Onlayn ictimai-siyasi qəzet
İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli azad edilib və Azərbaycana qaytarılıb. O, tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
Yada salaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli 2023-cü il fevralın 20-də İrana səfərə gedib. Martın 4-dən etibarən onunla əlaqə kəsilib. Sonradan onun həbs olunması barədə məlumatlar yayılıb.
Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb.
Musavat.com xəbər verir ki, Facebook səhifələrində müəyyən xarici dairələr tərəfindən idarə olunan trol ordusunun anidən kütləvi paylaşımları ilə aktivləşməsi əksər sosial şəbəkə istifadəçilərinin və media qurumlarının diqqətindən qaçmayıb.
Belə ki, Fərid Səfərlinin Vətənə qaytarıldığı barədə DTX və XİN-in birgə məlumatından sonra mənbəyi bilinməyən və hər biri yeni yaradılmış çoxsaylı saxta profillər qeyd olunan xəbərin paylaşıldığı Facebook səhifələrini “eyni sözlər”dən ibarət şərhlərlə doldurmağa başlayıblar.
Şərhlərdə əsasən “Fərid Səfərlinin casusluq etməsinə baxmayaraq, saxlanıldığı ölkədə ona xoş münasibət göstərildiyi, bununla belə, layiq olmadığı halda Azərbaycana qaytarıldığı” bildirilib.
Qohumlarından əldə olunan məlumata əsasən, Fərid Səfərli əvəzsiz qaydada deyil, ölkəmizdə həbsdə olan İran casusu ilə dəyişdirilməklə və Azərbaycanın öz vətəndaşına verdiyi yüksək dəyərdən irəli gələrək qaytarılıb. Azərbaycan dövlət orqanlarının rəsmi məlumatında deyildiyi kimi, qarşılıqlı prosedur çərçivəsində.
Odur ki, sosial şəbəkələrin Azərbaycan seqmentinə saysız trolları ilə ideoloji müdaxiləyə cəhd edən kəmfürsət yarımçıq texnoloqlar belə şərhləri ilə Azərbaycan xalqının gözündə nə qədər gülünc göründüklərini bilsələr, yaxşıdır.
Dilarə Əsgərova
Yeri gəlmişkən, Fərid Səfərlinin anası Dilarə Əsgərova bizimlə söhbətdə oğlunun başına gətirilən işgəncələrdən danışıb: “685 gündən sonra nəhayət Fərid Azərbaycana təhvil verildi. Əlbəttə, mən istəyərdim daha tez olsun, amma açığını desəm Fəridin SEPAH adlanan terrorist təşkilatı və ya İran rejiminin "məhkəmələri" haqqında dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmiş. Biz onun 1 aya azad olunacağı ümidləri ilə yaşayarkən, Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona “sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi”, deyib. ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir. Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm. Həm DTX əməkdaşlarının Fəridlə danışığına, həm də Tehran səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub, buna görə də cənab Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm".
Ana onu da əlavə edib ki, oğlu həbsdən çıxması elan olunandan sonrakı iki gündə daha şiddətli işgəncələrə məruz qoyulub: “Fəridin başına gələnlər haqqında danışılsa, bir kitab yazmaq olar. Ona heç bir aidiyyəti olmayan mövzularla uşağı saatlarca dindirməklə mənəvi cəhətdən məhv ediblər. Misal üçün, yapışıblar yaxasından ki, "niyə Azərbaycan dövləti İsraillə dostluq münasibətləri saxlayır" və sair ilaxır. Düşünün ki, Avropada təhsil almış bir gənci başı əmmaməli molla ittiham edir. Deyir bütün bu işləri görən adamlar, hələ azanın vaxtı gələndə tez prosesi dayandırıb, qaçırdılar ibadət etməyə və bu riyakarlıq oranı daha da dözülməz edirdi. İnsana ən çox təsir edən də, bu vəhşilər uşağa əziyyət ediblər ki, sən casussan və öz tapşırığını yerinə yetirmək üçün bizim bir qızımızdan istifadə etmisən, halbuki bu uşaq ora sadəcə pak, həqiqi hisslərlə getmişdi. Əslində isə istər SEPAH-ın terroristləri, istərsə də rejimin mollaları özləri xanımlardan bütün məqsədləri üçün sui-istifadə edirlər.
SEPAH-ın istintaqı gedərkən ilk 51 gün (ilk 3 gün 2 kv.m-lik kiçik bir hücrədə) kiçik bir otaqda tək-tənha asılmaq təhlükəsi ilə yaşamaq, ailəsini bir də görə bilməyəcəyini düşünmək, hər gün vətəninə yagdırılan təhdidləri eşitmək nə qədər dəhşətlidir...
Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Ürəyi arzularla dolu bir gənci, həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik və ümidvaram ki, TƏBİB də bu məsələdə əlindən gələn köməyi bizə göstərəcək".
Fazil Mustafa
“Yeni Müsavat”a danışan deputat Fazil Mustafa deyib ki, gənc bir Azərbaycan vətəndaşının qanunsuz olaraq İranda saxlanılması hər kəsi narahat edirdi: “Təbii ki, İran hüquqa uyğun fəaliyyət göstərən anlayışın daşıyıcısı olmadığına görə bu dövlətdə qanunsuz şəkildə istənilən addımı atmaq mümkündür. Təbii ki, Azərbaycan Prezidentinin iradəsi burada öz sözünü dedi. Dəfələrlə bu məsələ üzərində qeyri-rəsmi, ya rəsmi münasibətlər vasitəsilə bunu daim gündəmdə saxlamaqla İran hakimiyyətinin də burada müəyyən addım atmasını təmin edə bildi. Təbii ki, ona verilən zülm, işgəncələr varsa, bu, sənədləşdirilməlidir və beynəlxalq təşkilatlara çatdırılmalıdır. Çünki İranda yüz minlərlə insana bu cür işgəncələrin verilməsi haqqında beynəlxalq ictimaiyyətdə faktlar var. Bütövlükdə İran tərəfinin də belə bir addım atmasını təqdir etmək lazımdır. Çünki hansısa bir məqamda anlayırlar ki, qonşuluq münasibətlərində bu cür davranışlar münasibətlərin pozulmasına rəvac verə bilir”.
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Həbs edildikdən sonra onunla bağlı məlumat nə ailəsinə, nə də Azərbaycanın konsulluğuna verilməmişdi. Lakin həbsinin təsdiqlənməsindən sonra Azərbaycan hökumətinin qətiyyətli mövqeyi və apardığı danışıqlar nəticəsində bir addım geri çəkilən Fəridi casusluq ittihamı ilə deyil, casusluq etmək niyyəti ilə daha yüngül bir maddə əsasında ittiham etməyə başladı. Onu tam sərbəst buraxmaq İran hüquq rejiminin iç üzünü açardı ki, sadəcə, günahsız insanı aylarla həbsdə saxlayıb sonra azad edir. Buna görə də casusluq etmək niyyəti ilə ittiham elan edilməsi və onun haqqında iki il azadlıqdan məhrumetmə cəzası verilməsi də Azərbaycan tərəfinin bu məsələdə qətiyyətli mövqeyi ilə həllini tapmış oldu. Çünki onun barəsində ən ağır cəza - casusluq ittihamı ilə 10 il, 15 il və daha digər ağır cəza qərarları verilə bilərdi. Dövlətimizin dirənişi və təzyiqi İranı geri çəkilməyə məcbur etdi. İndi isə Fəridin azad olunması, hətta nisbətən vaxtından əvvəl azadlığa buraxılması Azərbaycan dövlətinin güclü mövqeyini əks etdirir. Başda cənab Prezident olmaqla, həm Dövlət Təhlükəsizliyi Xidmətinə, həm Xarici İşlər Nazirliyimizə, eləcə də bu məsələni nəzarətdə saxlayan digər hüquq-mühafizə orqanlarının hamısına təşəkkür edirəm. Bu məsələdə Fərid qədər əziyyət çəkən onun anasına da gözaydınlığı verirəm”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ