İnsanlara hürriyət, millətlərə istiqlal!

Kredit dələduzlarına qarşı yeni sistem

Ekspert qeyd edir ki, yeni mexanizmlərin effektiv işləməsi üçün dəqiq kriteriyalar müəyyən olunmalıdır

Azərbaycan Kredit Bürosu (AKB) sahibkarlar  və kredit təşkilatları üçün 2 yeni məhsul hazırlayır. Onlardan biri mikro sahibkarlar üçün “FinScore” olacaq, digəri isə “FraudScore” adlanır. Bununla kredit dələduzluğunun qarşısını almaq mümkün olacaq. “Yeni Müsavat” FED.az-a istinadən xəbər verir ki, bunu AKB-nin Data analitikası Departamentinin rəhbəri Kamal Mirzəyev deyib. Onun sözlərinə görə, yeni xidmət sayəsində banklardakı problemli kreditlərin həcminin artmasının qarşısı alına bilər: “FraudScore” dələduzluğa qarşı xidmət olacaq. Tutaq ki, bir şəxs krediti götürür, amma niyyəti odur ki, bundan sonra onu ödəməyəcək. Yeni skoqrinq məhsulu bu kimi halların qarşısını almağa xidmət edəcək".

Bəs onlar necə müəyyən olunacaq? Suala aydınlıq gətirən K.Mirzəyev bunun üçün ciddi araşdırmalar etdiklərini vurğulayıb: “İndiyə qədər baş verən bu cür halları araşdırmışıq. Məlum olur ki, dələduzluq edən şəxslər əvvəllər kiçik məbləğlərdə kredit götürüb və vaxtında ödəyiblər, gecikmə etməyiblər. Zamanla məbləği artırıblar. Tutaq ki, öncə 500 manat götürüb, sonra 1500 manat, daha sonra 2000 manat  kredit götürüblər və vaxtında qaytarıblar. Buna görə kredit skorinqləri də yüksək olub. Bank da buna baxıb sonra iri məbləğ ayırmağa qərar verib. Fırıldaqçı isə pulu götürüb qaytarmayıb. Bu cür davranış göstərən şəxslər artıq hər zaman nəzarətdə olacaq. Onların kredit almaq şansları azala bilər”.

Belə halların qarşısını almaq üçün “FinScore”un əksi olan “FraudScore” hazırlanıb. Bu dələduzluğa qarşı skorinqdir. Bununla birbaşa kredit üçün müraciət edildiyi anda sorğulananda artıq həmin şəxsin kredit götürdükdən sonra ödəməmə ehtimalının ölçüsü müəyyən olunacaq. Bu, bankların belə kreditlərə qərar verməsinə ciddi təsir edəcək.

K.Mirzəyev bildirib ki, dələduzluğua meylli olması ehtimal edilən şəxslərə kredit verilməsindən imtina edilməyəcək. Ancaq bu zaman onlardan kreditin geri qaytarılmasını sığortalayan təminatlar - zamin,  girov əmlakı və s. tələb olunacaq. Bu kimi faktorlarla bank öz risklərini minimuma endirəcək.

AKB-nin ötən ildən istifadə verdiyi “FinScore” isə borcalanların davranışlarına əsaslanaraq onlara bir reytinq formalaşdırır. Bu reytinq əsasında müştərilərə istehlak, ipoteka kreditləri, fərdi sahibkarlara biznes kreditlərin ayrılmasında çox aktiv istifadə olunur. “B2C” yönələn  məhsuldan daha çox banklar, BOKT-lar, lombardlar, lizinq şirkətləri və digər nisyə alqı-satqısı edən təşkilatlar, mağazalar daxil olmaqla ümumilikdə 136 təşkilat istifadə edir. Ötən il “FinScore” xidməti vasitəsilə 650 min sorğu verilib. Bu ilin I rübündə bu rəqəm 435 min, II rübdə isə 800 mindən çox olub. AKB 2025-ci ilin sonuna həmin xidmət üzrə 1,5 milyon soğrunun olacağını proqnozlaşdırır.

K.Mirzəyev yaxın vaxtlarda sığorta və investisiya şirkətlərinin də tam iolaraq bu sistemə nteqrasiya olunacağını bildirib: “Biz hələ ki kiçik, orta və iri biznes sektorlarının skorinqini təqdim etmirik. Çünki hazırda onlarla bağlı bəzi məlumatları Dövlət Vergi Xidməti və digər dövlət qurumlarındən əldə etməliyik. Onları detallı şəkildə əldə etdikdən sonra bu xidməti də istismara verə biləcəyik”.

Qeyd edək ki, son aylarda Azərbaycanda qaytarılmasında problemlər olan kreditlərin həcmi artır. Mərkəzi Bankın məlumatına əsasən, bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 508,3 milyon manat təşkil edib. Bu, mayın 1-i ilə müqayisədə 1,1  faiz çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 13,2  faiz, son bir ildə isə 9 faiz artıb. May ayının sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 faiz təşkil edib.

Mərkəzi Bankın rəsmi statistikasına əsasən, 2025-ci il iyunun 1-nə bankların müştərilərə verdiyi kreditlərin ümumi həcmi (ehtiyatlar çıxılmadan) 28 milyard 386.5 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü (25 milyard 158.2 milyon manat) ilə müqayisədə 3 milyard 228.3 milyon manat və ya 12.8 faiz artıb. Son bir ildə kredit portfelinin xarici valyutada olan hissəsi 404.6 milyon manat (8.8 faiz) azalaraq 4 milyard 607.6 milyon manatdan 4 milyard 203.0 milyon manata düşüb.

May ayında bankların kredit portfeli aylıq 1 faiz və ya 290 milyon manat artıb. Kredit portfelinin strukturunda biznes kreditləri - 53.2 faiz (15 milyard 100 milyon manat), istehlak kreditləri - 31.3 faiz (8 milyard  881.9 milyon manat), ipoteka kreditləri - 15.5 faiz (4 milyard 404.6 milyon manat) paya malikdir.

Xatırladaq ki, 2024-cü ilin may ayında bankların kredit portfeli 2.1 faiz və ya 513.7 milyon manat artaraq 25 milyard 158.2 milyon manat olmuşdu. Ötən ilin 31 may tarizində bankların kredit portfelində biznes kreditləri - 54.8 faiz (13 milyard 784.7 milyon manat), istehlak kreditləri - 29.7 faiz (7 milyard 480.2 milyon manat), ipoteka kreditləri - 15.5 faiz (3 milyard 893.3 milyon  manat) paya malik olmuşdu. Həmin dövrdə bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 308.4 milyon manat (+2.3 faiz), 153.2 milyon manat (+2.1 faiz) və 52.2 milyon manat (+1.4 faiz) artmışdı.

Bir sıra mütəxəssislər problemli kreditlərin artmasında əsas rolun istehlak kreditlərinə məxsus olduğunu bildirirlər. 2015-2016-cı illərin devalvasiyalarından sonra yaranan problemli kredit böhranından sonra Mərkəzi Bank istehlak kreditlərinin sərtləşdirilməsi üçün banklarla iş apardı. Bir neçə ildən sonra belə kreditlərin ümumi kredit portfelindəki payını azaltmaq mümkün oldu. Lakin son illərdə Azərbaycanda yenidən istehlak kreditlərinin davamlı artımı diqqəti cəlb edir. Rəsmi statistikaya nəzər salsaq görərik ki, 2020-ci illə müqayisədə belə kreditlərin ümumi məbləği 3 dəfəyə yaxın artıb.

Göstəricilərin illik müqayisəsi göstərir ki, son bir ildə bankların kredit portfelindəki artımın hərəkətverici qüvvəsi istehlak kreditləri olub. Belə ki, ötən ilin mayı ilə müqayisədə bu ilin mayında biznes kreditləri 1 milyard 315,3 milyon manat(9,5 faiz), istehlak kreditləri 1 milyard 401,7 milyon manat(18,7 faiz), ipoteka kreditləri 511,3 milyon manat(13,1 faiz) artıb.

AKB-nin hazırladığı mexanizmlər kredit dələduzluğuna qarşı mübarizədə nə qədər effektiv ola bilər? Ölkədə krediti qaytarmamaq üçün götürənlərin ümumi problemli kreditlərdə payı nə qədər çoxdur?

Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi” — Əkrəm Həsənov

Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, təşəbbüsün ciddi bir iqtisadi çəkisi yoxdur: “Düzünü deyim, bu, havayı pul xərcləməkdir. Kredit üçün müraciət edən şəxsin kredit tarixçəsi onsuz da banklara və bank olmayan kredit təşkilatlarına açıqdır. Bunu bank görür və kredit qərarını da ondan çıxış edərək verir. İkinci tərəfdən, xırda-xırda götürənlərin dələduz olduğunu necə müəyyən edəcəklər? Axı banklar onsuz da ilk dəfədən kiməsə böyük məbləğdə kredit vermirlər, həmişə az məbləğdən başlayır, müştərinin davranışlarını izləyir, məbləği tədricən artırırlar. Yəni faktiki olaraq, kredit götürmək imkanı olan hər kəs eyni yolu keçir. Bu halda kimin dələduz, kimin vicdanlı müştəri olduğunu necə müəyyən etmək olar? Kredit Bürosu bunun mexanizmini necə görür, anlaşılmır”...

Ekspertin sözlərinə görə, onsuz da banklar kredit verməyə adam tapmırlar: “Onsuz da problemli kreditləri olanlar çoxdur, banklar sağlam tarixçəli müştəri uğrunda sözün həqiqi mənasında mübarizə aparırlar. Az sayda müştərinin bir qismini də dələduz adı ilə kənara qoymaq banklar üçün səmərəli olmaz”.

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, AKB-nin hazırladığı metod dünyada geniş tətbiq olunur: “Əksər ölkələrdə bu, ayrıca tətbiq olunsa da, bəzi ölkələrdə kredit reytinqinə inteqrasiya olunmuş formalarına da rast gəlmək mümkündür. Bu, bəzi ölkələrdə dövlət qurumları - maliyyə bazarlarına nəzarət orqanları tərəfindən həyata keçirilsə də, tam müstəqil təşkilatların, hətta qeyri-hökumət təşkilatlarının da bu işi aparması halları var. Azərbaycana bu təcrübənin gətirilməsi və tətbiq olunması müsbət haldır. Maliyyə bazarlarında münasibətlərin daha sağlam əsasd qurulması və şəffaflaşmasına da müsbət təsiri ola bilər. Eyni zamanda problemli kreditlərin həcmində azalmaya nail olmağa da yardım edər. Lakin bu mexanizmin effektivlyini qiymətləndirmək üçün əlimizdə böyük məlumat bazası olmalıdır. Təəssüf ki, belə bir baza yoxdur, Azərbaycanda dələduzluq səbəbindən qayıtmayan kreditlərin ümumi problemli kreditlərdə payı açıqlanmır. Lakin müxtəlif mənbələrin dağınıq məlumatları göstərir ki, belə hallar var”.

Ekspert qeyd edir ki, yeni mexanizmlərin effektiv işləməsi üçün dəqiq kriteriyalar müəyyən olunmalıdır: “Elə bir mexanizm olmalıdır ki, bankların müştərilərə dələduzluq ehtimalına görə vermədikləri kreditlərdən əldə edəcəkləri - yəni itirdikləri gəlirlər kredit verəcəkləri təqdirdə gözlənilən itkilərindən az olsun. Belə olmayacaqsa, təcrübə özünü doğrultmaya bilər. Düşünürəm ki, mexanizmlərin işləkliyi onun banklara faydalılığından asılı olacaq”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR