İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan İrəvana “solaxay” zərbə - Azad Qarabağda...

Qriqoriyanın Tehranda olduğu vaxtda işğaldan qurtulan ərazilərdə “Araz-2025” birgə hərbi təlimləri ilə hansı mesaj verildi? - iki rəy

Azərbaycanda İranla birgə “Araz-2025" təlimləri keçirilir. Artıq İslam Respublikasının hərbi qulluqçuları və digər iştirakçılar təlimlərdə iştirak etmək üçün Azərbaycana gəliblər. "Yeni Müsavat" bildirir k, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimlərin rəhbərləri ilə hər iki ölkənin digər yüksək rütbəli nümayəndələri arasında görüş baş tutub. “İclasda ortaq təlimlərin məqsədi, onların ssenarisi və yeri, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, eləcə də müxtəlif mərhələlərdə yerinə yetiriləcək tapşırıqlar barədə brifinq təqdim olunub”, - deyə nazirlikdən bildirilib. Həmçinin qeyd olunur ki, “Araz-2025" birgə təlimləri mayın 21-dək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçiriləcək.

Bu, əlbəttə ki, azad olunan torpaqlarda ilk belə birgə təlim kimi Ermənistana, xüsusən də orada İrana ümidlə baxıb məkrli planlar qurmaq istəyən revanşistlərə “solaxay” zərbədir. Maraqlıdır ki, “Araz-2025" birgə təlimləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehranda olarkən başlayıb.

Bu təlimlərin hər iki tərəf üçün əhəmiyyəti və mesajları nədir?

Hikmət Babaoğlu

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu “Yeni Müsavat”a açıqlamasında yada saldı ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə bir-birinə “əziz qardaşım” deyə müraciət etdilər: “Doğrudan da İran-Azərbaycan münasibətləri məhz bu tarixi gerçəklik və bugünkü siyasi çağırışlar kontekstində inkişaf etməlidir. Yəni iki ölkənin münasibətləri qardaşlıq münasibətləri olmalıdır. Bunun çox ciddi əsasları var. Tarixi, mədəni, dini, etnik əsasları mövcuddur. Ona görə də "Araz-2025" birgə hərbi təlimlərinin işğaldan azad olunmuş ərazilərdə keçirilməsi olduqca mühüm hadisədir. Xüsusən İran-Azərbaycan münasibətlərinin istiləşməsini, daha da yaxınlaşmasını istəməyən qüvvələrə verilən bir mesajdır. İran-Azərbaycan münasibətlərinin yaxşı olmasını istəməyən isə ilk növbədə Ermənistandır. Ona görə də hər fürsətdə İran-Azərbaycan münasibətlərinin korlanması üçün addımlar atır və erməni lobbisinin imkanlarını şişirdərək İrandakı bəzi dairələrə söz verir ki, biz xristian dünyasında İranın lobbiçiliyini edəcəyik. Ancaq təcrübə göstərir ki, bu mümkün deyil. Erməni lobbisinin Ermənistanın özünü xilas edə bilmədiyi halda İrana hansı köməyi dəyə bilər? Ona görə də İran və Azərbaycanın qarşılıqlı münasibətlərinin dərinləşməsi hər iki dost və qardaş ölkənin hərbi, iqtisadi və siyasi təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir".

Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, biz bu gün Araz dəhlizi üzərindən inşa olunan yollarla Naxçıvana keçəcəyik: “Ona görə də birgə hərbi təlimlərdə "Araz" adı da olduqca simvolikdir. Yəni Araz bizi ayırmır, Araz bizi birləşdirən çaydır. Mənə elə gəlir ki, hər iki ölkənin xalqları üçün bu yeni baxış formalaşdırılmalıdır. Biz Araza bizi ayıran yox, bizi birləşdirən çay kimi baxmalıyıq. Bu ən doğru yoldur. İran və Azərbaycanın dövlət maraqlarının, xalqlarının maraqlarına uyğundur".

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov isə bildirdi ki, İran və Azərbaycanın birgə hərbi təlimlərinin daha çox siyasi mesajları var: ""Araz-2025" adı altında keçirilən birgə hərbi təlimlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilməsi özü hər şeyi deyir. Azərbaycanın müstəqillik tarixində bu ilk hadisədir. Bundan Ermənistan nəticə çıxarmalıdır. Birgə hərbi təlimlərin hərbi əhəmiyyəti hər iki ölkənin silahlı qüvvələrinin bir-birindən öyrənməsi, əlaqələrin qurulması baxımından vacibdir. Bu təlimlər İran-Azərbaycan münasibətlərində yeni mərhələ sayıla bilər”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR