İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Bakının bu təklifi üçün sabah yalvaracaq

Ermənistan sülhə deyil, müharibəyə zəmin yaradan köhnə “miras”dan, özəlliklə “ayağı”ndan asılmış lazımsız yükdən, Nikol Paşiynanın təbirincə desək, boynuna zəncir təki dolaşan “Qarabağ problemi”ndən qurtulmayınca inkişaf yoluna çıxa bilməyəcək. Görəsən daha nə qədər keçməli, erməni xalqı daha hansı müsibəti yaşamalıdır ki, bu bəsit həqiqət ona çatsın?

Əfsus ki, başa çatmaqda olan ildə də kapitulyant ölkə “yük”lə bağlı heç bir ciddi addım atmadı. İnsafən, Paşinyan hansısa cəhdləri elədi, amma gəl ki, bu, konstruktivizmdən çox populizm nümunələri kimi yadda qaldı. Bəyanatları real məzmun almadı. Ya gücü çatmadı, ya da Türkə nifrətin hələ ki, güclü olduğu cəmiyyətdən və terrordan çəkindi. Nə fərqi, nəticə ki, eynidir. Amma bu, bizim problem deyil.

Köhnə “miras”a gəlincə, söhbət ən əvvəl Ermənistanın öz konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırması və keçmiş Dağlıq Qarabağ ixtilafının qalığı olan Minsk Qrupunun ləğvindən, üstəgəl, qardaş Türkiyəyə qarşı saxta soyqırımı iddiasından imtinadan gedir. Ermənistan, onun cəmiyyəti bu mənasız “yükləri” heç cür çiynindən atmaq istəmir. Bunsuz isə Azərbaycan və Türkiyə ilə barışıq, sülh müqavilələri istisnadır. Deməli, sərhədlər də qıfılda qalacaq...

İndi də radikal-revanşist kəsim, yerli media Nikol Paşinyanın üstünə düşüb ki, o, Minsk Qrupunun (MQ) ləğvinə razılıq verib, MQ-nin buraxılması ilə bağlı Bakının tələbini qəbul edib. Hərgah təkrar edirik, bu təklifə tərəfdar olmaq ayrı şeydir, onun reallaşması yönündə əməli addım atmaq ayrı. Sonuncu isə gözə dəymir.

Əslində bu, erməni cəmiyyətinin nəbzini tutmaq, onun ovqatını bilmək üçün çox ciddi testlərdən biridir. Yəni bu xalq öz qapıbır qonşuları ilə - Azərbaycan və Türkiyə ilə dinc-yanaşı, sülh, əmin-amanlıq, rifah içində yaşamağı arzu edir, ya yox?

Nə yazıq ki, revanşistlərin, “müharibə partiyası”nın mövqeyi cəmiyyətin ənənəvi baxışı ilə aşağı-yuxarı üst-üstə düşür. Son sorğular da eyni şeyi təsdiqləyir: erməni əhalisinin əksəriyyəti konstitusiyadan Azərbaycan və Türkiyəyə qarşı absurd torpaq iddialarının çıxarılmasının, saxta “soyqırım”dan imtinanın, iki qonşu ölkə ilə barışığın əleyhinədir! Yaxud barışığı bir şərtlə mümkün sayırlar: konstitusiya dəyişikliyi olmasın, MQ öz mövcudluğunu formal da olsa saxlasın (“Bəlkə qaytardılar” xülyası), “soyqirımı” iddiaları yerində qalsın...

Və ya Prezident İlham Əliyevin 18 dekabr tarixli müsahibəsində sülh sənədi layihəsinin razılaşdırılmayan son 2 bəndi barədə söylədikləri. Bəllidir ki, onlardan biri beynəlxalq səviyyədə iddialardan qarşılıqlı şəkildə imtina haqdadır.

Bu, əlbəttə, Azərbaycanın zəifliyindən, kimdənsə, nədənsə çəkinməsindən yox, qalib və haqlı tərəf kimi ədalətliliyindən, adilliyindən irəli gəlir. Azərbaycanın bir daha müharibə istəmədiyindən, iki xalq arasında düşmənçilik səhifəsinə qapatmaq kimi saf niyyətindən qaynaqlanır.

Erməni tərəfi də bunu istəyirmi? İstəyirsə, nədən sülh sənədinin imzalanmnasına əsas əngəli aradan qaldırmır, konstitusiyaya düzəlişi ləngidir, MQ-nin ləğvi ilə bağlı ATƏT-ə Azərbaycanla birgə rəsmi müraciət göndərmir? Hələ harasıdır, gələn il üçün özünə rekord həcmdə (1.7 milyard dollar) hərbi büdcə müəyyən edib. Quru sözlər deməyə, boşboğazlıq etməyə nə var ki...

Axı “iqzoy” Ermənistan, onun yoxsul əhalisi Azərbaycanın 150 milyard dollarlıq təzminatını necə ödəyəcək?

Tutaq ki, Beynəlxalq Məhkəmə yekun rəqəmi bir qədər azaltsın, illik büdcəsi cəmi 7.8 milyard dollar olan cırtdan ölkə bu borcu necə qaldıracaq? Əvəzində bizə ərazi verməklə, daha doğrusu, qaytarmaqlamı?

Təzminatdan qaçmaq, yayınmaq bütün hallarda mümkün olmayacaq. Keçmiş Dağlıq Qarabağı hələ də Ermənistan ərazisi sayan Müstəqillik Aktı, konstitusiya da kara gəlməyəcək. Yəni heç kimi inandıra bilməyəcəklər ki, Ermənistan təcavüzkarlıq etməyib. Bəs Qarabağı Azərbaycanın ayrılmaz hissəsi hesab edən, işğalçı qüvvələrin ərazimizdən çıxarılmasını tələb edən BMT TŞ-nin 4 məlum qətnaməsi?..

Əlahəzrət gerçək belədir ki, beynəlxalq birlik və onun heç bir üzvü indiyədək uydurma “artsax”ı nə müstəqil subyekt kimi, nə də Ermənistanın tərkib hissəsi kimi tanıyıb. Qısası, ortada bütün zamanlar və hakimiyyətlər üçün İrəvanın əleyhinə olacaq “daşdan keçən” sənəd-sübutlar var. Onlardan biri də 10 noyabr (2020) üçtərəfli kapitulyasiya sənədidir.

Nikol Paşinyan Ermənistan adına həmin sənədi imzalamaqla, orada konkret tarixlərədək Ağdam, Kəlbəcər və Laçın rayonlarını boşaltmaq öhdəliyi götürməklə torpaqlarımızı məhz Ermənistanın işğal etdiyini rəsmən təsdiqləyib. O halda, təzminat davasına da hazır olsunlar.

Sözü ona gətiririk ki, nə qədər gec deyil, olan-qalan ağlınızı başınıza yığıb da, Bakının təkliflərini nəinki qəbul edin, üstəlik, bizə təşəkkür edin ki, sizin tək nanəcib və xain tayfadan fərqli olaraq, kəmfürsət xalq deyilik. Rəhimliyik. Böyük xalqların bir xüsusiyyəti də bu. Yoxsa vaxtilə Qarabağdakı ermənilərə ən yüksək muxtariyyət vədini rədd edib indi mədəni muxtariyyət üçün yalvardığınız kimi, Bakının qarşılıqlı iddialardan imtina təklifi üçün də günün birində yalvarmalı olarsınız...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR