İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın bölünməsi ssenarisi: düyməyə basılıb!

"Amerika İsrail üzərindən İrana hücuma hazırlaşır, İran bölünür; Türkiyə-Azərbaycan orduları...; ABŞ-ı Tehrana qarşı müharibəyə təhrik edən İsrail Azərbaycanı da onunla eyni səngərdə yer almağa çağırır..."

İranın daxilində və beynəlxalq aləmdə Tehranla bağlı mürəkkəb proseslər getməkdədir. “Yeni Müsavat” yazır ki, cənub qonşuda inqilab baş verəcəyini söyləyənlər də var, ölkənin parçalanacağını, xaos yaranacağını bildirənlər də. Hətta Cənubi Azərbaycan ideyasının gerçəkləşəcəyinə, ən azı bu yöndə ilkin prosesin əsasının qoyulacağına dair proqnozlar da verilir.

Habelə, ABŞ-ın Kürdüstan projesi üzrə İrandan torpaq, ərazi qoparılacağı haqda da danışılır. Belə bir situasiyada artıq o iddialar da yer alır ki, yaxın günlərdə ABŞ İsraillə birlikdə, yaxud İsrail üzərindən İrana hücum edə bilər. Lakin bu tezliklə ola bilərmi? Səslənən proqnozlar nə dərəcədə əsaslıdır?

Eyni zamanda siyasi dəhlizlərdə belə bir iddia dolaşır ki, yaxın zamanlarda başlayacaq İran əməliyyatları zamanı qonşu dövlətdə yaşayan Azərbaycan türklərini qorumaq, eyni zamanda da bölgədə xaosa imkan verməmək üçün Azərbaycan (Şimali) və Türkiyə qoşunları Güney Azərbaycana daxil olacaqlar. Bir çoxları indiki prosesləri və onların yaxın gələcəkdəki inkişafını 1945-ci ilin 21 Azər (Pişəvəri) hərəkatı ilə müqayisə edirlər. O zaman da Azərbaycan üzərindən sovet qoşunları (tərkibində Azərbaycanın 77-ci və 20-ci diviziyaları vardı) Güney Azərbaycana daxil olmuş, orada Milli Hökumətin qurulmasını təmin etmişdi...

Bu dəfə isə həmin missiyanı birləşmiş Türkiyə-Azərbaycan orduları həyata keçirəcək. Proses nəticəsində, hətta Kollektiv Qərbin dəstəyi ilə hər iki Azərbaycanın birləşdirilməsi baş verə bilər deyə, fantastik iddialar da dolaşmaqdadır. Regiondakı şərtlər daxilində bütün bunlar inandırıcıdırmı və məqsədəuyğundurmu? Əgər ABŞ və İsrail İrana qarşı əməliyyat keçirsələr və burada Azərbaycana və Türkiyəyə də rol verilsə, bu, İranın bölünməsi deməkdirmi? “Tehran-22 məşhər” ssenarisi üçün düyməyə basılıbmı? Burada mümkün ssenarilər nədir? Belə olacağı təqdirdə, regiondakı vəziyyət, o cümlədən də Ermənistanla Azərbaycan arasındakı sülh prosesi, münasibətlər hansı dərəcədə dəyişər? Ən əsası, Rusiyanın prosesə təpkisi nə ola bilər?

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun sözlərinə görə, İranın molla rejimi İraqla müharibədən əvvəl ölkə daxilində “Qüdsə yol Kərbəladan keçir” şüarını səsləndirirdi. “Bu dəfə "Qüdsə gedən yol Bakıdan keçir" şüarını səsləndirirlər. Bu, Tehranın müharibə planının göstəricisidir. Qüdsü götürmək üçün Bakıdan başlamaq deməkdir! 35 il sonra ilk dəfə bu cür şüar səsləndirən İran ordusundakı qoca generalların ruhunu oyatmağa çalışırsa, çox böyük səhv edir. Hücum olarsa, bu, rejimin süqutu ilə nəticələnəcək. Ümumilikdə isə bu hadisə bir daha onu sübut edir ki, geosiyasi amillər daima bəzi dövlətlər arasında müharibə versiyasını aktual edəcək".

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, İrandan Azərbaycana qarşı hücum kampaniyasında bir məqam həmişə əsas xətlə keçir: “Bakı Respublikası”. Onun dediyinə görə, molla rejiminə bağlı mediada Azərbaycanı bu adla qeyd edirlər: “Bu ad altında həm digər ərazilərin bizə aid olmadığına işarə vurur, həm də İranın Azərbaycana qarşı ərazi iddialarını sərgiləyirlər. Halbuki bu gün İran sərhədləri daxilində qalan Cənubi Azərbaycan və digər ərazilərin böyük hissəsi farslara məxsus deyil. Bizim İranı "Tehran respublikası" adlandırmağa daha çox haqqımız var".

Elbəyi HƏSƏNLİ, SÜRİX

Elbəyi Həsənli 

İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli bildirir ki, İsrail Amerikanı İrana qarşı müharibəyə təhrik edir: ""The Times of Israel" nəşri yazıb ki, İsrail Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Aviv Kohavi ABŞ-da olub. General Mark Milley, milli təhlükəsizlik üzrə prezidentin məsləhətçisi Jake Sullivan və Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) direktoru Vilyam Burnslə görüşüb. “Müzakirələrdə İrana və onun bölgədəki terrorçu qruplarına qarşı əməliyyat planlarının və əməkdaşlığın sürətləndirilməsini tələb edən kritik bir məqamda olduğumuz barədə razılığa gəldik”, - Aviv Kohavi görüşlə bağlı belə deyib...

General bildirib ki, bir tərəfdən İran bir çox iqtisadi, hərbi və daxili təzyiqlər altındadır, digər tərəfdən isə öz nüvə proqramını genişləndirməkdə davam edir. İsrail ordusu İran təhdidinə qarşı bütün əməliyyat planlarını güclü şəkildə müdafiə edir.

Gördüyünüz kimi, İsrail ABŞ-la birlikdə İrana hərbi zərbə endirməyə çalışır. Bu məsələ gündəmdədir. Ancaq belə bir hücum İrandakı nümayişlərə necə təsir edə bilər? Bu suala birmənalı cavab yoxdur. ABŞ və İsrail İrana qarşı müharibəyə başlasa, Azərbaycan hansı mövqedə olacaq? Bu suala da cavab vermək çətindir. Ancaq bəlli olan odur ki, elə məntiq də onu deyir ki, Amerikanı İrana qarşı müharibəyə təhrik edən İsrail Azərbaycanı da onunla eyni səngərdə yer almağa çağırır..."

Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən  terrorçu görünmür” – MÜSAHİBƏ | DEFAKTO.AZ

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, Türkiyə və Azərbaycan türk dünyasının birliyi üçün birgə addımlayır: “Türk Dövlətləri Təşkilatı bunun nüvəsidir. Bu prosesi İranın maraqlarına xidmət etmir. Çünki Britaniya və Qərb dünyası da türk dövlətlərinin birliyində maraqlıdırlar. Təbii ki, bu gedişat düyün nöqtəsinə çatanda tarixi müttəfiqlik ortaya çıxacaq - Rusiya və İran birliyi. Necə ki, Ukrayna müharibəsində Tehran Moskvanı silahla dəstəkləyir. İranın da parçalanması baş verərsə, Rusiya ona dəstəyini göstərəcək. Eynilə Suriyada Əsəd rejiminin birgə dəstəklənməsi kimi. Sadəcə, bu gün İranın parçalanmasından daha çox ölkədəki teokratik rejimin süqutu yaxındadır”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR