İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Azərbaycana ciddi təzyiq imkanları yoxdur

Ekspert: “Vəziyyətin gərginləşməsi müəyyən mərhələdən sonra danışıqlar masasına dönüşlə nəticələnəcək”

Rəsmi Tehrandan qaynaqlanan İran-Azərbaycan qarşıdurması davam edir. İşğalçı Ermənistan üzərində möhtəşəm qələbəmizdən sonra İran gözlənilmədən aqressivləşdi və Azərbaycanla təhdid dilində danışmağa başladı. İranın dini liderlərinin müqəddəs İslam torpaqları (ayətullah seyid Əli Xameneyi) elan etdikləri Qarabağı kafirlərin işğalından qurtaran Azərbaycana dəstək olmaq, təşəkkür etmək əvəzinə, İbrahim Rəisi iqtidarı ölkəmizlə qarşıdurma yolunu seçdi. Bununla paralel olaraq, Ermənistanla münasibətləri daha da istiləşdirən və rəsmi İrəvanı açıq şəkildə himayə edən İran son 1 ildə iki dəfə Azərbaycanla sərhəddə qoşun hissələri cəmləşdirib. Sonuncu dəfə isə Tehran Araz çayı sahillərində  keçirdikləri təlimləri Azərbaycana münasibətdə açıq hərbi təhdidə çevirib.

Bütün bunlar ölkə ictimaiyyətində və Azərbaycanı sevən hər kəsdə hiddət doğurub. İranın Rəisi hakimiyyətinin təhdidi o həddə çatıb ki, son 29 ildə İranla bağlı heç bir tənqidi tezisə yer verməyən rəsmi televiziyalarımız, deputatlarımız və dövlət adamlarımız rəsmi Tehranı tənqid atəşinə tutublar. Azərbaycanlılar onların dövlətini təhdid edən Tehran rejiminə münasibətdə ellikcə öz səslərini qaldırmaqda, dövlət-millət həmrəyliyini qorumaqdadır.

Şeyx “vurulur”?

 Kənan Rövşənoğlu

Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu vəziyyəti belə şərh etdi:  “İran hazırkı situasiyada formal olaraq Azərbaycana qarşı bir neçə iddia irəli sürüb: birincisi, Azərbaycanın guya Zəngəzuru ilhaq edəcəyi və nəticədə İranın Ermənistanla sərhədinin yox olması təhlükəsi;  ikincisi, Azərbaycan ərazisində guya İsraili İrana qarşı istifadə etməsi, ya da iranlıların deyimi ilə kənar qüvvələrin regiona gətirilməsidir. Ancaq bilindiyi kimi, Azərbaycan rəsmi olaraq Zəngəzur ərazisini ilhaq etmək deyil, oradan Naxçıvana, yəni Türkiyəyə dəhliz-maneəsiz və müdaxiləsiz keçid-verilməsini tələb edir. İsrailin və ya başqa xarici qüvvələrin regiona gəlməsi də faktlara əsaslanmır. Yəni Azərbaycan açıq şəkildə hətta münasibətlərin ən gərgin dövründə belə öz ərazisindən üçüncü dövlətə qarşı istifadəyə icazə verməyəcəyini bəyan edib. Hazırda Azərbaycanda regiondan kənar olan ölkənin hərbi gücü yoxdur. Yalnız bilindiyi kimi, Rusiyanın sülhməramlı qüvvələri və Türkiyənin atəşkəsə nəzarət məntəqələrində fəaliyyət göstərən kiçik hərbi kontingenti var. Mənim fikrimcə, bu gərginlikdə İran əsl məsələni deyə bilmir və ya demək istəmir. Daha doğrusu, açıq mətnlə və birbaşa deyə bilmir. Söhbət Zəngəzur dəhlizindən gedir. Bu dəhlizin həm ticari-iqtisadi, həm də siyasi olaraq İranın maraqlarına cavab vermədiyi məlumdur. Çünki Zəngəzur dəhlizi faktiki olaraq Çindən və Mərkəzi Asiyadan Avropaya ən qısa, ucuz və təhlükəsiz marşrutdur. Təbii ki, belə bir dəhlizin işə düşməsi böyük İpək Yolu üzərindəki əsas tranzit ölkə kimi İranın maraqlarına cavab vermir. Yəni burada iqtisadi zərər var. Çünki ən azı Türkiyə və Mərkəzi Asiya ölkələri yüklərini bu dəhliz vasitəsilə daşıyacaq ki, bu da İran üçün maddi zərərdir və onun nəqliyyat dəhlizi rolunu zəiflədir. İkinci mühüm məsələ bu dəhlizin siyasi yüküdür. Bu dəhliz Türkiyənin Cənubi Qafqaz və Orta Asiyaya ən yaxın və maneəsiz çıxışını təmin edir. Bu, gələcəkdə həm də türk dövlətlərinin yeni birliyinin yaranması ehtimalını gücləndirir ki, bu da İran üçün narahatlıq verir. Çünki İran Cənubi Qafqazı ən azından özünün təsir zonası hesab edir. Hələ Orta Asiyaya da iddiasının olduğunu unutmaq olmaz. Ümumiyyətlə, İran iqtisadi və ideoloji ekspansiya həyata keçirən ölkədir. Hazırda formal olaraq Turan adlandırılan layihə isə Türkiyənin mövqeyini gücləndirir və İranı zəiflədir. Əlbəttə, bu layihənin arxasında Qərb dövlətləri də var. Yuxarıda qeyd etdiyim amillər İranın son zamanlar Azərbaycanla münasibətlərinin kəskinləşməsinə səbəb olub. Amma siyasət həm də danışıq və maraqların təmin olunması vasitəsidir. İstənilən dövlətlərarası problemin həlli yolu var. Düşünürəm ki, vəziyyətin gərginləşməsi müəyyən mərhələdən sonra danışıqlar masasına dönüşlə nəticələnəcək. Lakin hər iki tərəf masada əlinin güclü olmasına çalışacaq”.

Ekspert hesab edir ki, İranın indiki vaxtda Azərbaycana hər hansı ciddi təzyiq imkanları yoxdur: “Sərhəd təlimləri çəkindirmə məqsədi daşıyır. Yeganə maneə vasitəsi Ermənistandır. Ancaq inanmıram ki, Ermənistan sona qədər İranla bərabər getsin. Çünki Ermənistan üçün hazırda prioritet Qərblə anlaşmaq və yaxınlaşmaqdır. Bu mənada Ermənistan üzərindən Azərbaycana təzyiq effektli olmayacaq və indiki vəziyyətdə Azərbaycana təsir etməyəcək. Fikrimcə, hər iki tərəf yekunda danışıqlar masasına əyləşib ortaq maraqların təmin olunduğu yol tapacaqlar. Çünki indi mediada yazılıb deyildiyi kimi, müharibə real deyil. Çünki baş verə biləcək xırda toqquşma belə hər iki ölkə üçün ağır zərər olacaq, buradan qazanan kənar qüvvələr olacaq. Bu mənada hesab edirəm ki, prosesin nəticəsi danışıqlar masası olacaq. Amma hər iki tərəf masaya əli güclü oturmaq istəyir”.

Qum şəhərində yaşayan ilahiyyat professoru Hüccətül-İslam Məhəmməd Zəkayi İrandakı iğtişaşlarla bağlı vəziyyəti şərh edərkən narahatlığını açıq ifadə etmişdi: “Son zamanlar sosial məkanda insanların ruhanilərin ölümünə sevindikləri müşahidə edilir. İnsan ölümü ilə bağlı bu milli şadlığın səbəbi nədir? Dünyanın harasında bir ölkənin xalqı insan ölümünə bu qədər vəcdə gəlir?

Görünən odur ki, ölkəmizdə siyasət dinə xeyli ziyan vurub. Dini və məzhəbi daha artıq zərərdən xilas etməyin yeganə yolu din xadimlərinin dövlət və siyasi vəzifələrdən uzaqlaşdırılması və cəmiyyətin dini problemlərinin həlli ilə bağlıdır ki, bunun üçün artıq çox gecdir və 50-90 yaşlı insanlar əsasən dinsiz və etiqadsızdırlar. Problemi gizlətmək zərəri azalda bilməz.

Televiziyamızda ancaq dindar cəmiyyət göstərilir, amma toplumun alt təbəqəsində hamımız bilirik ki, xalq arasında din deyə bir şey yoxdur artıq. Siyasi İslamdan əl çəkməyin yollarını düşünməli və insanların düzgün İslami tərbiyəsində yenidən addımlar atmalıyıq. İslam dini heç vaxt bizim təbliğ etdiyimiz şey deyil. Biz yeni nəslin tərbiyəsindən daha çox xarici görünüşə, reklama üstünlük vermişik. Ailələrimizə nəzər salsaq görərik ki, uzun illər təhsil almış bir neçə qoca və qadından başqa İslam Respublikasının savadlı adamlarından heç biri namaz belə qılmır və dinin bütün təzahürlərini ələ salır. Gələcək göstərir ki, İran ən dinsiz və sekulyar bir müsəlman ölkəsinə çevriləcək və dindən boş şüardan başqa və içi boş qabıqdan başqa heç bir şey qalmayacaq. Biz İslamdan uzağıq. Həm də çox uzaq. Dəfələrlə tələbələr mənə deyiblər ki, biz molla paltarı geyinib bayıra çıxa bilmirik, bizi təhqir edib aşağılayırlar. Bir gün tələbələrdən biri mənə dedi ki, altı yaşlı oğlum var. Evdən ayrılarkən mənə dedi ki, molla paltarını geyinib gəlsən səninlə çölə çıxmayacağam. Əməlli-başlı utandım. Rəhmətlik Ayətullah Şəriətmədarinin dediyi sözlər yadıma düşdü ki, ruhanilər hökumətə girsə, nəinki özünü, hətta dini də məhv edəcəklər. Evə qayıdıb paltarımı dəyişdim. Çölə çıxıb təkbaşıma ağladım. Arvad mənim pis halımı görüb soruşdu niyə əsəbisən? Dedim niyə olmayım. Bu gün azyaşlı oğlum 20 illik təhsilimə meydan oxudu. Məğlub olduq, çox pis uduzduq..."

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR