İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Hüseynli: “Prezident üsul-idarəsini daha da gücləndirmək lazımdır”

“Bakının Rusiya ilə münasibətlərin indiki mərhələyə gəlməsində heç bir təqsiri yoxdur”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin “Yeni Müsavat”a müsahibəsinin ikinci bölümünü təqdim edirik. Bu hissədə millət vəkili Azərbaycan və Rusiya arasında yaşanan gərginliklər ətrafında hüquqi əsaslara istinadən olduqca mühüm açıqlamalar verib, sensasion məqamlara toxunub, dövlətimizin tamamilə haqlı olduğunu tutarlı arqumentlərlə söyləyərək bütün suallara Rusiyanın cavab verməli olduğunu deyib.

(Əvvəli burada)

- Beləliklə, Milli Məclisdə 125 nəfərdən artıq deputatın olmasına ehtiyac görmürsünüz, eləmi?

- Mən bu rəqəm ətrafında müzakirə açmağı hazırda yersiz görürəm, çünki şəxsən mənim üçün bu, müzakirə predmeti deyil. Mən şəxsən bunu sizdən eşidirəm. Yəni prinsipial bir məsələ deyil. Əgər biz geniş baxırıqsa, konstitusiyanın inkişafına, o, texniki məsələdir, onu demək istəyirəm. Hüquqşünas kimi məndən soruşsanız ki, konstitusiyada gələcək üçün milli hədəflər baxımından nə etmək lazımdır, deyə bilərəm.

- Soruşuram, buyurun, deyin, lütfən.

- Deyə bilərəm ki, biz bu illər ərzində beynəlxalq hüququn işləmədiyini müşahidə etmişik. Qarabağa münasibətdə görürdük. Yəni Azərbaycanın Ali Baş Komandanı, ordusu öz gücü, öz siyasəti, Azərbaycan xalqının birliyi bu məsələni həll edib. Bir sıra məsələlər var ki, biz sanki əsassız olaraq beynəlxalq birliyin, hansı bir beynəlxalq dairələrin hədəfinə çevrilirik, üzərimizə müəyyən bir öhdəliklər götürmüşük. Sanki biz keçən əsrdə daha çox qloballaşmanı görürdük. Razılaşarsız, bir tək iqtisadi qloballaşma deyildi, həm də siyasi qloballaşma idi. Hansısa bir ittifaqlara, hansısa birliklərə daxil olmaq, sonra onun yaratdığı öhdəliklər... Mən düşünürəm ki, daha çox indi həm siyasi, həm dövlət quruculuğu baxımdan müstəqilliyi möhkəmləndirmək lazımdır, nəinki beynəlxalq öhdəliklər götürmək. Hesab edirəm ki, prezident üsul-idarəsini daha da gücləndirmək lazımdır. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında biz bir sıra strukturların məhz prezident tabeçiliyinə verilməsini və qərarların ölkə Prezidenti ilə razılaşdırılmasını müşahidə etdik. Bu yanaşmanı düzgün hesab edirəm və hesab edirəm ki, mərkəzləşmə vahid güclü idarəetmə mexanizmi, güclü nizam-intizam bizim dövlət quruculuğundakı uğurlarımızın əsas səbəblərindən biridir. 125 deputatın olması, ya az, ya çox olması texniki məsələdir. Çünki bu, seçici sayı ilə tənzimlənən bir məsələdir.

- Əli bəy, Azərbaycanın iradəsindən kənar şəkildə Rusiya ilə yaşanan gərginliklər haraya qədər davam edəcək?

- Bəli, tam haqlısınız, Azərbaycanın iradəsindən kənar baş verib. Ora qədər davam edəcək ki, Rusiya tərəfi özlərinin günahı, məsuliyyətsizlikləri ucbatından yaratdıqları bu səbəbləri aradan qaldıracaq. Bu, mənim çox dəqiq cavabımdır.

eli huseynli ve elshad pashasoy.jpeg (273 KB)

- Ukraynanı işğal etməkdə davam edən və hətta özünə bəraət qazandıran bir ölkədən dediyiniz münasibəti gözləməyə dəyərmi?

- Rusiya Ukrayna münasibətləri ilə Rusiya Azərbaycan münasibətləri tamam fərqlidir. Çünki bizim münasibətlərimiz hələ də qüvvədə olan və 2022-ci ildə imzalanmış müttəfiqlik sazişinə əsaslanır. Yəni bu, fərqli bir münasibətdir və heç də gizlin deyil. Cənab Prezidentin Rusiyaya səfəri ərəfəsində Rusiya televiziyasına müsahibəsi olmuşdu və o müsahibədə Azərbaycan-Rusiya münasibətlərinin o dövr üçün - dekabra qədər olan vəziyyəti açıq şərh olunmuşdu. Ən yüksək səviyyədə olan münasibətlər. Sonra cənab Prezidentin Sankt-Peterburqa səfəri və məlum təyyarə qəzası, terror cinayəti. Vəziyyəti indiki hala gətirən həmin təyyarə qəzası və bu qəza ilə bağlı beynəlxalq hüquqda qəbul olunmuş, heç müttəfiq olmasa da belə, dostluq, qonşuluq münasibətində olan ölkələr arasında olan anlaşılmayan davranışdır.

- Hesab etmirsinizmi ki, təyyarəmizə açılan atəş həm də Putinin müttəfiqlik sənədinə açılmışdı? İlkin üzrxahlıqdan sonrakı müddətdə niyə Rusiya Prezidentindən hansısa reaksiya yoxdur? Bu əmri kim verib? Hərbi qanadınmı cinayətidir və Rusiya rəhbəri onlara qarşı müqavimət göstərə bilmir? Yoxsa özünün də hansısa maraqları var? Keçən il Azərbaycana səfəri yüksək səviyyədə keçmişdi. Azərbaycan Prezidenti yüksək səviyyədə danışıqlar aparmışdı. Sonra nə baş verdi?

- Cənab Prezident bu hadisəyə münasibətdə tam beynəlxalq hüquqa uyğun olan şərtləri söylədi. Hamı onu dinləyib. O şərtlərdən ancaq biri qəbul olunub, yəni üzrxahlıq, amma digərləri həyata keçirilməyib. Rusiya tərəfinin anlaşılmayan mövqeyi, onların arqumenti bundan ibarətdir ki, guya hansısa araşdırma baş verməlidir, aviasiya hadisələri, qəzaları araşdırması uzun çəkir, onun nəticəsindən sonra qərarlar qəbul olunacaq.

- Amma “qara qutu”lar ortada, şahidlər danışır...

- Əlbəttə. Yəni demək istəyirəm ki, o, ayrı bir prosesdir, istintaqın gedişi, aparılması. Bu dövr ərzində hüquqi məsuliyyət baxımdan heç nə baş verməyib. Azərbaycan bütün səviyyələrdə öz mövqeyini və narazılığını bildirib. Ən yüksək səviyyədə və o cümlədən ictimaiyyət səviyyəsində. Bu mövzuda, məncə, fikir ayrılığı mövcud deyil. Rusiyanın o arqumenti ki, hələ araşdırılacaq və vaxt lazımdır, ciddi görünmür. Axı ona qədər fakt ortalıqdadır. Yəni təyyarənin vurulma faktı ortalıqdadır, məlumdur və nəticədə insanlar həlak olub. Bu, o deməkdir ki, digər şərtlər, yəni kompensasiyanın ödənilməsi və ilkin məsuliyyət, kimlər ki onu törədib, o, dərhal baş verməli idi. Yəni cinayət məsuliyyətinə cəlb olunan şəxslər, ya qurumlara artıq ittiham elan olunmalı idi. Onda Azərbaycan tərəfi müşahidə edərdi ki, proses başlayıb.

- Yəni kimlərsə ən azı şübhəli şəxs statusunda müəyyən edilib... Amma bunlar nəinki olmadı, hətta azərbaycanlılara qarşı total hücumlar, ölkəmizə qarşı təhdidlər başladı...

- Bəli. O ki qaldı son hadisələrə, əlbəttə ki, Azərbaycanın bugünkü reaksiyası əvvəlki dövrdəki təyyarə hadisəsində baş vermiş reaksiya ilə demək olar ki, eynidir. Yəni Azərbaycan tərəfi mövqeyini açıq şəkildə bəyan edir. Söhbət Yekaterinburqda iki nəfər soydaşımızın faktiki olaraq işgəncə ilə qətlə yetirilməsindən gedir. Hər bir kəsin, o cümlədən saxlanılan, ittiham olunan şəxsin də təqsirsizlik prezumpsiyası var. Onlar Rusiya vətəndaşı olsun, yaxud Azərbaycan vətəndaşı, fərq etməz, onların hüquqları var. Bu hüquqlar Azərbaycan qanunvericiliyində də var, Rusiya qanunvericiliyində də, Rusiyanın və Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdə də var. Azərbaycan dövləti öz soydaşlarına qarşı bu cür qeyri-insani davranışı qəbul etmədiyini bildirir. İndi yenə Rusiyanın arqumentlərini eşidirik ki, onlar deyir ki, bu, guya ittiham olunub, hansısa cinayət törətmiş şəxsdir. Onu qanuni yollarla tutub, cinayət törətdiyini qanunu yollarla sübut etmək lazımdır. Hələlik ona “cinayətkar” deyə bilmərik. Yəni Azərbaycanın bu iki hadisədə davranışı tam hüquqidir, tam beynəlxalq hüquqa uyğundur, tam adekvatdır. Yəni rəsmi Bakının  Rusiya-Azərbaycan münasibətlərinin indiki mərhələyə, yəni daha soyuq mərhələyə gəlməsində heç bir təqsiri yoxdur. Rusiya tərəfi də təəssüf olsun ki, bu məsələdə hansısa təqsirkarları axtarır, Zəngəzur koridoru mövzusundan tutmuş, Qərb, Avropa, Ukraynaya qədər günahkarlar arayırlar. Hərgah günahkar özləridir. Günahı özlərində axtarmağa başlasalar, hər şey dəyişəcək. Bu məsələlərə yanaşma dəyişməlidir. Bəlkə də hansısa ölkələrə münasibətdə bu, keçərli olub. Amma Azərbaycana münasibətdə keçərli deyil. Çünki Azərbaycan hüquqdan, ədalətdən kənar heç nə tələb etmir. Yeri gəlmişkən, Azərbaycan-İran münasibətlərinə xələl gətirən hadisələr var idi, biz indi tam əminliklə deyə bilərik  - cənab Prezident də açıq söylədi, ictimaiyyət nümayəndələri də fikirlərini bildirmişdilər - Azərbaycanın qanuni, ədalətli tələbləri yerinə yetirildi, bu gün Azərbaycan-İran münasibətləri ən yüksək səviyyədədir. Çünki İran tərəfindən qərarlar qəbul olundu - misal üçün, səfirliyimizə cinayət törətmiş şəxs İran qanunlarına görə edam olundu. Azərbaycan da adekvat, hələ bir qədər də isti münasibət nümayiş etdirdi. Hesab edirəm ki, İran Prezidentinin Azərbaycana iki səfəri, elə sonuncu Xankəndi səfəri, cənab Prezidentlə görüşləri, Azərbaycan türkcəsində olan qardaşlıq münasibəti, davranış buna nümunədir. Rusiya da Azərbaycanla belə davranmalıdır. Ola bilsin ki, SSRİ dövründə xalqlar bir-birilərinin mentalını daha yaxşı bilirdilər, bəlkə də onlar unudublar. Yeri gəlmişkən, cənab Prezident də öz çıxışında bildirdi ki, mən demirəm ki, bu, qəsdlə törədilib, amma reaksiya adekvat olmalıdır. Necə ola bilər ki, onlarla Azərbaycan vətəndaşı, həmçinin digər ölkələrin, o cümlədən Rusiyanın vətəndaşları təyyarə qəzasında həlak olub, ancaq reaksiya adekvat deyil? Burada günahkar və sualların axtarası tərəf biz deyilik. Mən bir hissəsini dedim və daha çox münasibətlər baxımından hüquqi aspektlərə toxunmağa çalışdım. Həmçinin mən heç zaman emosional çıxış eləmirəm. Amma burada vəziyyət elədir ki, Azərbaycan tərəfindən nəsə gözləmək lazım deyil. Sualınızın birinci hissəsinə qayıdıram. Rusiya tərəfi bu hadisələri törətmiş, vəziyyəti belə gərginləşdirmiş səbəbləri İran etdiyi kimi, nə zaman aradan qaldıracaqsa, onda da vəziyyət dəyişməyə başlayacaq.

- Rusiya Azərbaycandan nə istəyir?

- Bunu Rusiyadan soruşmaq lazımdır ki, nə istəyir. Ötən ilin dekabrına qədər Azərbaycan-Rusiya münasibətləri bizim imzaladığımız sənədlərə uyğun idi. Amma münasibətlərin mənfiyə doğru dəyişməsi təyyarə hadisəsi ilə bağlıdır. Oradakı sualların heç birinin cavabı yoxdur. Rusiya nə qədər tez həmin suallara cavab versə və zəruri addımları atsa, bir o qədər tez işgüzar münasibətlər bərpa olunar.

- Ola bilərmi ki, Kreml Azərbaycan və Ermənistanın ikitərəfli formatda sülh imzalamaq niyyətini həzm edə bilmir və masanın başında olmağa cəhd göstərir?

- Bunlar daha çox politoloji suallardır. Çünki biz bunu belə deyə bilərik, amma Rusiya rəsmi olaraq deyir ki, Azərbaycan və Ermənistanın Əbu-Dabi görüşünü dəstəkləyir. Yəni bu məsələlərdə şəxsi, fərdi, emosional, yaxud fərziyyələrlə danışmayaq. Çünki Rusiya tərəfi də belə deyib. Onu da deyə bilərik ki, Rusiya Zəngəzur dəhlizinin açılmasına 10 noyabr sazişinə görə sanki maraqlı görünürdü. Yəni desək ki, maraqlı deyil, deyərlər ki, axı, biz imzalamışıq. Düzdür, praktik tədbirlər görmürlər. Amma səslənən fikirlər fərziyyələr, politoloji yanaşmalar, proqnozlar ola bilər. Mən istərdim ki, baş vermiş hadisə və problemlərlə bağlı biz daha çox dövlətlərarası hüquqi münasibətlərə söykənək. O da ondan ibarətdir ki, hadisə baş verib, üzr istəmək aydındır, bu, dövlətlər arasında baş verib. Amma ondan sonra prosedur var. Cinayəti törətmiş şəxslərin adekvat məsuliyyət məsələsi və ciddi cəzalanması, nəhayət, zərərçəkənlərə adekvat kompensasiyaların verilməsi. Baş vermiş cinayət hadisəsi ilə bağlı Rusiya tərəfindən adekvat heç nə baş verməyib. Bu da hələlik çox ciddi bir boşluqdur.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR