Onlayn ictimai-siyasi qəzet
Bu ilin ilk 2 ayına qədər Türkiyəyə daha çox rus turistlər üz tuturdu.
Musavat.com “Halk TV”yə istinadla xəbər verir ki, hazırda durum dəyişib.
Belə ki, bu statusda rusları iranlı turistlər əvəzləyib. Bunu rəqəmlər təsdiqləyir.
Türkiyə bu ilin ilk iki ayında 4 milyon 341 min 606 turistə ev sahibliyi edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% artım deməkdir.
ƏN ÇOX ZİYARƏTÇİ İRANDANDIR
Statistikaya görə, Türkiyəyə ən çox turist İrandan (437 min 905 nəfər), Rusiyadan (433 min 654 nəfər) və Bolqarıstandan (345 min 301 nəfər) üz tutub. Digər yerləri isə Almaniya və Gürcüstan izləyir.
TURİSTLƏR İSTANBULA AXIN EDİR
Türkiyəyə gələn turistlərin ziyarət etdiyi şəhərlər arasında İstanbul birinci olub. İstanbulu Ədirnə, Antalya, Artvin və Ağrı izləyib.
Türkiyənin turizm sektorundakı canlanma özünü turizm gəlirlərində də göstərir.
2022-ci ildə 46 milyard 477 milyon 871 min dollar olan turizm gəliri 2023-cü ildə 54 milyard 315 milyon 542 min dollara çatıb.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, bu rəqəm 2023-cü ili turizmdə rekord ili edir.
2019-2023-cü illər arasında Türkiyəyə gələn ziyarətçi sayından əldə edilən turizm gəliri aşağıdakı kimidir:
İranlıların Türkiyəyə axınına münasibət bildirən “Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov Musavat.com-a açıqlamasında deyib ki, burada ilk səbəb İranla Türkiyənin sərhədyanı ölkə olmasıdır:
“İkinci səbəb isə vizanın tələb olunmamasıdır. İran vətəndaşları öz avtomobilləri ilə Türkiyə ərazisinə keçərək orada istirahət edə bilirlər. Nəzərə alsaq ki, bir çox ölkələrdə İrana embarqo var, siyasi vəziyyətlə əlaqədar olaraq İran vətəndaşları bir çox ölkələrə gedə bilmirlər, bu mənada Türkiyəyə getmək onlar üçün çox əlverişlidir. Türkiyədə əmlakı olan İran vətəndaşları da var. Onlar oturma izni də alıblar. Türkiyə bu sahədə çox liberal davranır. Nəticədə Türkiyə turizmdən gələn valyuta axınını gücləndirmiş olur. Digər səbəb Türkiyədə qiymətlərin bahalaşmasıdır. Bu, Rusiya bazarına öz təsirini göstərir. Təyyarə bileti, əlavə xərclər artır. Rusiya İranla müqayisədə Türkiyədən məsafə olaraq nisbətən daha uzaqda yerləşir. Həm də Rusiya bazarı üçün bir çox alternativlər yaranıb. Son dövrlər xüsusilə Cənub-Şərqi Asiya ölkələrində ruslar üçün daha cazibədar qiymətlər təklif olunur. İndoneziya, Malayziya, Hindistan və Çin də bura daxildir.
İranlıların Türkiyəyə axını pandemiyadan öncə də var idi. Sadəcə bir çox ölkələrin məhdudiyyət qoyduğu, İranın embarqoya məruz qaldığı dövrlərdə belə Türkiyə İrana qarşı çox açıq siyasət yürütdü. Quru sərhədlər bağlanmadı, xüsusi rejim olmadı, viza tələbi yox idi. Türkiyə İrana açıq qapı saxladığına görə iki ölkə arasında ticari əlaqələr daha da artdı. Digər ölkələrə o qədər də çıxa bilməyən İran vətəndaşları oturum icazəsi almaq üçün Türkiyədən xeyli sayda əmlak alıblar. Hansı ki, onlar həm Türkiyədə, həm də İranda yaşayırlar. Bu da bazara ciddi şəkildə təsir edir”.
Ekspert qeyd edib ki, hazırda İran üçün alternativlər elə də geniş deyil:
“Beləliklə, Türkiyəyə gedən iranlıların sayı azalmayacaq. Bir neçə il öncə təkcə Antalyaya 3 milyona yaxın iranlı gedirdi. İranın əhali sayını və çıxışların bir çox ölkələrə məhdud olduğunu nəzərə alsaq, Türkiyə İran üçün tam müasir, həm də müsəlman Avropa ölkəsi hesab olunur. Bir çox İran vətəndaşları öz istirahətlərini böyük məmnuniyyətlə Türkiyədə edirlər”.
Aytən Novruz
Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ