Onlayn ictimai-siyasi qəzet
Pilotsuz uçuş aparatı ilə ölkə ərazisinə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən verilən məlumatda qeyd olunub ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Belə ki, aprel ayının 8-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd xəttinə yaxın sahədə sərhəd naryadı tərəfindən pilotsuz uçuş aparatının (PUA) hərəkəti və əraziyə kiçik həcmli bağlama ataraq İran İslam Respublikası istiqamətində geri qayıtması müşahidə edilib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində atılmış bağlamanı götürmək məqsədilə əraziyə gələn Lənkəran rayon sakini – 1988-ci il təvəllüdlü Anar Rasim oğlu Həsənov, eləcə də avtomobildə onu gözləyən Qubadlı rayon sakini – 1985-ci il təvəllüdlü Razim Məhyəddin oğlu Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxslər ilkin dindirilmə zamanı əraziyə PUA vasitəsilə atılmış 4 kiloqram 504 qram narkotik vasitə marixuananı götürmək məqsədilə gəldiklərini etiraf edib. Araşdırma nəticəsində onların əvvəllər məhkum olduqları müəyyənləşdirilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Deputat, narkotiklərlə mübarizəyə “Qara kabus” adlı kitab həsr edən Arzu Nağıyev Musavat.com-a deyib ki, son 10 ildə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli gücləndirilib:
“Mübarizənin daha kəsərli olması üçün də addımlar atılmaqdadır. Narkobiznesdə ağlasığmaz dərəcədə böyük pullar dövr edir və bu, cinayətkar şəbəkələri ayaqda saxlayan əsas məqamdır. Mübarizə sərtləşdikcə, yeni mübarizə metodları tətbiq olunduqca, narkomafiyalar da əllərini sallayıb oturmurlar. Narkotik daşınmasında yeni-yeni üsullar axtarıb tapırlar. Bu baxımdan dron texnologiyalarının inkişafı bütün dünyada narkoticarətlə məşğul olanların işinə yarıyıb. Qanunsuz narkotik dövriyyəsini durdurmaq mümkünsüzdür.
Bu dövriyyəni kiçiltmək, miqyasının genişlənməsinin qarşısını almaq olar. Həbsxanalara, qapalı ərazilərə dronla narkotik daşınması halları qeydə alınmaqdadır. Hazırda bu, çox aktual və mühüm bir məsələyə çevrilib. Çünki dron texnologiyaları sərhədləri tanımır. Buna görə də qonşu ölkələrlə əməkdaşlıq, ortaq monitorinq sistemləri və məlumat paylaşımı çox vacibdir. Bu gün dünyada dron aşkarlama sistemlərindən, yeni texnologiyalardan istifadə olunur”.
Deputat bildirib ki, dron aşkarlama, radar sistemləri ilə dronların uçuşunu izləmək olur:
“Bundan başqa, akustik sensorlar quraşdırmaqla dronların səsini müəyyən etmək və zərərsizləşdirmək olar. RF (Radio Frequency) detektorlarından da istifadə oluna bilər. Bu detektorlar dronların istifadə etdiyi radio siqnallarını aşkar edir, belə cihazlarla nəzarət imkanı yaradır. Dron əleyhinə müdafiə texnologiyalarından istifadə etməklə sərhəd zonalarından dronların uçuşlarını məhdudlaşdırmaq olar. “Jammer” cihazları dronların siqnallarını pozur, onları idarəolunmaz vəziyyətə gətirir. Bundan başqa, narkotik daşıyan, sərhəd pozucusu olan dronları xüsusi tor atan və ya digər dronlarla tutmaq da mümkündür.
Hətta bəzi hallarda müdafiə dronları – qanunsuz dronu izləyən və zərərsizləşdirən dronlar da istifadə olunur. Belə dron zərərsizləşdirən texnologiyaları sərhədlər, həbsxanalar və strateji obyektlərdə yerləşdirmək vacibdir. Sərhəd zonalarında narkotiklərin dronla daşınmasının İran tərəfdən qarşısının alınmaması, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının birtərəfli şəkildə mübarizəsi göz önündədir.
Sərhədyanı ərazilər narkotik qaçaqmalçıları üçün hər zaman aktual olub. İndi isə narkoqaçaqçılıqda dronlardan istifadəyə geniş yer verilir. Dronlar çox sürətli və gizli çatdırma vasitəsidir. Qarşı tərəf müvafiq addımlar atmağa həvəsli görünmür. Ona görə də sərhəd zonalarında dronla narkotik daşınmasına qarşı tədbirlər görülməsi zəruridir. Dron aşkarlama sistemlərinin sərhədboyu qurulması vacibdir”.
Deputatın sözlərinə görə, nə qədər ki, narkotiklərdən istifadə edən insanlar var, o qədər də həmin narkotikləri əkib-becərən, daşınmasını gerçəkləşdirənlər olacaq:
“Bu gün Əfqanıstanda 400-dən çox narkotik maddə yetişdirən laboratoriya var. Həmin laboratoriyaların mövcudluğundan hamı xəbərdardır. Hazırda dünyada istehsal edilən narkotik vasitələrin çəkisi 100 tonlarladır. Dünya əhalisinin yarısından çoxu azı bir dəfə narkotik maddədən istifadə edib. Narkotrafik terrorizmlə də sıx bağlı olan məsələdir. Terrorizmin maliyyə mənbələrindən biri də narkotik vasitələrin satışından əldə edilən pullardır.
Digər tərəfdən, yoxsulluq, işsizlik problemləri də aradan qaldırılmasa, bu məsələ həllini tapmayacaq. Azərbaycan bütün ümumbəşəri problemlərin vaxtında həll olunmasının tərəfdarı olduğunu, o cümlədən dünyada bütün insanlar üçün böyük təhlükə olan narkomaniya və narkobizneslə mübarizədə daim ön sıralarda gedəcəyini dəfələrlə bəyan etsə də, bir çox hallarda obyektiv səbəblərdən neqativ hallarla mübarizədə çətinliklər yaranır.
Artıq ölkə ərazisindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni nəql olunması nəinki Azərbaycanın, hətta regionun çərçivəsindən çıxaraq böyükmiqyaslı bir problemə çevrilməkdədir. 1 qram heroinin “qara bazar”da qiyməti 100 dollardır. Azərbaycan yerləşdiyi coğrafi məkan baxımından narkotiklərin daşındığı yolun bir hissəsidir. Qaçaqmal narkotik daşınması, silah alveri sərhədlərin açıq və qapalı olmasına rəğmən, bir an belə dayanmır.
Transmilli cinayətkar şəbəkələr üçün pandemiya, xüsusi sərhəd rejimi qaydaları yoxdur. Bu şəbəkələr daim öz cinayətkar əməllərini davam etdirəcəklər. Tranzit kanallar fəaliyyətdədir. Hüquq-mühafizə orqanlarının səyləri nəticəsində bu cinayətlərin əhəmiyyətli hissəsinin qarşısı alınsa da, sızmalar var. Əsas məqam ondan ibarətdir ki, bu cinayətlər kuryerlər vasitəsilə həyata keçirilir. Kuryer həbs olundu, yeni bir kuryer tapılır. Ağır narkotiklər - kokain Cənubi Amerika ölkələrindədir, Qızıl üçbucaq adlanan ərazi - Vyetnam və digər zona və hamıya bəlli olduğu kimi, Əfqanıstanda isə böyük narkoplantasiyalar mövcuddur.
Bu 3 nöqtədən narkotiklər dünyanın hər tərəfinə daşınır və bu daşımaların marşrutları illərdir ki, əsasən dəyişməz qalır. Əfqanıstandan Avropaya narkotik daşımalarında ən uyğun marşrut ölkəmizin də olduğu marşrutdur. Bu baxımdan Azərbaycan ərazisinə dronla narkotik daşınması qarşıdakı illərdə də azalmayacaq. Müvafiq tədbirlər görülməklə ərazilərimizə dronlardan narkotik “bomba”larının atılmasının qarşısını almaq mümkündür və bu addımlar da atılmaqdadır”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ