İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan 2025-ə niyə “ilan kimi” başladı?

STM-in icraçı direktoru: “Azərbaycan Ermənistanın heç bir təxribatını cavabsız qoymayıb və qoymayacaq da...”; deputat: “Bizə güllə atan, yaxud da atdıran onlardır”

Ermənistan 2025-ci il ilan ilinə yenə də təhlükəli oyunlar oynamaqla başladı.  Yeni ilin ilk həftəsindən düşmən təxribatları bir-birinin ardınca sıralanmaqdadır.

Müdafiə Nazirliyinin məlumatında qeyd olunub ki, yanvarın 5-i Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Yanvarın 6-sı Laçın rayonunun Zabux yaşayış məntəqəsi yenidən atəşə tutub. Hər iki halda itki olmasa da, olduqca ciddi və qəbulolunmaz təxribatdan söhbət gedir. Həm də ona görə ki, bölgədə yenidən tikilmiş yaşayış məntəqələrində minlərlə dinc sakinimiz yaşayır.

2024-cü ili yada salsaq, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı irəliləyişlər olub. Bu görüşlərdə 12,7 km-lik yeni sərhəd xətti müəyyən edilib və Azərbaycanın Qazax rayonunun dörd kəndi üzrə məsələlər razılaşdırılıb. Mayın 3-də isə təxminən 12,7 km-lik sərhəd xətti müəyyən edilib və Qazax rayonunun dörd kəndi üzrə məsələlər razılaşdırılıb. 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb. 

2024-cü ildə də   ermənilər təxribatlar törədib. Məsələn, fevralın 12-də bu ölkənin silahlı qüvvələrinin hərbi təxribatı nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bir gün öncə törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. 

Yeni ildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin Laçın istiqamətində atəşkəsi pozması ermənilərin və havadarının 2025-dəki davranışlarının “anonsu” sayıla bilər. Beləliklə, rəsmi İrəvan yenidən odla oynamaqdadır. Atəşkəsin pozulması yeni eskalasiya tədarüküdür, yoxsa başqa məqsədlə həyata keçirilən təxribatdır? Ümumiyyətlə, ermənilər bu atəşkəsi pozmaqla nə demək istəyirlər və burada kənar qüvvələrin rolu varmı?

Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi

 Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında təxribatların arxasında xüsusi məqsədlərin dayandığını konkret arqumentlərlə əsaslandırdı: “Ötən əsrin əvvəllərindən üzü bəri bu regionda qarşıdurmanın qalmasında kimin maraqlı olduğu bəlli idi, ona görə də belə hallar baş verəndə "atan kazaklardır" deyirdik. Ancaq indi “kazaklar”ın başı digər məsələlərə qarışdığından regionda hayların yeni müşahidəçi-havadarları  peyda olub. Bax, atan, yaxud da atdıran onlardır". S.Alıyev xatırlatdı ki, fevralın 19-da həmin “binokl missiyası”nın vaxtı bitir: “Sərhəddə bu cür gərginliyin yaradılmasında məqsədlərdən biri məhz həmin "mülki missiya"ya yenə ehtiyac duyulduğu görüntüsü yaratmaqla onun mandatının uzadılması ola bilər. Digər tərəfdən, bu qəbildən olan insidentlər həmin “havadar”ların Ermənistanı militarlaşdırmalarına “haqq” qazandırır. Bizim mövqelərimizin atəşə tutulduğu gün Makronun Azərbaycana qarşı növbəti “atəşli” çıxışı elə bunun təsdiqi deyilmi?"

Sahib Məmmədov: “Azərbaycanda Əmək Məcəlləsi yenidən yazılmalıdır” -  12.06.2018, Sputnik Azərbaycan

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov təəssüflə qeyd etdi ki, Ermənistan 2020-ci ilin noyabr ayının 10-da imzaladığı üçtərəfli bəyanatın müddəalarını pozmaqda davam edir: “Paralel olaraq mütəmadi şəkildə şərti sərhəd xəttində silahlı provokasiyalar törədir və beləliklə sülh danışıqlarına ciddi əngəllər yaradır. Əslində Ermənistanın şərti sərhəd xətti boyunca Azərbaycan ərazilərinə atəş açması, silahlı provokasiyalarının məqsədləri bəllidir. Şərti sərhəd boyunca Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsinin uzağagedən məqsədlərindən biri də budur. Silahlı provokasiyalara Azərbaycanın cavablarını qeydə almaq və hesabatlar hazırlamaq. Əslində sərhəd xətlərinin delimitasiyası və demarkasiyası prosesinin uzanmasının da səbəblərindən biri də budur”. S.Məmmədovun sözlərinə görə, sürətlə silahlanma da onu göstərir ki, Ermənistan qlobal informasiya məkanında və beynəlxalq hüquq müstəvisində Azərbaycana qarşı apardığı müharibəni dayandırmaq istəmir: “Həmçinin bu müharibəni fürsət yarandıqda, odlu fazaya keçirmək üçün də ciddi səylə hazırlaşır”. Ekspert hesab edir ki, Azərbaycanın sərhəd postlarının, sərhədə yaxın yaşayış məntəqələrinin atəşə tutulmasının məqsədlərindən biri də ölkəmizi daha geniş provokasiyalara cəlb etməkdir: “Əvvəllər də dəfələrlə qeyd etdiyimiz kimi, Ermənistan yenicə qoşulduğu Beynəlxalq Cinayət Məhkəməsindən Azərbaycanın siyasi və hərbi rəhbərliyinə qarşı istifadə etməyi planlaşdırır və bununla bağlı rəsmi də olmasa, əlaltı ekspertlərinin və hakim partiya deputatlarının dilindən açıqlamalar da verir. Belə provokasiyalar törətməklə Ermənistan və onu himayə edən dövlətlər, əsasən da Fransa sülh danışıqları prosesini uzadırlar. Ermənistan bir tərəfdən sülh müqaviləsinin tezliklə imzalanmasıda maraqlı olduğunu nümayiş etdirir, digər tərəfdən isə qeyd etdiyimiz müstəvilərdə Azərbaycana qarşı müharibəni genişləndirir və revanş məqamı gözləyir.  Prezident İlham Əliyev Yeni il müraciətində də bu məsələyə diqqət yetirib. Prezident qeyd edir ki ”... Ona görə Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası, hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir... Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü mümkün olan sülhü poza bilər". 

Təəssüf ki, Ermənistan Yeni ilə sülh mesajları ilə deyil, silahlı provokasiya ilə başladı. Bu “anonsu” verməkə Ermənistan və onu istiqamətləndirən qüvvələr sülh proseslərində maraqlı olmadıqlarını, indiki status-kvonu saxlamaqla vaxt əldə etmək, paralel olaraq beynəlxalq informasiya məkanında və beynəlxalq hüquq müstəvisində Azərbaycana qarşı müharibəni davam etdirəcəklərinə dair niyyətlərini ortaya qoymuş oldular". 

STM-in icraçı direktoru əminliklə bildirdi ki, Azərbaycan Ermənistanın heç bir addımını cavabsız qoymayıb və qoymayacaq: “Bu baxımdan ölkəmiz yalnız Ermənistanın yeni müharibə planlarına qarşı deyil, həm də beynəlxalq müstəvidə bizə qarşı apardığı müharibəyə daha səfərbər olunmuş şəkildə hazırlaşmalıdır. Həmçinin ölkənin daxilinə yönələn informasiya müharibəsinə qarşı effektiv mübarizə üsullarından istifadə etməlidir”.

Sülh bəyanatlarının arxasından atəş açan Ermənistan - fərqi yoxdur, tətiyi kim çəkir, məsuliyyəti ölkə və hakimiyyət daşıyır - indi də təxribatları təkzib etməyə çalışır. İlanın başı əziləndə “ağlı başına” gəlir...

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR