İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda molla rejimi əleyhinə aksiyalar genişlənib: “Haqqımızı vermirlər”

 

İranda molla rejiminə qarşı aksiyalar genişlənib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İranın Şiraz, Bəndər Abbas, Əhvaz, Sənəndəc, Tehran, Təbriz, Urmiya  və bir sıra şəhərlərində etiraz aksiyaları davam edib. Etirazlarda Diktatora ölüm!”, “Xameneyiyə ölüm!", “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, “Top, tank, fişfişə, axund gərək rədd ola!” və digər şüarlar səsləndirilib.

Tehran şəhərində:

Şəhriyar yaşayış massivində etirazçı gənci həbs etməyə çalışan mülki geyimli hökumət məmuru vətəndaşlar tərəfindən tərksilah edilib.

Tehranın Xomeyni xəstəxanasında çalışan tibb bacıları etiraz aksiyası keçirib: "Ümrə sözü verirlər, amma haqqımızı vermirlər",-deyə şüarlar səsləndiriblər.

Niyayeş şossesində etirazçılar hökumət simvolu olan baneri yandırıblar.

Narmək məhəlləsində rejimə qarşı etiraz nümayişi keçirilib. Nümayişçilər "Diktatora ölüm”, “Xameneyiyə ölüm!"- deyə şüarlar səsləndirib. Kərəc şəhərində etirazçılar hökumət din xadiminin ofisinə od vurublar.

Şərqi Azərbaycan əyaləti:

Təbrizin Abbasi küçəsində etirazçılar tərəfindən Cənubi Azərbaycanın Milli Mübarizə bayrağı körpüdən asılıb. Culfa şəhərindən olan Arşiya İmamquluzadə həbsdən buraxıldıqdan sonra intihar edib.

Qərbi Azərbaycan əyaləti:

Urmiya şəhərində etirazçılar tonqal yandıraraq, yolu bağlayıb anti-hökumət şüarları səsləndiriblər.Qoşaçay (Miyanduab) şəhər sakini Cavid İzzəti İran  təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Ərdəbil əyaləti:

Ərdəbil şəhərində şagirdlər hökumətə qarşı etirazlarda bütün şagirdlərin birlik nümayiş etdirməsinə çağıran şüar səsləndiriblər: "Əgər birləşməsək, bir-bir öldürəcəklər bizi!”

Fars əyaləti:

Şiraz Neft Emalı Zavodunun yük maşını sürücüləri etiraz tətili keçirib. İranın bir çox bölgələrində yanacaq çatışmazlığı müşahidə olunur.

Hörmüzqan əyaləti:

Bəndər Abbas şəhərində “Madkuş şirkəti”nin işçiləri uzun müddətdir məvaciblərini ala bilmədiklərindən tətil keçiriblər. Zavodda iş tam dayandırılıb.

Əhvaz şəhərində:

Bələdiyyə işçiləri hökumətin onların tələblərinə cavab vermədiyi üçün etiraz aksiyası və tətilə başlayıblar. Etirazçılar Xomeyninin nəhəng barelyefinə benzin tökərək od vurublar.

İsfahan əyaləti:

İsfahan şəhər xəstəxanasında tibb işçiləri hökumətin repressiyalarına etiraz məqsədilə tətil keçirib.

Kürdüstan əyaləti:

Kürdüstan əyalətində ibtidai qızlar məktəbinin şagirdləri də anti-hökumət şüarlarla nümayiş keçirib. Şagirdlərin şüarları: "Qadın, həyat, azadlıq!”, “Top, tank, fişfişə, axund gərək rədd ola!”.

Sənəndəc şəhərində:

Məktəb şagirdləri yolu bağlayaraq hökumətə qarşı etiraz aksiyası keçirib. Etirazçılar divarlara Xameneyinin hakimiyyətinə qarşı şüarlar yazıblar.

İranın Çabahar şəhərində etnik bəluc edam edilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR