İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Azərbaycandakı bankı bağlana bilərmi?

Hüquqşünas: “Banklar yalnız müflisləşəndə bağlanmır ki”...

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı İran rejiminin, kəşfiyyat qurumlarının ölkəmizdəki uzantılarının kəsilməsi həyati zərurətə çevrilib. Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi son iki ildə bu istiqamətdə böyük işlər görüb, çoxsaylı casus şəbəkəsini zərərsizləşdiriblər. Lakin 30 ilə yaxın müddətdə qurulan və Tehranın səxavətlə qidalandırdığı şəbəkənin tam təhlükəsiz vəziyyətə gətirilməsi üçün görüləsi işlər hələ də qalır.

Sosial şəbəkələrin Azərbaycan seqmentini izləmək kifayətdir ki, molla rejiminin ölkəmizdə nə qədər insanın beynini yuduğunu, özünün qatı tərəfdarına çevirdiyini təsəvvür edəsən. Aydın məsələdir ki, bu fəaliyyətlərin həyata keçirilməsində maddi şirnikləndirmə çox mühüm yer tutur – İran agenturası kasıb, ehtiyaclı insanlara maliyyə yardımları etməklə öz tərəfinə çəkə bilir. Maddi baxımdan asılı vəziyyətə düşən insanlar əksər hallarda maliyyə verən tərəfin diqtəsi ilə oturub-durmağa məcbur olur. Buna görə də Azərbaycan təhlükəsizlik orqanları İrandan ölkəmizə maliyyə axınlarını da nəzarətə götürməli, qanunsuz maliyyə daxilolmalarının qarşısını almalı, qanunilərin isə axıradək izlənməsi mexanizmini yaratmalıdılar.

Ötən il Azərbaycanda İranın növbəti casus şəbəkəsi aşkarlananda məlum oldu ki, şəbəkənin fəaliyyətini İranın Bakıdakı səfirliyinin avtomobilləri ilə daşınan pullarla maliyyələşdiriblər. Bu isə o deməkdir ki, Azərbaycan qanunvericiliyinə zidd, ölkənin milli təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlərdə İranın buradakı rəsmi qurumları, onların nümayəndələri də aktiv iştirak edirlər. Bu baxımdan, diqqətlər maliyyələşmədə iştirakı imkanı daha yüksək olan İran Milli Bankının Azərbaycan filialına yönəlir. Artıq Azərbaycan cəmiyyətindən filialın ölkəmizdəki fəaliyyətinin dayandırılması barədə çağırışlar səsləndirilməkdədir. Belə çağırışlara dair sualı cavablandıran Azərbaycan Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev bankın bağlanmasını istisna etməyib: “Azərbaycan Mərkəzi Bankı İranın “Bank Melli İran” bankının lisenziyasının ləğvi məsələsinə baxmağa hazırdır”.

Azərbaycandakı "İran bankı" aktivlərini daha çox nağd saxlayır - HESABAT |  ENA.az

Lakin AMB rəsmisinin sözlərinə görə, bu günə kimi belə bir müraciət olmayıb.

Qeyd edək ki, İran Milli Bankının Bakı filialı Azərbaycanda açılan ilk xaric bankdır. Yalnız İrana və əksinə pulköçürmələri ilə məşğul olur. Bankın İnternet səhifəsində qeyd edilir ki, “Bank Melli İran bütün dünyada geniş filial şəbəkəsinə malik olan bir bank olmaqla onun Direktorlar Şurası Azərbaycan Respublikasının iqtisadiyyatının inkişaf meyllərini nəzərə alaraq iqtisadi münasibətləri daha da genişləndirmək, artan xətt üzrə Azərbaycan İran və İran-Azərbaycan ticarət-iqtisadi əlaqələrinin iqtisadi subyektlərinə daha geniş və operativ maliyyə-kredit xidmətləri göstərmək üçün 1993-cü ildən Bakı şəhərində yerləşən Bakı filialını  formalaşdırmışdır”.

2022-ci ilin nəticələrinə dair açıqladığı məlumatdan aydın olur ki, İran bankı 2022-ci ili təxminən 1,9 milyon manat xalis mənfəətlə tamamlaya bilib. Xatırladaq ki, bank 2021-ci ili 1,96 milyon manat xalis zərərlə bağlamışdı. 

İran Milli Bankının Bakı Filialının açıqladığı hesabata əsasən 2022-ci ildə Bankın faiz gəlirləri 3 milyon 476 min manat, faiz xərcləri 231 min manat təşkil edib. 2021-ci ilin nəticələri ilə müqayisə etdikdə görmək olur ki, faiz gəlirləri 34 min manat artıb, faiz xərcləri isə 70 min manat azalıb. Nəticədə bankın xalis faiz gəliri 3 milyon 245 min manat təşkil edib. 

2022-ci ilin sonuna İran bankının aktivlər üzrə mümkün zərərlərə görə ehtiyat ayırmaları 866 min manat olub. Bu - 2021-ci ilin yekunundakı rəqəmdən (3 milyon 733 min manat idi) 4 dəfə azdır. Qeyd edək ki, məhz zərərlər üzrə ehtiyat ayırmalarının kəskin artması İran bankının 2021-ci ili zərərlə başa vurmasına səbəb olmuşdu. 

2022-ci ildə İran bankı xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsindən 127 min manat itirib, halbuki 2021-ci ildə bu göstərici 82 min manat olmuşdu. Ötən il bankın xarici valyuta əməliyyatlarından gəliri 185 min manat olub. 2021-ci ildə isə bu göstərici 454 min manata bərabər olub – 2,5 dəfə azalma baş verib. 

2022-ci ildə İran bankının inzibati xərcləri əvvəlki illə müqayisədə təqribən 10 faiz artaraq ilk dəfə olaraq 2,1 milyon manatı keçib. Nəticədə 2022-ci ilin sonunda bankın vergidən əvvəlki mənfəəti 2 milyon 95 min manata yüksəlib. 228 min manat mənfəət vergisi xərcini nəzərə aldıqdan sonra bank 2022-ci ilin 4-cü rübünü 1 milyon 867 min manat xalis mənfəətlə tamamlayıb. Başqa sözlə, faiz gəlirlərinin artımı və ehtiyat ayırmalarının azalması İran bankını 2021-ci ildəki xalis zərərdən 2022-ci ildə xalis mənfəətə çıxarıb. 

Bankın açıqladığı balans hesabatına əsasən, 2022-ci ilin sonunda İran bankının aktivləri bir il əvvəllə müqayisədə 10 milyon manat artaraq 96 milyon manatı keçib. Bu artımın 4 milyon manatı nağd vəsaitlərinin yüksəlməsinin, 6 milyon manat isə qiymətli kağızlara yatırımların payına düşüb - 17 milyon manatdan 23 milyon manata yüksəlib. Əvəzində müştərilərə verilən kreditlər 400 min manat azalıb. 

İlin sonuna İran Bankının öhdəlikləri təqribən 8 milyon manat artaraq 51,4 milyon manatdan 59,3 milyon manata yüksəlib. Artımın səbəbi maliyyə instatutlarından alınan borcdur – 23 milyon manatdan 33 milyon manata yüksəlib. Bankın müştəri hesablarındakı pullar isə  azalıb – ötənilki 10,7 milyon manatdan 8,9 milyon manata enib. Başqa sözlə, müştərilər bankdan 1,8 milyon manatdan artıq vəsaiti geri çəkiblər. 

Ötən il İran bankı cəmi kapital problemini də bir qədər yüngülləşdirə bilib – 2022-ci ilin sonunda bankın cəmi kapitalı 37,3 milyon manat olub, halbuki 1 il əvvəl bu göstərici 35,4 milyon manat idi. 

Onu da bildirək ki, İran Milli Bankının filialından başqa, Azərbaycanda İran mənşəli daha bir bank fəaliyyət göstərirdi. “RoyalBank” adlı bu bankın lisenziyası 2012-ci ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən geri alınıb, bankın sahibi olan iranlı iş adamı Əli Cam və onun oğluna qarşı cinayət işi qaldırılıb. Azərbaycan tərəfi cinayət işinin bankdakı mənimsəmə faktları ilə bağlı olduğunu açıqlasa da, xarici mətbuat məsələnin başqa səbəblərinin olduğunu yazıb. Məlum olub ki, “RoyalBank” sanksiyalar altında olan İranın gizli satdığı neftdən əldə etdiyi pulların ağardılmasını həyata keçirib. Bu faktı isə ABŞ kəşfiyyat və maliyyə orqanları aşkarlayaraq, Azərbaycan qarşısında məsələ qaldırıblar. Nəticədə, Azərbaycan Mərkəzi Bankı bankın lisenziyasını geri çəkib, daha sonra cinsayət işi qaldırılıb, araşdırılma aparılıb.

RoyalBank bağlanandan sonra məlum olmuşdu ki, İrandan xeyli sayda “müştəri”nin orada irihəcmli depozitləri olub. Amma bu depozitlər onların öz adlarına deyil, saxta adlarla açılan hesablara yatırılıb.

İranla sərhəddə vəziyyət dəyişəcək?

Mehdi Möhtəşəmi

Maraqlıdır ki, “RoyalBank” bağlanandan bir neçə il sonra İran tərəfi orada guya iranlı iş adamlarına məxsus olan pulları geri istəməyə başlayıb. 2015-ci ildə İran-Azərbaycan hökumətlərarası komissiyanın katibliyinin rəhbəri Mehdi Möhtəşəmi bununla bağlı dolayısı ilə danışıb. "Trend"ə müsahibə verən Mehdi Möhtəşəmi deyib ki, sanksiyaların ləğvindən sonra Azərbaycan bank sisteminin əməkdaşlıq üçün geniş imkanları olacağını düşünür: “Əlbəttə, bizim bir sıra problemlərimiz də var. Azərbaycan banklarında iranlıların müəyyən miqdarda vəsaiti bloklaşdırılıb. Məlumdur ki, Azərbaycanda fəaliyyət göstərən bir bank- ”RoyalBank" iflas edib. Həmin bankda İranın İxracat İnkişaf Bankının və hüquqi şəxslərinin vəsaitləri var idi ki, biz Azərbaycanın Mərkəzi Bankı və hökumətindən bu problemi həll etməyi istəmişik. Ümid edirik, problem tezliklə öz həllini tapacaq. Həmçinin Azərbaycan hökumətinin, xüsusilə də Bakı Şəhər İcra Hakimiyyətinin “Bank Melli İran”ın binası ilə bağlı ölçü götürməsi üçün əməkdaşlığa ehtiyac var. Bu kimi məsələlər Azərbaycan və İran arasında bank sahəsində aparılan müzakirələrin bir hissəsidir ki, bunlarla bağlı yaxşı nəticələr də əldə olunub. İki ölkənin bank sisteminin fəal və etibarlı olması digər sahələrdə də əməkdaşlığın inkişafına təsir göstərəcək".

Beləliklə, aydın olur ki, Azərbaycanda fəaliyyət göstərən İran mənşəli iki bankdan biri qanunsuz fəaliyyətə yol verib. İkinci bankın da sırf ölkəmizə qarşı yönələn fəaliyyətlərdə iştirakçı olmadığını söyləmək mümkün deyil. İran səfirliyinin maliyyə hesablarının İran Milli Bankının buradakı filialında olduğunu və  səfirlik avtomobillərinin ölkəmizdəki casus şəbəkəsinin fəaliyyətində iştirak etdiyini nəzərə alsaq, bankın bağlanması üçün əsasların da olduğunu söyləyə bilərik.

İnsanlar polisə banklardan daha çox güvənirlər” – Əkrəm Həsənov

Əkrəm Həsənov

Hüquqşünas, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, ümumiyyətlə, hər hansı dövlət xaricdə bank açırsa, müəyyən məqsədləri güdür: “Burada həm siyasi, həm iqtisadi məqsədlər olur. Mən belə banklardan birində işləmişəm və işləyəndə görmüşəm ki, bunların məqsədi pul qazanmaq deyil. Sonradan öyrəndim ki,o bank məxsus olduğu ölkənin xüsusi xidmət orqanlarının məqsədlərinə xidmət edir. Bu baxımdan, İran Milli Bankının buradakı filialının da istisna olmadığını düşünürəm.  Bu bankın ciddi bir müştəri bazası da yoxdursa, burada fəaliyyət göstərməkdə marağı nədir? Düşünürəm ki, İranın burada casus şəbəkəsi varsa, onun maliyyələşməsində bu ölkənin dövlət qurumlarının iştirakı da realdır”.

Ə.Həsənov bildirir ki, banklar yalnız müflisləşəndə bağlanmır: “Bankın fəaliyyətində agenturanın maliyyələşdirilməsi, çirkli pulların yuyulması və sair qanunsuzluqlar aşkarlanarsa, onun fəaliyyəti dayandırılmalıdır. Ümid edirəm ki, İran tərəfi vaxtında ölkəmizə qarşı düşmənçiliyin özünə zərər yetirəcəyini anlayacaq və Azərbaycanla bağlı siyasətində dönüş edəcək. Biz, əlbəttə, onlardan dostluq, qardaşlıq gözləmirik, amma normal dövlətlərarası münasibətləri saxlamaqda İranın özü üçün böyük fayda var”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR