Onlayn ictimai-siyasi qəzet
İran silahlı qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri bu gündən etibarən ölkənin bütün hərbi birliklərində ümummilli hərbi təlimlərə başlanmasına göstəriş verib.
Musavat.com xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.
Bildirilir ki, təlimlərin məqsədi İran silahlı qüvvələrinin müdafiə qabiliyyətini, əməliyyat hazırlığını və çəkindirmə potensialını artırmaqdır.
Agentliyin xəbərinə görə, builki müntəzəm manevrlər cədvəli dəyişdirilib, təlimlər İrana artan regional təhdidlərə və düşmənlərinin hərəkətlərinə cavab verməyə kömək etmək məqsədi daşıyır.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani isə bildirib ki, nüvə danışıqları artıq İranın hərbi güclənməsi üçün maneə deyil:
"Bilin ki, danışıqlar artıq ölkə üçün çəkindirici deyil. Müdafiə sektorunda "Doğru vəd 2" əməliyyatından sonra son 5-6 ayda əldə olunan nailiyyətlər o qədər təsir edicidir ki, hər kəsi təəccübləndirir".
İran tərəfi 2024-cü il oktyabrın 1-i axşam İsrailə raket zərbəsini "Doğru vəd 2" adlandırır.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general-mayor Hüseyn Səlami bildirib ki, İran bu dəfə İsrailin istənilən hücumuna 2024-cü ilin aprel və oktyabr aylarında İsrailə endirdiyi zərbələrdən daha güclü cavab verəcək.
Adını açıqlamayan yüksək səviyyəli İran təhlükəsizlik rəsmisi Press TV-yə deyib ki, İran "ən yüksək döyüş hazırlığı səviyyəsindədir" və ABŞ və ya İsrail hücum etməyə cəhd edərsə, "qəfildən yaxalanacaqlar".
O qeyd edib ki, ABŞ-ın Yaxın Şərqdə bir sıra ölkələrdən personalı çıxarması İranın İsraildən hər hansı zərbəyə cavab olaraq bölgədəki ABŞ bazalarını vuracağına dair xəbərdarlığı ilə bağlıdır. Onun sözlərinə görə, ABŞ-ın "döyüş meydanında praktiki təşəbbüsü" yoxdur və Vaşinqton psixoloji müharibə metodlarına arxalanır.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ