Onlayn ictimai-siyasi qəzet
Enerji məsələləri üzrə ekspert: “Bu ölkədə poeziya ta qədimdən güclü inkişaf edib...”
İran son aylarda öz ərazisində enerji habının yaradılması ideyasını aktiv şəkildə irəli sürməkdədir. Tehran dünyanın ən böyük qaz ehtiyatlarına malik 4 dövlətinin bu habda iştirakını planlaşdırır: Rusiya, Türkmənistan, İran və Qətər.
Habla bağlı təşəbbüs Türkmənistan qazının İran üzərindən Azərbaycana nəqlindən sonra yaranıb. 2022-ci ildə başlanan bu proses diqqəti İranla Rusiyanın da qaz svopundan yararlanması imkanına yönəldib. Nəticədə 2022-ci ilin noyabrında tərəflər Türkmənistan üzərindən svop əməliyyatının reallaşdırılması barədə müzakirələrə başlayıblar. İlkin olaraq illik 10 milyard kubmetr həcm üzərində müzakirələr aparılıb.
2023-cü ilin fevralında İran rəsmən Rusiya və Türkmənistana qaz svopu təklifi verib. Təklifdə Türkmənistan və Rusiyadan alınan qazın İranın cənub sərhədlərindəki ölkələrə, xüsusilə də Pakistana ötürülməsi nəzərdə tutulur. İran hazırda Pakistan sərhədinə qədər illik ötürmə gücü 36 milyard kubmetr hesablanan qaz kəmərinin çəkilişini həyata keçirir. Bu kəmər istismara veriləndən sonra qazın Hindistana da çatdırılması perspektivi yaranır.
Lakin bu svopu reallaşdırmaq üçün Rusiyaya qazın Qazaxıstan və Özbəkistan ərazisindən tranzit nəqlini təmin etmək lazımdır. Hansı ki, bu sahədə vəziyyət çox qeyri-müəyyən olaraq qalır. Qazaxıstan və Özbəkistandan Rusiyaya 1960-cı illərdə çəkilmiş qaz kəmərləri şəbəkəsi mövcuddur. İranın təklif etdiyi svopu reallaşdırmaq üçün bu şəbəkənin geri rejimə keçirilməsi tələb olunur. Ötən ilin dekabrında Rusiya hər iki ölkəyə enerji ittifaqı təklifi ilə çıxış edib və üstüörtülü də olsa rədd cavabı alıb. Xüsusilə Özbəkistanda Moskvanın təklifinin arxasında qaz nəqli şəbəkəsinin Rusiyaya verilməsi məqsədinin dayanması barədə müzakirələr başlayıb, hətta hökumət rəsmiləri bu ehtimala qarşı kəskin çıxışlar ediblər. 2023-cü ilin martında Özbəkistanla Rusiya qazının alışı, həmçinin müəyyən hissəsinin Çinə ötürülməsi ilə bağlı razılaşmalar əldə olunsa da, hələ də proses yerindən tərpənməyib.
İran Qətərlə Cənubi Pars adlandırdığı yatağa görə fikir ayrılıqlarını arxada qoyaraq bu ölkəni də haba cəlb etməyi hədəfləyir. Əslində burada məqsəd daha böyükdür: dünyada qaz ehtiyatlarına görə ilk dördlükdə olan ölkələri bir araya gətirib bir növ qaz OPEK-i formalaşdırmaq. Bu dörd ölkə dünya üzrə qaz ehtiyatlarının 57,5 faizinə sahibdir. Onların bir layihədə birləşməsi dünya qaz bazarına çox ciddi təsir rıçağının formalaşması demək olar.
Tehranın bu ideyası reallaşa bilərmi? Rusiyanın haba qoşulması imkanları barədə yuxarıda qeyd etdik. Bura onu da əlavə edək ki, Rusiya Qərbin hərtərəfli sanksiyalarına görə qaz ixracı bazarlarının yarıya qədərindən məhrum olub. Yaxın 1-2 ildən sonra Avropada Rusiya qazından tam imtinaya nail olunacaq.
Digər iştirakçılardan Qətər üzünü şərqə deyil, daha çox Qərbə yönəldib. Ölkə maye qaz ixracatında dünya lideridir və əsas alıcıları Asiyanın, Avropanın inkişaf etmiş ölkələridir. Ukraynada işğalçı müharibədə Rusiyaya hərbi dəstək verən İranla əməkdaşlığı genişləndirmək Qətər üçün ciddi problemlər yarada bilər. Çin və Hindistanı çıxmaq şərtilə bu ölkələrin böyük əksəriyyəti İrana qarşı tətbiq olunan sanksiyalara qoşulub. Çin və Hindistan belə sanksiyaların üzərindən keçib İrana qaz hasilatı və emalının artırılması üçün zəruri olan avadanlıqları verə bilmirlər. Bu şəraitdə Qətərin İrana qaz sferasında dəstək verəcəyi real deyil.
Türkmənistana gəlincə, Aşqabad artan qaz hasilatı fonunda ixrac bazarlarını genişləndirməkdə maraqlıdır. Lakin bu prosesin Rusiyanın iştirakı ilə reallaşması heç də arzuolunan deyil. Ən azı ona görə ki, hər iki ölkənin qaz ixracında hədəf bazar Çindir. Onlardan birinin bu ölkəyə ixracının artması digərindən azalmaya gətirib çıxaracaq. Bu baxımdan, Aşqabadın İran və Rusiya qazının Çinə, Pakistana çatdırılmasında vasitəçilikdə xüsusi marağının olduğunu söyləmək mümkün deyil. Türkmənistan özü də İrana qaz ixracını bərpa edir. Bu il avqustun 8-də İranın neft nazirinin müavini Məcid Çeqani elan edib ki, Türkmənistanda gündəlik 10 milyon kubmetr qaz nəqlinə başlayıblar. Çeqaninin sözlərinə görə, İran qaza görə Türkmənistana yaranmış borcunu tam qarşılayıb. Tərəflər qaz svopunun gündəlik həcminin 4,5 milyon kubmetrdən 8 milyona qaldırmaq barədə də razılığa gəliblər.
Ötən ilin iyulunda “Qazprom” İran Milli Neft Korporasiyası(NİOC) ilə strateji əməkdaşığa dair 40 milyard dollarlıq müqavilə imzalayıb. Sənəd İranın qaz yataqlarının birgə işlənməsi, birgə LNG layihələrinin icrasını, Rusiyanın İrandan Pakistan və Omana qaz kəmərlərinin çəkilişinə dəstək verməsini, həmçinin Rusiya qazının Azərbaycan üzərindən İrana nəqlinin təmin olunmasını nəzərdə tuturdu.
2022-ci ilin sentyabrında Fars agentliyi ölkənin Neft Nazirliyinə istinadən tezliklə İranın Azərbaycan üzərindən gündə 15 milyon kubmetr qaz alacağına dair məlumat yaydı. Bunun 9 milyon kubmetri ölkənin daxili ehtiyaclarına sərf olunacaq, 6 milyon kubmetr isə svop xarakterli olacaqdı. Bu həcmi İran maye qaz formasında Fars körfəzindən “Qazprom”un müştərilərinə göndərəcəkdi. Lakin bu razılaşmanın reallaşması hələ də mümkün olmayıb.
Buna baxmayaraq, İran tərəfi Rusiya ilə qaz habı yaratmaq ideyasından geri çəkilmək niyyətində deyil. May ayında Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Moskva və Tehran İranın cənubunda qaz habının yaradılması məsələsini müzakirə edirlər. Lakin o, hab üçün real qaz mənbələrinin olmasının gərəkdiyini bildirib.
İyulun 5-də OPEK+ nazirlərinin Vyanadakı görüşü zamanı İranın neft naziri Cavad Ouci bildirib ki, İran Rusiya, Qatar və Türkmənistanla birlikdə ölkənin Buşer əyalətində - Fars körfəzi sahillərindəki Assaluy rayonunda qaz habı yaratmağı planlaşdırır.
Aleksandr Novak isə bildirib ki, Moskva və Tehran İranın cənubunda qaz habı deyil, elektron qaz ticarəti platforması yaratmaq imkanlarını müzakirə edirlər. Onun sözlərinə görə, ideyanın reallaşması üçün qaz mənbələri tapmaq lazımdır və belə mənbələrdən biri olaraq Rusiya şirkətlərinin iştirakı ilə İranda hasil edilən qaz çıxış edə bilər.
Bu həftə isə Məcid Çeqani İran və Rusiyanın enerji habının yaradılması məsələsində bir sıra razılaşmalar əldə etdiklərini deyib. Onun sözlərinə görə, məsələ üzrə danışıqlar davam etdirilir: “Rusiya təklif edir ki, İranla Rusiya arasında enerji habı yaradılsın. Bu təkliflə bağlı razılaşmalar əldə olunub, danışıqlar davam edir”.
Çeqani onu da bildirib ki, qaz ticarəti ilə bağlı İran Oman, Rusiya və Pakistanla danışıqlar aparıb. Eyni zamanda “Avropa ölkələrinin də İran qazı almaq üçün müraciət etdiklərini” vurğulayıb.
Onu da qeyd edək ki, ötən ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Türkiyədə qaz habının yaradılması təklif ilə çıxış edib. Türkiyə tərəfi bu təklifi müsbət qarşılayaraq, icrası üçün real addımlar atmağa başlayıb. Lakin son aylarda Rusiya Türkiyə münasibətlərində qeydə alınan soyuqlaşma, Rusiyanın Taxıl sazişindən çıxması və digər hadisələr qaz habı ilə bağlı işləri arxa plana keçirib. İyulda Afrika dövlət nümayəndələri ilə Peterburqda görüşən Putin Türkiyədə elektron qaz satışı platformasının yaradılmasını təklif etdiyini deyərək, öz təklifindən geri çəkildiyini nümayiş etdirib.
Bu şəraitdə İranın son aylarda qaz habı təşəbbüslərini aktivləşdirməsi diqqəti cəlb edir. Tehran qaz habı məsələsində Türkiyəyə rəqib olmaq istəyir? Onun ərazisində yaradılan habdan məhsulu kim alacaq: Avropa ölkələri həqiqətənmi İrandan qaz istəyirlər?
Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, İranla Rusiya arasında neft-qaz sahəsində əməkdaşlığa dair ilk müqavilə 2001-ci ildə imzalanıb, amma hələ də reallaşmayıb: “İran dünyadan təcrid olunmuş vəziyyətdədir, ondan nəsə alan ödəniş yolunu tapmayacaq. Bu şəraitdə İranın habla bağlı təşəbbüsləri poetik təsir bağışlayır. Bilirsiniz də, İranda poeziya ta qədimdən yüksək inkişaf edib. Ürəklərində abstrakt nə varsa, açıq deyirlər”...
Ekspertin sözlərinə görə, dünyada ikinci böyük qaz ehtiyatına malik İranın qaz ixracı Azərbaycanın ixracının yarısı qədərdir: “Son 3 ilədək İranın illik qaz ixracı 8 milyard kubmetrə güclə çatırdı. İndi İraqa, az miqdarda Suriyaya qaz satır. Rusiyanın İrana nə qədər qaz ötürmək gücündədir, infrastruktur varmı? Azərbaycana Mozdok-Hacıqabul kəməri ilə maksimum 5 milyard kubmetr qaz nəql oluna bilər. Lakin Hacıqabul-Astara kəmərinin ötürücülük gücü 2 milyard kubmetrdən yüksək deyil. Asiyadan - Türkmənistana qaz ötürmək imkanı 40 milyard kubmetrdir. Amma Türkmənistandan İrana iki kəmərlə 20 milyard kubmetr ötürmək mümkündür. Üstəlik, Rusiyadan Türkmənistana qaz ötürən şəbəkə çox köhnəlib. Onu gücünün yarısına belə çatdırmaq çətin məsələdir. Hətta İran qazı alsa belə, onu hara, kimə satacaq? Ölkənin aldığı qazı maye qaza çevirmək potensialı belə yoxdur”.
İ.Şabanın fikrincə, Rusiya və İranın qaz habı müzakirələri sanksiyalar altında olan ölkələrin görüntü xarakterli addımlarıdır: “Bu müzakirələr özlərinə təskinlik vermək xarakteri daşıyır: baxın, sanksiya altında olsaq da, böyük layihələr üzərində işləyirik. Lakin özləri də yaxşı bilirlər ki, təşəbbüsləri elə layihə olaraq qalacaq”.
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ