan “İctimai rəy” partiyasının yüksək nəticəsi ilə bağlıdır.

Bəhruz Məhərrəmov danışdı: "Azərbaycan naminə fəaliyyətimizi inamla davam  etdiririk" Pravda.az

Bəhruz Məhərrəmov: “48 faiz səs itirməsi əslində Paşinyanın məğlubiyyətə bərabər qələbəsi deməkdir”

Qalan 9 siyasi qüvvə 5 il müddətinə seçilən İrəvan Ağsaqqallar Şurasına daxil olmayıb. Onların arasında səslər azalan ardıcıllıqla aşağıdakı kimi bölüşdürülüb:

“Yaşayacaq ölkə” - 3,64% (8425),

“Parlaq Ermənistan” - 1,8% (4174),

“Qələbə” - 1,71% (3959),

“Ədalətli Ermənistan” - 1,12% (2595),

Ermənistanın Avropa Partiyası - 1,11% (2572),

“Demokratik konsolidasiya” - 1,01% (2348),

“Vətənin gücü” - 0,74% (1706),

“Vahid Ermənistan” - 0,55% (1282),

“Sosial ədalət naminə” - 0,34 (780).

Paşinyan iqtidarı İrəvan seçkilərində kifayət qədər ciddi zərbə aldı.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki,  bu barədə “Ana Ermənistan” blokunun lideri Andranik Tevanyan  “Facebook” səhifəsində İrəvan Ağsaqqallar Şurasına (MER) seçkilərin nəticələri barədə danışarkən bildirib.

“Nikol Paşinyan və ətrafı istədiklərinə nail ola bilmədilər və indi məlumatların dərci şübhəli şəkildə ləngiyir. Görünən odur ki, onlar öz təşkilatları (Mərkəzi Seçki Komissiyası nəzərdə tutulur - red.) vasitəsilə müəyyən rəqəmlər əldə etməyə çalışırlar”, - deyə Tevanyan bildirib.

Müxalif siyasətçi bir daha İrəvan meriyasına seçkilərin tam dəyişiklik üçün fürsət olduğunu vurğulayıb.

“Bu, hakimiyyətin tam dəyişməsi istiqamətində ilk addımdır. Bir şey göz qabağındadır: bu hakimiyyətin nə ictimai etimadı, nə də legitimliyi var. Hesab edirik ki, bu prosesi ümumi mübarizəyə və hakimiyyət dəyişikliyinə çevirmək imkanı var. Hazır olun!”, - deyə  Tevanyan qeyd edib.

“AzPolitika.info” bu seçkilərlə bağlı Ermənistan mətbuatına istinadla xəbər verir ki, Rusiyanın Xankəndidəki emissarı, erməni milyarder Ruben Vardanyanın himayə etdiyi və maliyyələşdirdiyi “Yaşamaq üçün ölkə” Partiyası İrəvan seçkilərində fiaskoya uğrayaraq, cəmi 3.6 faiz səs toplaya bilib. Qarabağdakı qondarma separatçı rejimdə “nazir” vəzifəsini tutmuş Mane Tandilyanın namizədliyini irəli sürən partiya Vardanyanın və onun Moskvadakı himayədarlarının ümidlərini qətiyyən doğrultmayıb.

Qeyd edək ki, Vardanyan sözügedən partiyanın sahibi və sponsoru olduğunu bir müddət gizlətməyə çalışırdı. O, rəsmən bu partiyanın üzvü deyil. Lakin Ermənistanda hər kəs “Yaşamaq üçün ölkə”nin kimə məxsus olduğunu yaxşı bilir. İrəvan seçkisindən bir neçə gün əvvəl isə Vardanyan “maskası”nı çıxararaq, açıq şəkildə sözügedən partiyanı müdafiə etməyə, İrəvan ermənilərini Tandilyana səs verməyə çağırdı. Bir neçə dəfə belə çağırışlarla çıxış edən və Tandelyanın mətbuat konfransına onlayn qatılan Vardanyan ermənilərin onun səsinə səs verəcəyinə ümid edirdi. Lakin nəticələr göstərdi ki, İrəvanda Vardanyanı demək olar, adam yerinə qoyan yoxdur...

İrəvan ermənilərinin cəmi 3 faizi Tandilyanın partiyasına səs verməklə, ilk növbədə Vardanyana olan münasibətlərini ortaya qoydu. Bu isə Vardanyanı, yaxud onun təsir dairəsində olan adamları Ermənistanda hakimiyyətə gətirmək istəyən Kremli bir daha düşünməyə vadar edəcək...

Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, İrəvan meriyasına seçkilər nəinki Ermənistan daxilində, bütövlükdə Cənubi Qafqazda Ermənistana yeni baxış üçün kifayət qədər ciddi situasiya meydana çıxardı: “Daha öncəki seçkilərdə 81% səslə qalib gələn hakim "Mülki Müqavilə" partiyası bu dəfə 33%-lə kifayətlənməli olub. Üstəlik, seçici fəallığının cəmi 25 faiz olduğu bir situasiyada. Bu rəqəm digər iştirakçı siyasi qüvvələrin nəticələrini qabaqlasa da, cəmi bir periodda 48 faiz səs itirməsi əslində Paşinyanın məğlubiyyətə bərabər qələbəsi deməkdir. Təbii ki, normalda baş verənləri Ermənistanın daxili işi hesab etmək olardı, lakin regionda hərbi-siyasi durum prosesə daha geniş rakursdan baxmağı tələb edir.

İlk növbədə, aydındır ki, Paşinyan ilk baxışda sələflərindən bir sıra cəsarətli çağırışları ilə, məsələn beynəlxalq hüququ rəhbər tutaraq Qarabağı Azərbaycanın ərazisi kimi açıq formada tanıması, yaxud müəyyən məqamlarda sülh ritorikası ilə seçilsə də, sonradan dediklərini inkar etmək, yaxud vədlərindən geri çəkilməklə həm də əvvəlki iqtidarlardan fərqlənmədiyini göstərir. Üstəlik, Paşinyan kifayət qədər qətiyyətsizdir. Tarixi proseslər də göstərir ki, zəhərlənmiş erməni cəmiyyəti ilə yalnız qətiyyətli dildə danışılması vacibdir. Hakimiyyətin ilk dövründə, xüsusən “məxməri inqilab”ın eyforiyası fonunda “qətiyyətli demokrat” obrazı formalaşdıra bilsə də, Azərbaycanla sülh prosesində təcavüzkar revanşist təfəkkür onu geri addım atmağa məcbur etdi. Paşinyan artıq anlamağa başlayıb ki, Ermənistanda siyasi uğur qazanmaq üçün Azərbaycana münasibətdə düşmənçilik ritorikası sərgiləmək zəruridir. May ayında Azərbaycanın ərazi bütövlüyünü rəqəmlərlə ifadə edərək tanıyan Ermənistan Baş naziri daha sonra hərbi-siyasi təxribatlara da məhz siyasi divident qazanmaq üçün baş vurmuş, istər daxildəki radikallar, istərsə də ayrı-ayrı Qərb dairələrinin bu prosesdə Paşinyana dəstəyi ümumi anti-Azərbaycan fon yaratsa da, nəticə etibarilə son şərti yenə də Azərbaycan diqtə etmiş oldu. Çünki bütün istiqamətlərdə Azərbaycanın aşkar üstünlüyü şəraitində Paşinyanın nə siyasi, nə də hərbi təxribatlarda heç bir şansının olmadığı aydın idi. Erməni baş nazir bunu özü də başa düşürdü və xüsusən razılaşmaya baxmayaraq, Ağdam-Xankəndi yolunun açılmasının 16 gün gecikdirilməsinin kökündə dayanan amillərdən biri məhz İrəvan seçkiləri idi. Bütün cəhdlərə baxmayaraq, Paşinyanın cəmi 33 faizin dəstəyini qazana bilməsi, artıq əvvəlki dövrlərdə olduğu kimi anti-Azərbaycan ritorikasının effektli olmadığını üzə çıxardı.

Bundan başqa, “Milli Tərəqqi” və “Respublika” partiyaları başda olmaqla, qərbyönümlü digər siyasi qüvvələrin seçkilərdə ciddi nəticələr ortaya qoyması, əslində Qərbin özünün də İrəvanda prioritetlərinin dəyişməsinin mümkünlüyündən xəbər verir. Yəni ABŞ da, Fransa da Paşinyanın Qərbə sadiq qalacaq alternativlərinə yox deməyəcək.

Digər tərəfdən, rusiyayönümlü “Ana Ermənistan” blokunun 3-cü yerdə qərarlaşması isə Rusiyanın Ermənistan hakimiyyəti üçün ənənəvi siyasi təzyiq rıçağının hələ də güclü olduğunu göstərir.

Bu mənada İrəvan Ağsaqqallar Şurasına seçkilər əslində Paşinyan üçün həm xəbərdarlıq, həm də son şansdır. Əgər Paşinyan daxili təzyiqlərin qarşısında duruş gətirərək, Azərbaycanla beynəlxalq hüququn şərtlərinin rəhbər tutulduğu sülh müqaviləsini imzalayaraq Bakı və eyni zamanda Ankara ilə münasibətləri yoluna qoyarsa, bu halda həm hakimiyyətin davamlılığını və Ermənistanın inkişafını, həm də daxildə siyasi sabitliyi təmin edə bilər. Əks halda, Azərbaycanla neqativ ritorika, hətta Qərbin dəstəyi fonunda belə daxili siyasətdə effektiv deyil".

Politoloq Elçin Mirzəbəyli: “Rəsmi İrəvan hər zamankı kimi beynəxalq  diqqətin Azərbaycana yönəldilməsi üçün siyasi təxribatlara əl atır” -  Busaat.az

Elçin Mirzəbəyli: “Hər şey İrəvanın sabiq merinin mövqeyindən asılıdır”

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli bir çox vacib məqamlara toxundu: “İrəvan Ağsaqqallar Şurasına (Bələdiyyə məclisi) keçirilən seçkilərdə Paşinyanın partiyasının namizədlərinin digərlərindən qismən çox səs toplaması  paytaxt merinin seçilməsi üçün yetərli deyil. Paşinyanın siyahısındakı şəxslər İrəvan seçicilərinin 1/3 faizinin də səsini toplaya bilməyiblər və bu, əsasən paytaxtda daha çox dəstəyə sahib olan Ermənistanın baş naziri üçün ciddi siqnal sayıla bilər. Burada maraqlı məqamlardan biri öz partiyasını yenicə yaratmış sabiq paytaxt meri Ayik Marutyanın Ağsaqqallar Şurasında 14 mandat əldə etməsidir. Marutyan öz keçmiş komanda yoldaşları, o cümlədən Nikol Paşinyan üçün ciddi baş ağrısına çevrilə bilər. Lakin bütün bu proseslərin ciddi xarici faktorlar olmadan genişmiqyaslı aksiyalara yol aça biləcəyi inandırıcı görünmür. Prosesin önündə Ayik Marutyanın olacağı təqdirdə lokal etirazların baş verməsi və hətta genişlənməsi də mümkündür. Amma bu proses "Qarabağ klanı"nın liderliyi ilə həyata keçiriləcəksə, ciddi dəstək qazanacağı inandırıcı görünmür. Seçkinin nəticəsi də bunu göstərir. İndi hər şey İrəvanın sabiq merinin mövqeyindən asılıdır. Onun sabiq komanda yoldaşları və onların rəqibləri ilə sövdələşməyə getməsi də mümkündür. Ancaq Marutyanın seçkilərə öz partiyası ilə qatılması onun iddiasının paytaxt merliyindən daha çox olduğunu təsdiqləyir və ola bilsin ki, Marutyan bələdiyyə məclisindən başlayan mübarizəsini baş nazir postu uğrunda mübarizə ilə davam etdirsin".

Natiq Cəfərli: "Yeni fonddan Azərbaycan da istifadə edəcək"

Natiq Cəfərli: “İrəvan əhalisi seçkiyə getmədi, çünki...”

ReAL Partiyasının icra katibi, ekspert Natiq Cəfərli İrəvandakı seçkilərlə bağlı öz Facebook profilində bu statusu paylaşıb: “Ermənistan cəmiyyəti İrəvan şəhər bələdiyyəsinə seçkilərdə yenə "Paşinyan" dedi, onun partiyası ən çox, 32,57% səs topladı, ümumiyyətlə, İrəvan əhalisi seçkiyə getmədi, çünki məhz “ruskafalılar” böyük aktivlik yaradıb Paşinyanı devirmək istəyirdilər, camaat da getmədi, gedənlərdən hər 3 nəfərdən biri də Paşinyanın komandasına səs verdi - baxmayaraq ki, “ruskafalar” İrəvanın hər yerinə Paşinyanın, “Qarabağ Azərbaycandır”, sözlərindən düzəldilmiş plakatlar asdılar, baxmayaraq ki, “Paşinyan türkdür”, şüarları sələndirdilər, yenə təsiri olmadı, əhali onları böyük ölçüdə dəstəkləmədi.

Ermənistan əhalisindəki bu yanaşmanı dəyərləndirmək, bu köklü dəyişikliyin Paşinyan və komandasının nailiyyəti olduğunu görmək lazımdır. Bölgəmizdə dayanıqlı sülh üçün hələ də ciddi imkanlar var, çox yaxşı ki, həm Azərbaycan rəsmiləri, məsələn, hörmətli Hikmət Hacıyev, həm də Paşinyan bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasının mümkün olduğunu söylədilər - doğru olan da budur, bölgədə sülh olsa, rifah, rifah olsa, Şimaldan gələn təhlükələrə sinə gəlmək mümkün olacaq və ən əsası, bölgə ölkələrinin, əsas da Azərbaycan hökumətinin daim gərginliyi əsas gətirərək köklü islahatlara getməmək bəhanələri də aradan qalxacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR