İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandakı səfirliyimiz fəaliyyətə başladı, münasibətlər yeni mərhələyə qədəm qoyur - RƏYLƏR

Aydın Mirzəzadə: “İran-Azərbaycan münasibətləri iki qonşu arasında arzuolunan ən yaxşı səviyyəyə çata biləcək”

Elxan Şahinoğlu: “Azərbaycan səfirliyinin Tehranda fəaliyyətə başlaması Məsud Pezeşkianın ilk xarici siyasət uğurlarından biri hesab edilə bilər”

Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində bu gündən etibarən Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.

Qeyd edilib ki, İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib.

“Hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək. Səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir. Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək”, - deyə məlumatda qeyd edilib.

AYDİN.jpg (333 KB)

Millət vəkili Aydın Mirzəzadə Musavat.com-a şərhində bildirib ki, İranda Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlaması qonşu dövlətlə münasibətlərimizdə yeni səhifənin açılması deməkdir:

“Ötən il səfirliyimizə edilən hücum münasibətlərimizi səngitdi. Azərbaycan İran tərəfdən səfirliyimizin fəaliyyətinin bərpa edilməsini və cinayətkarların cəzalandırılmasını tələb etdi. Göründüyü kimi, hər iki şərt yerinə yetirildi. İran tərəfi Azərbaycanla münasibətləri xüsusi diqqətdə saxladı. İran tərəfinin səfirliyimizin təhlükəsizliyini məsuliyyətlə öz üzərinə götürməsi yaxşı qonşuluq münasibətlərinin təzahürüdür. Eyni zamanda səfirliyimizə şəhərin mərkəzində, adımıza layiq möhtəşəm ərazinin və binanın verilməsi İranın Azərbaycanla münasibətlərdə maraqlı olduğunu göstərir. Qısa zamanda səfirliyimiz konsulluq fəaliyyətinə başlayacaq. Ötən ilin əvvəlində az qala sıfır səviyyəsinə düşmüş münasibətlərimiz daha da genişlənəcək. İran-Azərbaycan münasibətləri iki qonşu arasında arzuolunan ən yaxşı səviyyəyə çata biləcək”.

A.Mirzəzadə vurğulayıb ki, Azərbaycan İranla münasibətlərə xüsusi əhəmiyyət verir:

“Cənab Prezident İlham Əliyev İranla dostluq münasibətlərinə həmişə yüksək qiymət verib. Heç bir zaman Azərbaycan anti-İran proseslərinə qoşulmayıb. Hər zaman İranın suverenliyinə, müstəqilliyinə hörmətlə yanaşıb. Son dövrlərdə İran tərəfdən Azərbaycanla münasibətlərə verilən pozitiv mesajlar onu göstərir ki, İran da Azərbaycanla münasibətlərin yaxşı olmasında maraqlıdır və bu istiqamətdə əhəmiyyətli addımlar atır. Düşünürəm ki, münasibətlərimiz digər ölkələrə nümunə olmalıdır. İran hər zaman Azərbaycanın qismində dost, yaxşı qonşu nümunəsi görəcək”.

elxan.jpg (68 KB)

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da səfirliyimizin fəaliyyətini bərpa etməsini şərh edib:

“Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi, o cümlədən səfir və səfirliyin hazırkı heyətinin İrana geri dönməsi doğru addımdır. Səfirlik Tehranda fəaliyyətini yeni ünvanda bərpa edib. İranın keçmiş hakimiyyəti rəsmi Bakı ilə səfirliyin açılmasıyla bağlı uzun müddət danışıqlar aparıb. Səfirliyimizin gələcək fəaliyyətinin təhlükəsizliyinə təminat verilmədiyinə görə danışıqlarda irəliləyiş yox idi. Yeni binada təhlükəsizlik tədbirləri artırılacaq. Səfirliyin fəaliyyətə başlaması İranda qanunsuz həbsdə saxlanılan Azərbaycan vətəndaşı olan tələbəmizin hüquqlarının qorunması işinə də dəstəkdir.

Azərbaycanın Tehrandakı səfirliyinin İranda Azərbaycan türkü Məsud Pezeşkianın prezident seçildiyi dövrə təsadüf etməsi də diqqəti cəlb edib. Bu, rəsmi Bakının İranın yeni prezidenti ilə münasibətlərin inkişafına maraqlı olmasına işarədir. Öz növbəsində Məsud Pezeşkian uzun müddətdən sonra Azərbaycan səfirliyinin Tehranda fəaliyyətə başlamasını özünün ilk xarici siyasət uğurlarından biri hesab edə bilər. Azərbaycan İranla normal münasibətlərdə və ortaq layihələrin reallaşmasında maraqlıdır. Ancaq Məsud Pezeşkian və onun komandası elə etməlidir ki, İrandakı müxtəlif qüvvələr Azərbaycana qarşı təxribatçı açıqlama və fəaliyyətlərdən əl çəksinlər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR