İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Bakıya qarşı şantaja keçir, Fransa müharibəni körükləyir - cavabımız sərt olacaq

 

Havadarlarına güvənən Ermənistan özünü yenə qalib ədası ilə aparmağa başlayıb; Əliyevlə Paşinyan Brüsseldə nədən danışacaq?..

Fransa Senatının növbəti anti-Azərbaycan qətnaməsi, şəkk-şübhəsiz, erməni revanşist qüvvələrə əlavə qol-qanad verəcək, eyni zamanda rəsmi İrəvanı sülh müqaviləsi məsələsində daha radikal, daha həyasız mövqeyə kökləyəcək. Bunu Ermənistanın hökumət üzvləri və parlament sədrinin, habelə separatçı-kriminal ünsürlərin Fransaya minnətdarlıq və məmnunluq dolu açıqlamalarından asanca sezmək olar.

Əslində heç bir hüquqi qüvvəsi olmayan bu kimi sənədlər, ermənidən çox erməni olmağa çalışan satılmış fransız senatorun bu “yaxşılığı” erməni xalqına pislikdən savayı bir şey deyil. Ən yaxşı halda “ayı xidməti”dir. Çünki belə fitnəkar addımlar bölgədə əsla sülhə xidmət eləmir, əksinə, yeni müharibəni körükləyir və nə Ermənistan rəhbərliyini, nə də ümumən erməni toplumunu xülyalarla yaşamaqdan əl çəkib reallıqla barışmağa qoymur.

Bu xüsusda rusiyalı analitik İqor Korotçenko tam haqlıdır deyəndə ki, biabırçı antiAzərbaycan qətnaməsindən sonra artıq Fransa Senatının adını dəyişdirib “Fransanın erməni diasporunun senatı” qoymaq daha məntiqli olar. ““Pecunia non olet” - pul iyi gəlmir. Görünür, “lehinə” səs verən senatorların hər biri bu tezisi rəhbər tutmuşdu. Bildiyiniz kimi, Fransada hətta eks-prezidentlər də erməni milyarderlərinin “məsləhətçisi” işləyirlər - Sarkozi nümunəsi var. O, prezident kimi Liviyadan rüşvət almışdı. Bəs Makron?", - Korotçenko ritorik sual edib.

Gözlənildiyi kimi, Azərbaycan həm rəsmi, həm də qeyri-rəsmi səviyyələrdə Fransa Senatının bu rüsvayçı və təxribatçı sənədinə sərt reaksiya verib. Qətnamə haqlı olaraq hər şeydən öncə Azərbaycan və Ermənistan arasında gedən kövrək sülh prosesinə ciddi zərbə kimi qiymətləndirilib. Ona görə ki, bunun ardınca İrəvandan konstruktiv mövqe gözləmək çətindir. Bu da növbəti fakt.

Ermənistan Omanla əməkdaşlığı inkişaf etdirməyə hazırdır: Ararat Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dünən Avropa İttifaqının və Avropa İttifaqına üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndələrindən ibarət nümayəndə heyəti ilə görüşündə görün nə çərənləyib. Ermənistan XİN başçısı iddia edib ki, “Azərbaycanın maksimalist yanaşması regionda sabitlik və sülhün bərqərar olmasına mane olmaqda davam edir”.

Görəsən, hansı maksimalist mövqedən söhbət gedir? Mirzoyan nədən dəm vurur? Qalib Azərbaycan dövləti özünün ayrılmaz, qanuni ərazisi olan Qarabağda bir ovuc erməniyə öz konstitusiyasına zidd olaraq, siyasi status tanımalı, yaxud ikinci saxta “erməni dövləti” yaratmağa razılıq verməlidirmi ki, ondan sonra kapitulyant ölkə Azərbaycanla sülh müqaviləsi imzalasın, yaxud Bakının mövqeyini “konstruktiv” saysın? Bu nədir, məğlub ölkə bizə şərtmi irəli sürur, yoxsa Azərbaycanı şantaj edir?

Xatırladaq ki, Mirzoyandan bir gün qabaq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan analoji açıqlama ilə çıxış edərək deyib ki, “Dağlıq Qarabağ konflikti həll edilmədən və ya bu məsələnin həlli yoluna aydınlıq gəlmədən Azərbaycanla sülh müqaviləsinin imzalanması mümkün deyil”.

Baş nazir Nikol Paşinyan da son zamanlar faktiki eyni aqressiv ritorikanı sərgiləyir, üstəlik, Azərbaycanı guya Qarabağda ermənilərə qarşı “soyqırımı hazırlamaqda” ittiham edib. Əlbəttə ki, bunu xarici havadarlarının, xüsusən də Fransanın anti-Türk, anti-Azərbaycan mövqeyindən ilhamlanaraq edirlər. Elə bil 44 günlük müharibədə məğlub edilən həm də Fransa olub. İrəvanı sözsüz ki, həm də Rusiyanın sülh sazişi layihəsində status məsələsinin gələcəyə saxlanması ürəkləndirir.    

Beləliklə, “ipi” xarici məkrli güclərin əlində olan Ermənistan rəhbərliyi Bakı ilə münaqişəni açıqca gərginləşdirmək yolu tutub. Hakimiyyətin bütün qolları Qarabağla bağlı pozucu mövqe sərgiləməyə, absurd tezislər və iddialar irəli sürməyə başlayıb.

Erməni siyasi elitasının sülh danışıqlarında köhnə, maksimalist mövqeyə qayıtdığı aşkar görünür. Sanki bayırda 2022-ci ilin noyabrı yox, 2020-ci il 27 sentyabrdan öncəki işğal dönəmidir. Və sanki 44 günlük müharibədə işğalçı ordusu darmadağın edilən tərəf Ermənistan deyil, 2-ci Qarabağ savaşı da heç olmayıb. Odur ki, Azərbaycan tezliklə gərəkən nəticəni çıxarmalıdır və heç şübhəsiz, çıxaracaq da.

Erməni lobbisinin “Fransa kartı”

Bu yerdə yada salaq ki, noyabr ayında Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri arasında üçlü formatda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti görüş nəzərdə tutulub. İlin axırınadək isə iki qonşu ölkə arasında sülh müqaviləsinin imzalanması hədəflənib. Ona qədər Azərbaycan və Ermənistan XİN rəhbərləri həmin müqavilənin “qaralamasını” razılaşdırmalıdır.

Ancaq erməni tərəfdən son vaxtlar artan cəfəng iddia və şərtlər, kapitulyant ölkənin özünü az qala, qalib ədası ilə aparması bu yöndə ümidləri sarsıdır - əgər hələ tam basdırmayıbsa. Odur ki, haqlı sual ortaya çıxır: İlham Əliyev hələ də təhlükəli sülh oyunu oynayan Nikol Paşinyanla Brüsseldə nədən danışacaq? Ümumiyyətlə, ora getməyə lüzum varmı? Xüsusən Şarl Mişelin vətəni Fransanın ölkəmizə qarşı məlum demarşından sonra.

“Cənubi Qafqazda vəziyyət bir anda dəyişə bilər”.

RIAC :: Fyodor Lukyanov

Bunu rusiyalı politoloq Fyodor Lukyanov erməni mətbuatına açıqlamasında bildirib.

“Bir müddət bundan öncəyə qədər hər şey aydın idi. Amma son vaxtlar nəsə dəyişdi. Hazırda bu dəyişikliyin sərhəddəki sentyabr gərginliyindən, Praqa görüşündən, tərəflərin son ritorikalarının nəticəsi olduğunu söyləmək çətindir. Onu dəqiq deyə bilirəm ki, hadisələr məntiqi çərçivədən kənar inkişaf edir. Rusiyanın başı qarışıq olduğu məqamda hər şey Cənubi Qafqazda bir anda dəyişə bilər. Bir qığılcım partlayış effekti yarada bilər. İrəvan vaxt udmağa çalışır, amma Bakı da çox səbir etməyəcək. Hərbi aktivlik fazası hər an başlaya bilər”, - deyə politoloq vurğulayıb.

Bu yandan da ermənipərəst Fransa yalançı sülh təşəbbüsləri altında bölgədə faktiki müharibəni körükləməkdə, Azərbaycanın səbrini daşırmaqdadır. Yeni qarşıdurmanı önləməyin tək yolu ilə isə İrəvanın Bakının 5 məlum prinsipi əsasında sülh müqaviləsini imzalamasıdır. Özü də bacardıqca tez...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR