İnsanlara hürriyət, millətlərə istiqlal!

“İrana işləyir” ittihamı: “həbs olunanların hamısı günahkardırmı” fikrinə reaksiyalar

Son vaxtlar İranın xüsusi xidmət orqanlarına işləməkdə şübhəli bilinən Azərbaycan vətəndaşlarının həbsi həyata keçirilir. Bu həbslərlə bağlı sosial şəbəkələrdə müəyyən müzakirələr gedir. İctimaiyyət arasında əsasən iki fikir müzakirə edilir. Əksəriyyət o qədər adamın İrana casusluq ittihamı ilə həbs edilməsindən razılığını ifadə edir, hətta casus şəbəkəsinin tamamilə darmadağın edilməsini istəyir. Bir qism adam da bu həbslərin qanuniliyini, ədalətliliyini şübhə altına alır, ədalətsizliklərə yol verildiyini iddia edir. İstər iranpərəst, istərsə də avropayönümlü politoloqlar, insan haqları müdafiəçiləri arasında narazılıq var ki,  həbslərin bu cür kütləvi şəkildə olması doğru deyil, yanaşma yanlışdır. Qeyd edilir ki, burada təqsirsizlik prezumpsiyası nəzərə alınmalıdır. Hətta bəziləri “Tərtər işi”ndə yol verilən haqsızlıqlara, cinayətlərə istinad edir, casusluq ittihamı ilə saxlanılanlarla o işin qurbanları arasında bir eyniliyin olduğundan ehtiyatlanır. Belə bir vəziyyətdə, Azərbaycan dövlətinin, ictimaiyyətin, jurnalistlərin mövqeyi necə olmalıdır?

Qeyd edək ki, kütləvi həbsləri qınayanlar arasında tanınmış yazıçı Şərif Ağayar da var. O, fikirlərini belə ifadə edib: “İran da lənətə gəlsin, ona işləyən də. Amma bu qədər adamı məhkəməsiz-filansız "İrana işləyir" ittihamı ilə tutub içəri doldurmaq və ictimai müzakirəyə çıxarmaq doğrudurmu? Kim müəyyən edir bunu? Necə müəyyən edir? Əlində hansı faktlar var? Və bu faktların doğruluğuna necə əmin olub? Ən başlıcası, ona konstitusiyanın fövqünə qalxan bu müstəsna səlahiyyəti kim verib? Buyruq mətbuatı yazır, biz də hissə qapılıb “layk”dan basırıq. Halbuki xırda bir empatiya kifayətdir ki, azca tərəddüd edib düşünəsən. Lap vətən xaini olsa belə, qarşımızdakı Azərbaycan vətəndaşıdır və onun hüquq və azadlıqlarını nəzərə almaq hamının, ən başda da Azərbaycan dövlətinin borcudur. Hamı ittiham edir, hamı əmindir, heç kimə məhkəmə sübutu lazım deyil... Və bu adamların çoxu müəllim, həkim, jurnalist, yazıçıdır...  İrana işləyənlərdən çox, üz-üzə dayandığımız bu xor qorxudur adamı... Nə deyəcəyini bilmirsən".

Ceyhun Məmmədov: “Elm və Təhsil Nazirliyinin yaradılması Azərbaycan elminin  inkişafına ciddi töhfə verəcək”

Ceyhun Məmmədov: “Heç kim narahat olmasın ki, kimsə qanunsuz yerə, günahı olmadan cəzalandırılacaq”

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov isə məsələyə başqa rakursdan baxır: “Əvvəlcə onu xatırladım ki, İranda hər 16-17 saatda bir nəfəri məhkəmə qərarı olmadan edam edirlər.  Məhkəmələr olsa belə, tamamilə qeyri-legitim məhkəmələrdir və hər 16 saatda bir nəfər səbəbsiz, günahsız yerə edam olunur. Hüquq müdafiəçiləri narahatlıqlarını bu istiqamətdə bildirsələr, daha yaxşı olar. Azərbaycanda baş verənlərə gəlincə, hüquqi olaraq bu insanlar hələ həbs olunmayıblar.  Onlar saxlanılıblar, istintaqları gedir. Həbs qərarını ancaq məhkəmə verə bilər. Bütün sübutlar məhkəmədə təqdim olunacaq. Bundan sonra demək olar ki, məhkəmə nə qədər əsaslı oldu, sübutlar nə qədər əsaslıdır və sairə. Yəni indidən bu haqda nə isə demək mümkün deyil. Məsələyə mənəvi tərəfdən yanaşsaq, problemə ictimai tərəfdən nəzər salsaq, həmin tutulan adamların İrana işlədiyini başa düşmək üçün ümumiyyətlə sübuta ehtiyac yoxdur. Onlar gecə-gündüz hər kəsin gözü qarşısında aylarla, illərlə durmadan İranı təbliğ edən adamlar idilər. Bəziləri açıq şəkildə yutubda deyirdilər ki, "Kərimə dövləti" yaranmalıdır. Bəziləri də digər sosial şəbəkələrdə öz aqressiv, iranpərəst ekstremist dini ideyalarını təbliğ edən adamlar olublar. Bunlar hətta özlərinin kim olduğunu gizlətməyə də çalışmayıblar. Burada, “görünən dağa nə bələdçi” məntiqi dövriyyəyə girir. Kütləviliyə gəlincə, başqa sual narahatlıq doğurmalıdır, niyə bu qədər Azərbaycan vətəndaşı İrana işləyirmiş. Yadıma düşmüşkən deyim, sovet vaxtı Samuil Marşak Artur Konandoylun Şerlok Holmsla bağlı hekayələrini tərcümə etmişdi. Bu, əlbəttə sosializm ədəbiyyatının fonunda çox maraqlı, oxunaqlı bir hekayələr sayılırdı. Amma kitabın girişində tərcüməçidən belə bir qeyd yazılmışdı, “bunu oxuyanda sizə maraqlı gələcək, amma düşünün, niyə ingilis cəmiyyətində bu qədər cinayətkarlıq var ki, Şerlok Holms bu qədər işlərlə üzləşir”.  Bax biz də bu sualı qoymalıyıq ki, nədə səhv buraxmışıq. Sualı niyə çox tutulur kimi yox, sualı niyə bu qədər çoxalıb şəklində qoymaq lazımdır. Onda daha doğru istiqamətdə getmiş olarıq".

Vüsal Məmmədov aparıcılıq edəcəyi verilişin yeniliklərindən danışdı

Vüsal Məmmədov: “Onlar gecə-gündüz hər kəsin gözü qarşısında aylarla, illərlə durmadan İranı təbliğ edən adamlar idi”

Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda Azərbaycan Dövlətinin həyata keçirdiyi bu addımları, siyasəti pisləmək yönündə güclü bir təbliğat aparılır: “Əlbəttə, biz burada hər bir həbsə, hər bir insanın tutulmasına həssas yanaşmalıyıq. Bu gün dövlət belə yanaşır. Əgər belə iddialar varsa, onların da qarşısını almaq üçün dövlət müəyyən addımları atır. Amma bu gün müəyyən qruplar məqsədli şəkildə dövlətin atdığı bu addımları ləkələməyə və buna sırf insan hüquqları prizmasından yanaşmağa çalışırlar. Məncə, hazırkı vəziyyətdə hər kəs dövlətin yanında olmalıdır. İstər media, istərsə də digərləri, hər kəs dövlətin yanında olmalıdır. Dövlətin siyasətini də dəstəkləməlidir. Təəssüf ki, bu gün xaricdə oturan, özünü insan hüquqlarının müdafiəçisi adlandıran insanların da bir qismi eyni mənbədən qidalandığı üçün bu gün daha çox dövləti günahlandırmağa çalışırlar. Onlar, əlbəttə, dövlətin atdığı hər bir addımı da nüfuzdan salmağa çalışırlar. Hesab edirəm ki, Azərbaycanda bu proses davam etdirilməlidir, kənar təsirlərin qarşısı maksimal dərəcədə alınmalıdır. Əgər hansısa qeyri-qanuni hal varsa, bundan da heç kim narahat olmasın”.

Deputat əlavə edib ki, həbs edilən insanların hər birinin fəaliyyəti, atdığı addımlar ciddi şəkildə araşdırılacaq: “Dövlət müvafiq qərarları qəbul edəcək. Ona görə də bizim hər birimiz bu məsələyə həssas yanaşmalıyıq. Dövləti dəstəkləməliyik. Heç kim narahat olmasın ki, kimsə qanunsuz yerə, günahı olmadan cəzalandırılacaq. Bu gün dövlət öz təhlükəsizliyini təmin etmək üçün, kənar təsirləri azaltmaq üçün bu cür addımları atır. Bu addımların atılması da doğrudur, bu sona kimi də davam etdirilməlidir. dünyanın hər yerində normal cəmiyyətlər dövlətin yanında olub, onu dəstəkləyir. Ona görə də bu gün biz insan haqları məsələsini qabardaraq dövlətə təzyiqə yol verməməliyik. Dövlət sona kimi bu addımları atmalıdır ki, qarşısına qoyduğu məqsədə çata bilsin”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR