İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Rusiya və Bakıya qarşı “həmsədrlər koalisiyası” yaradır

ABŞ dövlət katibinin köməkçisi Karen Donfriddən sonra Almaniya da Minsk Qrupuna tərəfdar olduğunu dedi; Ermənistan “həmsədrlərin dirildilməsi” istiqamətində fəaliyyətini dayandırmaq niyyətində deyil

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıda ATƏT Minsk Qrupunun öz mövcudluğunu dayandırması barədə dediklərindən sonra da Ermənistan “həmsədrlərin dirildilməsi” istiqamətində fəaliyyətini dayandırmaq niyyətində deyil.

Belə ki, baş nazir Nikol Paşinyan Almaniyanın Ermənistandakı səfiri Viktor Rixterlə görüşüb. Görüşdə tərəflər bir sıra məsələləri müzakirə edib. Paşinyan görüşdə yenə status barədə sərsəmləyib: “Dağlıq Qarabağın statusu məsələsi hələ də həll olunmamış qalır və bu problem ATƏT-in Minsk Qrupunun həmsədrliyinin beynəlxalq səviyyədə tanınmış formatı çərçivəsində həll edilməlidir”. Öz növbəsində Viktor Rixter Almaniya hökumətinin regionda sülhün bərqərar olmasına və Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində həllinə dəstəyini ifadə edib.

Yada salaq ki, ötən həftə regionda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid AzadlıqRadiosunun Ermənistan xidmətinə müsahibəsində qeyd edib ki, Birləşmiş Ştatlar “Minsk Qrupu həmsədrliyinə dəstək barədə danışmağa davam edirlər”.

“ABŞ Dağlıq Qarabağ məsələsində vacib rol oynayan Minsk Qrupu həmsədrlərindən biridir. Biz əvvəlki kimi bu prosesə sadiqik. Biz Avropa İttifaqının vacib rol oynadığını da görürük. Ona görə də hesab edirəm ki, bu, region üçün vacib məqamdır və biz sülhə nail olmaqda Ermənistana kömək üçün mümkün olanı edəcəyik”, diplomat vurğulayıb.

Dövlət katibinin köməkçisi Vaşinqtonun Ukraynaya qarşı müharibə fonunda Minsk Qrupunda həmsədrlik formatını dayandırması fikri ilə razılaşmayıb. “Bu doğru deyil. ABŞ bəyan edir ki, Minsk Qrupunun həmsədrliyi prosesini dəstəkləyir. Biz əvvəlki kimi, bunu özəlliklə Dağlıq Qarabağ məsələsində vacib format hesab edirik. Sülhü irəli aparmaq üçün müxtəlif formatları qoruyub saxlamağımız çox vacibdir. Bunu gələcəkdə də edəcəyik”, - Donfrid vurğulayıb. Ermənistan bütün vasitələrlə çalışır ki, Minsk Qrupunu yenidən “diriltsin”.

Azərbaycan Prezidentinin bu məsələdə mövqeyi bəllidir, Rusiya da reallığı qəbul edir. Amma göründüyü kimi, Ermənistan bu məsələdə özünə tərəfdarlar toplayır, sanki Bakı və Moskva əleyhinə “həmsədrlər koalisiyası” yaratmaq üçün fəaliyyətə keçib. ABŞ və Almaniyadan sonra gözlənilir ki, Fransa da Ermənistana dəstək versin. Məsələnin təəccüblü olan tərəfi isə Almaniyanın da Minsk Qrupuna önəm verməsidir. Almaniya Avropa İttifaqı üzvü kimi Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə aparılan danışıqlara dəstək verməlidir, amma bunun əksini görürük. Rusiyanın Qərblə münasibətlərinin gərgin olduğu vaxtda İrəvanın konkret ölkələrdən “həmsədrlər koalisiyası” yaratması nə deməkdir? ABŞ və Almaniyaya Fransa da qoşulsa, nə baş verəcək?

Hikmət Babaoğlu: “Özbəkistan Azərbaycan Prezidentini qalib sərkərdə kimi  qarşıladı”

Hikmət Babaoğlu

YAP-çı deputat Hikmət Babaoğlu ermənilərin manevr imkanlarının olmadığını söylədi: “Ermənistanın bu günədək Azərbaycan tərəfindən irəli sürülmüş 5 baza prinsipi əsasında sülh danışıqlarının aparılması ilə bağlı təklifini qəbul etməsi irəliyə doğru atılmış bir addımdır. Ancaq bu istiqamətdə heç bir real iş görməyərək xəyali həmsədrlər axtarışına çıxması isə geriyə atılmış iki addım kimi qiymətləndirilə bilər. Bu, əsl erməni xislətidir. Elə erməni diplomatiyası da bu xislətin davamı olaraq həmişə məkrli və ikiüzlü olub. Rəsmi Bakı bu diplomatiyanın hər üzünü çox yaxşı bilir. Eyni zamanda nəyi necə və nə vaxt edəcəyini də... Ona görə də hazırkı reallıqda ermənilər manevr imkanları o qədər də çox deyil. Ancaq bununla belə, təkcə həmsədrlər koalisiyası deyil, eyni zamanda imkanları olsa, bütün dünyanı Azərbaycana qarşı koalisiyaya cəlb etmək istəyərlər. Bu isə mümkün deyil. Dünya siyasəti real maraqlar üzərində qurulub və ölkəmiz dünyanın aparıcı ölkələri ilə öz maraqlarını yaxşı uzlaşdırmağı bacarır. Belə ölkələrdən biri də qonşu Rusiyadır. Bir neçə gün bundan öncə Azərbaycanda olan Rusiyanın xarici işlər naziri bir daha Rusiyanın 10 noyabr üçtərəfli bəyannaməsinə sadiq olduğunu bildirdi. Orada isə heç həmsədr, yaxud status məsələsi yoxdur. Digər ölkələrə gəldikdə, Almaniya və Fransa da daxil olmaqla, Avropa İttifaqına üzv olan ölkələrin ümumi mövqeyi baxımından Avropa İttifaqı Şurası faktiki olaraq yeni bir danışıqlar platforması yaradıb və Aİ Şurasının Prezidenti Şarl Mişel mümkün sülh danışıqlarını həvəslə dəstəkləyir. ABŞ-ın həmsədrlik məsələsini manipulyasiya etməsi isə həm də Rusiyaya qarşı geostrateji oyunun bir parçasıdır. Özünü Ermənistana Rusiyadan daha yaxın müttəfiq kimi göstərmək üçün Rusiyanın soyuq baxdığı həmsədrlik mövzusunu həvəslə istismar edərək ermənilərin rəğbətini qazanmağa çalışır. Düşünür ki, bununla da Gürcüstandan sonra Ermənistanı da öz yanına çəkərək Cənubi Qafqazda mövqelərini gücləndirə bilər. Bütün bunlar mümkün iddia və ümidlərdir. Ancaq Azərbaycan yaranmış yeni geostrateji reallığın müəllifidir və bu reallığı əsasən dünyaya qəbul etdirməyi müharibədən ötən dövr ərzində bacara bilib. Ona görə də həmsədrlik mövzusunun istismar edilməsi Paşinyan üçün daha çox daxili siyasət platformasında lazımlı ola bilər”.

Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq  müstəvisində də Ermənistanı məğlub etdi - AZƏRTAC

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli alman diplomatının sözlərinin heç bir əhəmiyyətinin olmadığını söylədi: “Əvvəla, nəzərə almaq lazımdır ki, Minsk Qrupu ömrünü həm de-yure, həm də de-fakto başa vurub. Qrupun həmsədrlərinə ATƏT sədri tərəfindən verilmiş 15 müddəalıq mandatın heç bir müddəası bugünkü reallıqları ifadə etmir. 44 günlük müharibə nəticəsində imzalanmış sənədlərdə yer alan prinsiplər ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, sərhədlərin delimitasiya və demarkasiyası və sülh müqaviləsinin imzalanması prosesində iştirakını tamamilə istisna edir. Digər tərəfdən, hətta iştirakçılardan birinin belə razı olmayacağı təqdirdə Minsk prosesinin davam etdirilməsi mümkün deyil. Çünki Minsk Qrupu və onun ”əlvida" dediyimiz həmsədrlik institutunun suveren dövlətlərin iradəsi əleyhinə çıxış etmək, qərar vermək səlahiyyəti yoxdur. Bununla yanaşı, unutmaq lazım deyil ki, Minsk Qrupuna Azərbaycan və Ermənistan, həmçinin ömrünü başa vurmuş həmsədrlik institutunun uğursuz üçlüyü - ABŞ, Fransa və Rusiyadan başqa, Türkiyə, Belarus, İtaliya, Almaniya, Finlandiya və İsveç daxildirlər. Bu o deməkdir ki, hətta Minsk Qrupunun özündə də qüvvələr nisbəti Ermənistanın və həmsədrlik institutunu yenidən diriltmək istəyənlərin xeyrinə deyil. İndiki şəraitdə Almaniyanın hansısa diplomatının nə deməsinin heç bir əhəmiyyəti yoxdur. Bu ölkənin Ukraynada alt-üst olmuş reputasiyasını bundan sonra heç nə ilə bərpa etmək mümkün olmayacaq. Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı Avropa İttifaqının və ona sədrlik edən Fransanın mövqeyi aydındır. Fransa zatən bu prosesdə iştirak edir və Avropa İttifaqı Şurası Prezidentinin açıqlamaları da sübuta yetirir ki, Fransa regiondakı reallıqları başa düşür. Ermənistanın Minsk Qrupunun “ölmədiyini” sübuta yetirmək üçün dəridən-qabıqdan çıxmasının yeganə səbəbi bu ölkənin, ənənəsinə uyğun olaraq, prosesi ləngitmək istəyi ilə bağlıdır. Ermənistan rəhbərliyi hələ də ümid edir ki, beynəlxalq vəziyyət onların arzu və istəklərinə uyğun dəyişəcək və onlar da bundan istifadə edib hansısa güzəştlərin əldə edilməsinə nail olacaqlar. Amma qlobal və regional proseslərin Ermənistanın arzu və istəklərinə uyğun deyil, əksinə cərəyan edəcəyini anlamaq üçün fantastik geosiyasi ssenarilər üzərində baş sındırmağa ehtiyac yoxdur. Nə Azərbaycan, nə Rusiya, nə də Türkiyə bundan sonra Minsk Qrupunun həmsədrlik institutunun “xortlamasına” imkan verməyəcəklər. Fransa isə indiki şəraitdə Almaniyadan fərqli olaraq, Avropa İttifaqının maraqlarını, xüsusilə də enerji təhlükəsizliyini əsas götürmək məcburiyyətindədir. Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı Brüsselin diplomatik səylərinin içərisində Almaniyanın yer almadığını görürük. Almaniya Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı dominant rolu itirib və yenidən bərpası da mümkün olmayacaq. Əgər yaxın gələcəkdə, Avropa İttifaqının Rusiyadan alınan təbii qazdan asılılığını qismən də olsa azaltmaq üçün yeni layihələrinin icrası mümkün olacaqsa, bu proses Almaniyanin üzərindən həyata keçirilməyəcək. Digər tərəfdən, yaxın gələcəkdə Rusiya üçün “Mavi axın” və “Türk axını” layihələrinin gücləndirilməsinin də prioritet təşkil edə biləcəyini düşünürəm".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR