Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçi bu gün rəsmi səfərlə Moskvaya gəlib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, səfərin əsas məqsədi ABŞ və İsrailin son günlərdə İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı yaranmış gərginliyi Rusiya tərəfi ilə müzakirə etməkdir. Bu barədə İranın rəsmi IRNA agentliyi məlumat yayıb.
Əraqçinin Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşəcəyi və regional təhlükəsizlik, eləcə də Tehranın strateji maraqları baxımından Moskvanın dəstəyinə ümid etdiyi bildirilir.
Xatırladaq ki, son həftələr ərzində İranın müxtəlif bölgələrində – xüsusilə də hərbi və nüvə obyektləri yaxınlığında – bir neçə partlayış və hava hücumu qeydə alınıb. Tehran bu hücumların arxasında İsrail və ABŞ-ın dayandığını bildirir və cavab tədbirlərinin mümkünlüyü ilə hədələyir.
Ekspertlərə görə, İran-Rusiya əlaqələrinin dərinləşməsi və iki ölkənin Qərbə qarşı koordinasiyalı davranışı regionda yeni bir gərginliyin xəbərçisidir. Ehtimal olunur ki, Əraqçi bu səfər zamanı həm də İranın Şanxay Əməkdaşlıq Təşkilatındakı rolu, enerji əməkdaşlığı və müdafiə sənayesində birgə təşəbbüsləri müzakirə edəcək.
Afaq Mirayiq,
Musavat.com
23 Iyun 2025
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ