Onlayn ictimai-siyasi qəzet
Bu gün - sentyabrın 2-də separatçı-daşnak tör-töküntüləri İrəvanda təxribatçı mitinq keçirməyi planlaşdırır. Radikal-revanşistlər sülh prosesini pozmaq üçün növbəti cəhdi edəcəklər. Artıq Ermənistan əhalisinə mitinqə qatılmaq üçün çağırış da edilib.
Erməni kilsəsi də eyni çağırışı edib. Sentyabrın 2-si isə təsadüfi seçilməyib. Bu, gorbagor olmuş “artsax”ın uydurma “müstəqillik günü” hesab olunur. Separatçılar həm də bu səbəblə qaşınırlar.
Xatırladaq ki, sentyabrın 1-də üzdəniraq Minsk Qrupunun yuridik ləğvi yönündə həlledici addım atılıb. ATƏT ölkələri Bakı və İrəvanın qurumun ləğvinə dair birgə müraciətinə etiraz etməyib. Prosedur qaydalarına əsasən, etiraz olmadığı üçün MQ ləğv olunmuş sayıla bilər.
Bu, separatçı revanşistlərin son ümidinin də basdırılması deməkdir. Ancaq separatçı radikal ünsürlərin dinc durmayacağı aydındır. 2 sentyabr aksiyasına hazırlıq buna əyani sübutdur. Bəs Paşinyan hakimiyyətinin mövqeyi necə olacaq? Axı bu aksiya qonşu ölkəyə - Azərbaycanın ərazi bütövlüyünə qarşı birbaşa təxribat məqsədi güdür və Paşinyanın avqustun 8-də Ağ Evdə İlham Əliyev və Trampla birgə imzaladığı sənəddəki öhdəliklərə, verdiyi vədə tamamən ziddir. Bundan əlavə, Ermənistan baş naziri bir neçə dəfə Qarabağ hərəkatını davam etdirməyi ölkəsinin müstəqilliyinə təhlükə saydığını açıq şəkildə bildirib.
Bunun ardınca separatçı-revanşist qrupların, həmçinin kilsənin qondarma “artsax” ideyasını yaşatmaq cəhdləri həm də Bakı-İrəvan arasında yaranan etimad mühitini pozmağa hesablanıb. Çünki “artsax” ermənilərin Qarabağda ikinci dövlət utopiyası idi. Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, şəhərin mərkəzində belə bir mitinqin təşkil olunması birbaşa sülh prosesinə zərər vurmaqdır.
Məhəmməd Əsədullazadə
Siyasi ekspert Məhəmməd Əsədullazadənin sözlərinə görə, sentyabrın 2-də bir qrup separatçı-revanşist qrup İrəvanın mərkəzində keçmiş “artsaxın müstəqilliyi”ni qeyd etməyi planlaşdırır: “Ermənistan hakimiyyəti 8 avqustda Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıb və üçtərəfli birgə bəyannaməni imzalayıb. Ermənistanda Qarabağ məsələsini tam gündəlikdən çıxarır və ölkə ərazisində hər hansı bir separatçı hərəkətliliyə yol verməmək öhdəliyi götürüb. Əgər İrəvanın mərkəzində separatçılar mitinq edərsə, bu, Azərbaycana qarşı növbəti ərazi iddiaları olacaq. Bunun məsuliyyətini Paşinyan hökuməti daşıyacaq. Ermənistan hökumətinin 2 sentyabrda üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirdiyi məlum olacaq”.
Ekspert qeyd edib ki, Ermənistan daima “Qərbi Azərbaycan” icması ilə bağlı narahatlıqlarını vurğulayır: “Bunu Ermənistana qarşı ərazi iddiaları kimi xarakterizə edib. Rəsmi Bakı Qərbi Azərbaycan İcması ilə bağlı müəyyən addımlar atıb. Artıq Qərbi Azərbaycan İcmasının aktiv fəaliyyəti yoxdur. Ermənistan hakimiyyəti İrəvanda "artsax" nümayəndəliyini ləğv etməli və separatçı çağırışlar edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır".
Xəzər Teyyublu
Hüquq müdafiəçisi Xəzər Teyyublu qeyd edib ki, hər il separatçılar “artsax günü” qeyd etməyə çalışır, amma son illərdə tör-töküntülər bir araya gəlir. Onun fikrincə, bu dəfə də fərqli olmayacaq və İrəvanda izdiham gözləmir: “Əvvəla, Qarabağdan gedənlərin çoxu Ermənistanın paytaxtına yerləşdirilmədi. Bu da onların təşkilatlanmasına əngəl olan faktdır. Onlar isə ümidsiz və sosial qayğılarla yaşayan bir təbəqədir. Yəni İrəvanda revanşistlərin çağırışlarına uyub avtobuslarla gəlib mitinqdə iştirak etməzlər. İkincisi, onlar bu aksiyalardan fayda görmürlər. Məsələ bitib və sülh sənədi imzalanıb. Paşinyan da deyib ki, Qarabağ hərəkatına aman verməyəcək. Ona görə nə etsələr, səmərəsizdir. Ola bilsin ki, İrəvanda 3-5 min adam toplaşsın. Amma Paşinyan iş aparır - cəmiyyəti sülhə hazırlayır. Ona görə kilsə, separatçılar, revanşist müxalifət, əslində hərbi canilərə bağlı keçmiş klan fəalları, o cümlədən erməni diaspor və lobbisi var gücünü işə salmağa cəhd edəcək, lakin qələbəlik gözləntim yoxdur”.
Hüquq müdafiəçisi hesab edir ki, Çində liderlərin görüşü də bu mitinqin ab-havasına təsir etmiş olacaq: “Paşinyan qlobal proseslərdə iştirak edir. Erməni xalqına demək istəyir ki, Çinlə əməkdaşlıq qururam, Azərbaycanla barışırıq, Türkiyə ilə sərhədlər açıla bilər, Orta dəhliz bizə pul gətirəcək, həmçinin Putinlə də orada görüşdü, yəni Rusiya ilə əlaqələri də baltalamır. Bütün bu mesajları verir və deyir ki, artıq bu qlobal hadisələrdə "artsax" adlı uydurma, mifik ideya çoxdan gorbagor olub. İndi ermənilərin ağıllı təbəqəsi anlamalıdır ki, küçəyə çıxıb 2 sentyabr mitinqində iştirak gülməlidir. Paşinyan Çin lideri ilə görüşür, nəhəng iqtisadi gücün rəhbər ilə, hansısa 5-10 avara separatçı da küçələrdə veyllənir. Odur ki, erməni xalqı seçim etməyi bacarmalıdır. Hər şeydən əvvəl isə belə bir aksiya Azərbaycana qarşı ərazi iddiası irəli sürməkdir. Onda Vaşinqtonda, Trampın iştirakı ilə imzalanan sənədə rəsmi İrəvan hörmət etmir. Əgər belədirsə, Azərbaycan siyasətinə yenidən baxa bilər. Amma fikrimcə, Paşinyan Azərbaycana izah etməyə çalışıb ki, hələlik daxili auditoriyanı sakitləşdirmək naminə hələ bir az da separatçıların nazı ilə oynamağa məcburdur. Yekunda isə onları tam ram edəcək".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
04 Sentyabr 2025
00:47 Rusiyanın SAVAŞACAQ gücü YOXDUR: Cənubi Qafqaz əllərindən ÇIXIB - Əli Mustafadan FƏRQLİ TƏHLİL
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ