İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın neft satdığı ölkələr - nazir sirri niyə açdı....

Cənub qonşumuzun neft ixracı sürətlə artır, Bayden administrasiyası sanksiyaların işləməsində maraqlı deyil

Uzun illərdir embarqolar tətbiq edilən İranın 17 ölkəyə, hətta Avropa ölkələrinə neft satdığı bəlli olub. Bunu İranın neft naziri Cavad Ouci etiraf edib: “Xarici media İranın Avropaya neft ixrac etdiyini yazır. Bəli! Üstəlik, İran dünyanın 17 ölkəsinə neft ixrac edir”.

Onun sözlərinə görə, İslam Respublikası iqtisadi müharibə vəziyyətindədir və statistikanı açıqlamayacaq. Eyni zamanda nazir qeyd edib ki, son illər neft hasilatına böyük investisiyalar qoyulub: “İran 2021-ci ilin avqustunda hakimiyyətə gələn mərhum prezident Rəisinin hakimiyyətinin əvvəlində gündə 2,2 milyon barel neft hasil edirdi, lakin hazırkı neft hasilatı sutkada 3,570 milyon barelə çatdı ki, bu da əhəmiyyətli artımı göstərir”.

İndiki məqamda - İranda prezident seçkisi ərəfəsində iranlı nazirin belə bir etirafda bulanmasının səbəbi və nəticələri nə ola bilər?

Qeyd edək ki, may ayında İranda İqtisadi Şuranın Prezident səlahiyyətlərini icra edən Məhəmməd Müxbirin sədrliyi ilə keçirilən ikinci iclasında xam neft hasilatının artırılması planı İran Milli Neft Şirkəti tərəfindən təsdiq edilib. İRNA Agentliyinin yaydığı məlumata əsasən, Prezident Aparatının rəhbəri, neft, daxili işlər, iqtisadiyyat, əməkdaşlıq, iş və sosial rifah, kənd təsərrüfatı cihadı, energetika, sənaye, mədən və ticarət nazirlərinin də iştirak etdiyi iclasda İran Milli Neft Şirkətinin xam neft hasilatının artırılması layihəsi, həmçinin neft məhsullarının istehlakının azaldılması layihəsi nəzərdən keçirilib, barəsində qərar verilib və təsdiq edilib. Bu layihəyə əsasən, ölkənin xam neft hasilatını artırmaq planı çərçivəsində neft hasilatı gündəlik 3,6 milyon bareldən 4 milyon barrelə yüksələcək. Bu planın həyata keçirilməsi ilə ölkədə xam neft hasilatının həcmi sutkada 400 min barel artacaq.

İranın neft hasilatını artıracağına dair məlumatları Tehran rəsmiləri hələ ötən ildən açıqlamışdılar. Onlar bildirirdilər ki, neft və qaz hasilatını artırmaq üçün 1402-ci ilin sonuna (19 mart 2024-cü il - red.) İranda dəyəri 15 milyard dollar olan 67 mühüm layihə həyata keçiriləcək.

Hasilatla yanaşı, İran ixracı da artırır. Baxmayaraq ki, ABŞ-da son 2 ildə dəfələrlə Ukraynadakı işğalçı müharibədə Rusiyaya verdiyi hərbi dəstəyə görə Tehranın neft ixracına qarşı sanksiyaların sərtləşdiriləcəyi xəbərdarlıqları səsləndirilib, bu ilin martına qədər bu istiqamətdə real addımlar atılmayıb. Ümumiyyətlə, Donald Trampın prezidentliyi dövründə minimuma düşən İranın neft ixracı Bayden hakimiyyətə gəldikdən sonra sürətlə artıb. 2020-ci il pandemiyasından sonra dünya bazarında neft qiymətlərinin kəskin artımı bütün inkişaf etmiş ölkələri sürətli inflyasiya ilə üz-üzə qoydu. O zaman Bayden hakimiyyəti açıq elan olunmasa da, İranın gizli neft ixracına qarşı mübarizəni zəiflətməklə qiymətlərin düşməsini dəstəkləmək siyasəti yürütməyə başladı. İran bu fürsətdən istifadə edərək ixracı sürətlə artırdı.

Bu ilin mart ayında İran İsrailə yüzlərlə dron və ballistik raket atdıqdan sonra Vaşinqtonda Tehranın hərbi sənayesini maliyyədən məhrum etmək qərarına gəldilər. Məhz həmin zərbələrdən sonra ABŞ İran neftinin daşınmasında şübhəli bilinən fərdi tankerləri izləməyə başladı və apreldə 13 tankerə sanksiyalar tətbiq etdi. Lakin hələlik atılan addımlar ixraca az təsir göstərir.

2023-cü ildə İran neftini nəql etmək üçün istifadə olunan gəmilərin sayı təxminən 20 faiz artaraq 253-ə, 2 milyon barelə qədər daşıya bilən supertankerlərin sayı isə 2021-ci ildən bu yana iki dəfə artıb.

İranın neft naziri Cavad Ouci 2024-cü ilin martında bildirib ki, 2023-cü ildə neft ixracı ölkə iqtisadiyyatına 35 milyard dollardan çox gəlir gətirib. O, həmçinin qeyd edib ki, İran sanksiyalara baxmayaraq, minimum endirimlə istədiyi yerə neft ixrac edə bilər.

 “Financial Times”ın (FT) aprel ayında istinad etdiyi “Vortexa” analitik şirkətinin məlumatına görə, İran neftinin ixracı son altı ilin ən yüksək səviyyəsinə çatıb. FT yazır ki, 2024-cü ilin ilk üç ayında İran xaricə orta hesabla gündə 1,56 milyon barel neft tədarük edib ki, bu da 2018-ci ildən bəri ən yüksək göstəricidir. İxracın demək olar ki, bütün həcminin Çinə getdiyi dəqiqləşdirilir.

Kpler-ə görə (dünyada tankerlərin daşınmasını izləyən şirkət) 2024-cü ildə İranın tədarük etdiyi həcmlərin demək olar ki, hamısı Çinə gedib.

İran Çinin ümumi neft idxalının təxminən 10 faizini təmin edir. İranın dövlət xəbər agentliyi "Tasnim" 2024-cü il aprelin 17-də ölkənin neftçilərinin sanksiyalardan yan keçməyin yollarını tapdığını və ümumiyyətlə, Qərbin təzyiqindən qorunduğunu bildirib. Agentlik bunu onların əsas müştərisinin Çin olması ilə əsaslandırıb.

Məsələ burasındadır ki, iranlılar boşluqlar tapmaqda çox bacarıqlıdırlar: onlar indi AIS gəmi identifikasiya sistemini aldatmağı öyrəniblər. Onlar başqa yerdə olduqları halda digər bir yerdə görünürlər və bu, onların fəaliyyətlərini izləməyi çətinləşdirir.

Çindən gələn tələb və kölgə donanmasının güclənməsi İranda neft ixracını artırmaq üçün ciddi stimuldur. May ayında ABŞ sanksiyalarının tətbiqindən sonra ixrac maksimuma - gündə 1,65 milyon barelə çatıb. Belə ki, bu ilin ikinci rübündə İranın neft ixracı illik ifadədə 30 faiz, neftin qiyməti isə cəmi 7 faiz artıb. Eyni zamanda neft gəlirlərinin illik artımı 34,8 faiz təşkil edib. Martın 21-də başlayan cari İran maliyyə ilinin ilk 3 ayı İranın neft, qaz kondensatı və mazut ixracının həcmini, eləcə də beynəlxalq neft bazarlarında qiymətlərin yüksəlməsini nəzərə alaraq, ölkənin gəlirlərinin 14,5 milyard dolları ötəcəyi gözlənilirdi.

Maraqlıdır ki, son illərdə Avropa şirkətlərinin gizli şəkildə İran nefti daşıdığına dair xeyli fakt aşkarlanıb. Məsələn, 2022-ci ildə Yunan gəmiçilik şirkəti "Empire Navigation" ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğunu və qeyri-qanuni neft daşıdığını etiraf edib. Daha sonra ABŞ səlahiyyətliləri ona məxsus tankerdən təxminən 1 milyon barel İran nefti müsadirə edib.

2024-cü ilin fevralında məlum oldu ki, İran rəsmiləri ABŞ sanksiyalarından yan keçmək üçün uzun müddət Britaniyanın Lloyds və Santander UK banklarında gizli şirkətlərinə hesablar açıblar. Lloyds və İspaniyanın Santander bankının Böyük Britaniya törəməsi, Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş, lakin əslində İranın dövlət Neft-Kimya Ticarət Şirkətinə (PCC) məxsus olan gizli şirkətlərə hesablar verib.

ABŞ Xəzinədarlığı rəsmiləri may ayında Sinqapur və Malayziyadakı maliyyə institutları və neft şirkətlərinin rəhbərləri ilə danışıqlar apararaq, onları İran neftinin ixracını asanlaşdırmağı dayandırmağa çağırıblar.  Bu barədə "Bloomberg"ə ABŞ Maliyyə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi məlumat verib. Nümayəndənin sözlərinə görə, İran nefti Sinqapur və Malayziyanın vasitəsilə əsasən Çinə ötürülür.

"Kpler" analitik şirkətinin məlumatına görə, 2023-cü ilin əvvəlindən Çin İrandan gündə orta hesabla 1,2 milyon barel neft idxal edib. Eyni zamanda "Bloomberg"in məlumatına görə, İrandan gələn neft 2022-ci ilin ortalarından bəri Çin gömrük orqanlarının rəsmi hesabatlarında görünmür. İran nefti Çinə digər ölkələrin, o cümlədən Malayziya məhsulları adı altında gəlir. Agentlik qeyd edir ki, xammal Malayziyanın ərazi sularında bir tankerdən digərinə ötürülür və bu, ABŞ-ın İranın neft sektoruna qarşı sanksiyalarının sərtləşdirilməsi prosesini çətinləşdirir.

Agentliyin hesablamalarına görə, Sinqapur və Malayziya şirkətlərinə İrandan neft alqı-satqısı üçün əvvəllər tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, enerjidaşıyıcısının satışında nəzərəçarpacaq azalma tendensiyası müşahidə edilmir.

İrandan neft alan ölkələrin siyahısına baxsaq, orada Türkiyəni də görmək olar. Türkiyə ABŞ-ın Tehrana qarşı sanksiyalarına görə 2020-ci ildə İran neftinin alışını sıfıra endirmişdi. Lakin 4 il sonra, bu ilin martında İrandan neft idxalını bərpa edib. Bunu Avropa İttifaqının "Eurostat" statistika agentliyinin məlumatları sübut edir. İranın İRNA xəbər agentliyinin bazar günü verdiyi hesabatda Türkiyənin mart ayında İrandan 576 metrik ton, apreldə isə 485 ton neft idxal etdiyini göstərib. Rəqəmlər daha çox ölkənin ABŞ-ın İrana qarşı sanksiyalarına əməl etməyi dayandırdığını göstərir. Belə ki, "Eurostat"ın məlumatlarına əsasən, Bolqarıstan və Polşa bu il İrandan neft idxal edən iki Aİ üzvüdür. Bolqarıstan martın sonunda İrandan neft idxalını illik müqayisədə 113 faiz artıraraq 314 min tona çatdırıb. Son 2 ildə ilk dəfə bildirilən Polşanın İrandan neft idxalının həcmi 19 ton təşkil edib və mart ayında həyata keçirilib. Aİ-yə namizəd ölkə olan Gürcüstan martda İrandan 544 min ton neft idxal edib.

Xatırladaq ki, 2024-cü il aprelin 5-də ABŞ-ın İrana qarşı sanksiyalar siyahısını genişləndirərək Oceanlink gəmiçilik şirkəti və 13 əlaqəli neft tankerini də ora daxil etdiyi məlum olub. Ardınca Avropa İttifaqı İranın neft ixracına qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Aprelin 24-də ABŞ prezidenti Co Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərmək üçün Konqresin təsdiqlədiyi qanunlar paketini imzalayıb. Paket həmçinin ABŞ-ın məhdudiyyətlərini pozaraq İrandan xammal daşıyan gəmilərə, limanlara və neft emalı zavodlarına məhdudiyyətlər də daxil olmaqla, İranın neft sektoruna qarşı yeni sanksiyaları da əhatə edir. Qanunlar paketinə həmçinin Çin maliyyə institutları ilə sanskiya tətbiq olunmuş İran bankları arasında neft və neft məhsullarının ticarəti ilə bağlı bütün əməliyyatlarla bağlı ikinci dərəcəli sanksiyaların genişləndirilməsi də daxildir.

Ondan bəri ABŞ çoxsaylı tanker və şirkətləri İran neftinin daşınmasına görə sanksiya siyahısına salsa da, prosesin qarşısının alındığını söyləmək mümkün deyil. Əksər analitiklərə görə, prezident seçkiləri öncəsi neft qiymətlərinin artmasını istəməyən Bayden hakimiyyəti İranın neft ixracına qarşı sanksiyaların işləməsində maraqlı deyil...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR