İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda günün altında satılan təhlükəli sular

Ekspert: “Əksər suların qablaşdırmasında saxlanma temperaturu 5 dərəcədən 20 dərəcəyə kimi qeyd olunur, amma...”

“Puşkin küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində qazlı, rəngli, şirin içkilər, energetik içkilər anbar əvəzinə küçəyə, günün altına yığılaraq saxlanılır. Günlərlə günün altında, plastmas qablaşdırmada küçədə qalan bu içkilər sonradan dükanlara, marketlərə paylanır, soyuducuya qoyularaq satılır. İstidə qalan həmin sular orqanizm üçün həddən artıq zərərlidir”.

Bu barədə Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib. O deyib ki, bu cür faktların qarşısı vaxtında alınmalıdır ki, sonra kütləvi zəhərlənmə kimi hallar baş verməsin: “Günəş altında günlərlə qalan qazlı, qazsız suların, enerji içkilərinin tərkibi itə, dəyişə bilər. Şüa içkinin rənginə də təsir edə bilər. Günəş altında qalan suların sonradan soyudularaq satılması, içilməsi düzgün deyil. Bu cür sular soyuducuda və ya sərin yerdə, günəş şüası düşməyən yerlərdə, anbarlarda saxlanılmalıdır. Yol kənarında, günəş altında saxlamaq düzgün deyil”.

Eyyub Hüseynov: “İcra Hakimiyyətinin göstərişi mağaza sahibinin hüququnun  pozulmasıdır”

 Eyyub Hüseynov

E.Hüseynov bildirib ki, bu gün satışda olan hazır qablaşdırılmış suların hansının tərkibinin daha təmiz olduğu heç kəsə məlum deyil: “Çünki hansı sular krantdan doldurulub, hansılar bulaq suyudur, bilinmir. Vətəndaş ancaq suyu evində qaynadandan sonra çaydanın dibində yaranmış ərpə görə bilə bilər ki, o su təmizlənmiş sudur, ya yox.

İnsan orqanizmi hər cür suyu qəbul etməlidir. Həm krant suyunu, həm bulaq suyunu, həm təmizlənmiş balon suyunu içməliyik. 1 litr suyu bir şirkət 5 manata, biri 40 qəpiyə satır. Bu, istehlakçının aldadılması deməkdir. İki ayrı qablaşdırılmış su arasında bu qədər fərq ola bilməz.  Bəzi insanlar hesab edir ki, bahalı su daha keyfiyyətli və təmizdir. Ancaq bu əsla belə deyil. İnsanlar fikirləşməsinlər ki, qablaşdırılmış bahalı su və ya filtr suları daha keyfiyyətlidir. Filtr suları, qablaşdırılmış baha sulara inanmaq lazım deyil. Bulaq suyu da, krant suyu da, təmizlənmiş balon suyu da, normal qiymətə satılan qablaşdırılmış su da orqanizm üçün lazımdır. Saxtakarların sizi baha qiymətlə, filtrlə aldatmasına icazə verməyin".

Məhsəti Hüseynova: Qidalar bizi niyə zəhərləyir? - Sağlam Qida

Məhsəti Hüseynova

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzunu “Yeni Müsavat”a şərh etdi. Mütəxəssis qeyd etdi ki, su alarkən onun doğru şəraitdə saxlandığına, qablaşdırılmasına, xüsusilə tərkibinin keyfiyyətinə və saxlanma zamanı temperatur rejiminə diqqət yetirilməlidir: “Bir çox halda asan daşına bilən olması üçün plastik butulkalarda satılan sular istehlak olunur. İstehlakçılara tövsiyə edirəm ki, istehsalçı şirkətə, suyun tərkibindəki mineralların səviyyəsinə, son istifadə müddətinə diqqət yetirsinlər. Əksər suların qablaşdırmasında saxlanma temperaturu 5 dərəcədən 20 dərəcəyə kimi qeyd olunur. Buna daşınma və satış zamanı əməl olunmalıdır. Yay aylarında havanın temperaturu 30-34 dərəcə, bəzən isə daha yüksək olduğu üçün açıq havada saxlanan sular sonradan soyuducuya qoyularaq satışa çıxarılır. Nəzərə almaq lazımdır ki, 20 dərəcədən yüksək temperaturda saxlanan plastik qabların tərkibindəki mikrohissəciklər (BPA) zamanla orqanizmdə toplanır və bu da normal funksiyaların, daxili orqanların funksiyalarının pozulmasına gətirib çıxarır. Bəzən bu problem dərhal özünü göstərmədiyi üçün insanlar bu məsələyə laqeyd yanaşırlar. Riskləri nəzərə alaraq, açıq havada satılan suları almamaq məsləhətdir. Təkcə sular deyil, plastik qablaşdırmada satılan bir çox qida məhsulu da sağlamlıq üçün zərərli hesab olunur”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR