Onlayn ictimai-siyasi qəzet
Əslən Azərbaycandan olan 7 İsrail vətəndaşı İranın xeyrinə casusluqda şübhəli bilinir.
Musavat.com xəbər verir ki, məlumatı “The Times of Israel” portalı yayıb.
Məlumata görə, iki il ərzində İsrail vətəndaşları iranlı idarəçilər üçün təxminən 600 missiya həyata keçirərək, Nevatim və Ramat David hava qüvvələri bazaları kimi strateji İsrail hərbi obyektləri, həmçinin Dəmir Qübbə HHM mövqeləri haqqında məlumat ötürüblər. Bu obyektlər İranın son 2 raket hücumunun, həmçinin Hizbullahın hədəfi olub.
Onlar xidmətlərinin ödənişi olaraq yüz minlərlə şekel alıblar. Ödənişlər qismən Rusiyadan gələn turistlər vasitəsilə nağd və qismən kriptovalyuta ilə həyata keçirilib. İstintaqın məlumatına görə, şübhəlilər məlumatları şifrəli kanallar vasitəsilə ötürüb və hansı obyektlərin çəkilişi və bunun üçün nə qədər pul ödəməli olduqları ilə bağlı ətraflı təlimat alıblar.
Bu, son illərin ən ciddi casusluq hadisələrindən biridir. Saxlanılanların bir neçəsi sentyabrın 19-da həbs ediliblər, istintaq onların ifadələri əsasında bütöv bir şəbəkəni aşkarlayıb. İsrail prokurorluğu bəyan edib ki, onlar tezliklə casusluq və düşmənlə əməkdaşlıq ittihamı ilə ittiham olunacaqlar – bunlar İsraildə ömürlük həbslə cəzalandırılan cinayətlərdir.
Təqsirləndirilənlər arasında iki azyaşlı da var. Qalanları Hayfa və İsrailin şimalında yaşayan böyüklər, o cümlədən fərari bir əsgərdir. Şübhəlilər Əziz Nisanov, Aleksandr Sedikov, Yiqal Nisan, Vyaçeslav Quşçin, Yevgeni Yoffe və adları açıqlanmayan iki azyaşlıdır.
Cinayətkar dəstənin ilk üzvləri yüksək vəzifəli İsrail rəsmisini və onun ailəsini izləyərkən tutulub. Daha sonra digər üzvlərə çıxılıb.
Onlar Qayıdış Qanununa əsasən İsrail vətəndaşlığını alıblar. Daimi işləri olmayıb və müstəntiqlərin fikrincə, casusluq zamanı onların əsas motivasiyası pul maraqları idi.
İstintaq zamanı müstəntiqlər telefon dinləmələrindən istifadə ediblər ki, bu da şübhəlilərin fəal şəkildə yeni tapşırıqlar axtardığını göstərir.
Onlardan bəziləri İsrailin cənubundakı hərbi obyektlərin çəkilişləri zamanı aşkar cinayət başında həbs ediliblər. İranla koordinasiya səlahiyyətlilərin bölgədəki digər casus şəbəkələri ilə əlaqəli olduğunu bildirən Əlhəsən adlı türk vasitəçisi vasitəsilə həyata keçirilib.
İstintaq müəyyən edib ki, İran İsrailə zərbə endirdikdən sonra şübhəlilərə sonrakı hücumların effektivliyini artırmaq üçün vurulan zərəri və dəqiqliyini qiymətləndirmək tapşırılıb.
Musavat.com
08 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ