Onlayn ictimai-siyasi qəzet
Rəsmi Tehran hələ də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) etirazına normal cavab verməyib. İran XİN-in cavabı məsuliyyətdən yayınmaqdan başqa bir şey deyil.
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın Xarici İşlər Nazirliyinə çağırılaraq, ona ötən ilin 29 dekabrında Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilməsinə yetərli cavab verilməyib. Rəsmi Bakı qətiyyətlidir. Son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb. Həmçinin İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələr qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib. Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı qeyd olunub. Eyni zamanda Azərbaycana qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub.
İran Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə baş direktoru Möctəba Demirçili isə IRNA agentliyinə verdiyi açıqlamada, Ərdəbildəki “şou-proqram”da səslənən sərsəm fikirlərin İranın rəsmi mövqeyi ilə əlaqəli olmadığını bildirib. Sitat: “İranın siyasəti qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla münasibətlərin inkişafına yönəlib. Azərbaycanın Xarici İşlər Nazirliyinin etirazı İranın şimal-qərbində yerləşən bir şəhərdə fərdi şəxsin yersiz və düşünülməmiş çıxışları ilə bağlıdır”. Yersiz və düşünülməmiş çıxış İranın rəsmi televiziyasında yayılıb, uşaq başı aldatmırsınız! Üstəlik, bu sərsəmləmələr İranın dini liderinin Ərdəbildəki nümayəndəsi – imam-cüməsi Seyid Amulinin, həmçinin ostandarın, digər rəsmilərin iştirak etdiyi tədbirdə səslənib. Kimsə “yersiz və düşünülməmiş” çıxışı edənin ağzının üstündən vurub, “kəs səsini, təfriqə salma”, deyibmi? Yox! Əksinə, Azərbaycan və Türkiyə prezidentlərinin ünvanına səsləndirilmiş təhqirlər İranın rəsmi kanalında yayımlanıb. Bütün bunlardan sonra İran XİN-in diplomatının “belə açıqlamalar rəsmi Tehran tərəfindən dəstəklənmir və bu, İran-Azərbaycan münasibətlərinə zərər vuracaq bir addım kimi qəbul edilmir”, nağılına kim inana bilər?
Amuli və onun kimiləri havalandıran 1989-cu ilin 31 dekabrında İran-Azərbaycan sərhədinin dağıdılması faktıdır. Xatırlayıram, o zaman Yardımlının mərkəzində müstəqillik tələbi, “Qarabağ” şüari ilə keçirilən aksiyadan sonra fəallar və iştirakçılar cənublu qardaşlarımızla aramızda ayrılıq salan tikanlı məftillərin sökülməsi üçün QAZ 66 və URAL markalı maşınların yük yerinə mindilər. Mən də həvəslə qaçıb maşınların birinə qalxmaq istəyirdim ki, təhlükəli olduğunu və bu səbəbdən yeniyetmələrin iştirakının yolverilməzliyini deyib, geri qaytardılar... Seyid Həsən Amulinin məhz 29 dekabrda, tikanlı məftillərin sökülməsinin ildönümü ərəfəsində və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı dövlət başçımızın bütün dünya azərbaycanlılarına müraciət ünvanlamasından öncə təxribata əl atması sıradan məsələ deyil, düşünülmüş addımdır. Bundan əvvəl də bənzər təxribatlar az olmayıb. Prezident İlham Əliyevin “Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bütün dünyada yaşayan azərbaycanlıları bu bayram münasibətilə ürəkdən təbrik edirəm. Əziz xalqıma cansağlığı, firavanlıq, xoşbəxtlik, səadət arzulayıram”, xitabı Amuli kimilərə yaman yer eləyir. Vaxt var idi azərbaycanlıların sayı 50 milyon idisə, bu gün 60 milyona çatıb. Üstəlik, Türk Dövlətləri Təşkilatı günü-gündən güclənir, genişlənir. İran əhalinin 60 faizini təşkil edən türklərin bu proseslərə biganə qalmadığı bəllidir. Amuli bir neçə il əvvəl Güneydəki soydaşlarımızı “azər” adlandırmışdı və cavabını elə ordakı bacı-qardaşlarımızdan almışdı: “Biz türkük, azəri deyilik!” Diqqət edin, İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) Həsən Amulinin təşkilatçılığı ilə “19 yanvar mərasimi– dünya müsəlman azərilərinin günü” adlı qondarma tədbir keçirir. Bununla da 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik gününə guya ki, “alternativ” ortaya qoyur. Yaxud bu şəxs fürsət düşən kimi bölücülüklə məşğul olur. Budəfəki qəsdi təkcə azərbaycanlıları bölmək olmayıb, həm də Türkiyə və Azərbaycan arasında nifaq salmaq olub. Əks təqdirdə 500 il əvvəl fitnə-fəsad nəticəsində baş vermiş Çaldıran döyüşünü xatırlatmazdılar, “Bir millət, iki dövlət”in arasına girməyə səy göstərməzdilər. Yeri gəlmişkən, bir zamanlar həmin bu imam-cümə “İran və Azərbaycan bir millət, iki dövlətdir”, demişdi. Məqsəd-məram təbii ki, bəllidir. Farslarla nə zamandan bir millət olmuşuq. Digər tərəfdən, Güneydəki 50 milyonluq türkü “azəri” adlandırırsa hər şey bəlli...
İranın Suriyada biabırçı məğlubiyyətə uğramasına qıcıqlı reaksiyadır həmin məzhəkədə səsləndirilən iftiralar. Axı, Azərbaycan da Türkiyə ilə birgə hərəkət edir Suriyada. Öz aləmində Amuli və tərəfdarları Bakı ilə Ankaranın arasında “Araz səddi” çəkmək istəyir. Bölməyə adət ediblər axı. Amma anlamırlar ki, Türkiyə milliyyətçilərinin lideri Devlət Bahçeli əfəndi Şah İsmayıla da, Sultan Səlimə də eyni dərəcədə dəyər verir, eləcə də digər Türkiyə rəsmiləri və ümumilikdə Türk xalqı.
Ötən ilin yaz aylarında Van vilayətinə səfərimiz olmuşdu. Güclü yağmur olsa da, Çaldıran düzündə maşını saxlamağı xahiş etdim. Türkiyə və Azərbaycandan olan heyət üzvləri olaraq Çadıran şəhidlərini birgə andıq, ruhlarına dualar oxuduq, bir daha olmasın istəyi ilə yolumuza davam elədik. Bundan sonra məzhəb söhbətini ortaya atanlar heç nə qazana bilməyəcəklər, bizim Qars əhdimiz, Şuşa andımız var! Çaldırandakı qardaş qırğınından əsrlər sonra Nuru paşanın rəhbərliyi ilə Şah İsmayıldan qalan Azərbaycanın ərazilərini tam şəkildə tikə-para edilməsinə imkan verməyən igidlər bizim torpaqlarda şəhadətə qovuşdular. Eynilə Çanaqqala döyüşlərinə qatılmış azərbaycanlıların məzarları türk qardaşlarımız üçün də and yeridir, Çaldıran döyüşündən 400 il sonra! Ona qalsa, Azərbaycan xanlıqları da bir-birinin qanını az tökməyiblər, çox təəssüf ki...
Yenə də ona qayıdırıq ki, Tehran məsuliyyəti üzərindən atmasın! Rusiya rəhbəri təyyarə olayına görə Azərbaycan prezidentindən üzr istədiyi kimi, İran rəhbərliyinin də təhqirlərə görə üzrxahlığı olmalıdır. Özü də təkcə Azərbaycana deyil, həm də Türkiyəyə! Çünki biz dövlətlərimizi ayırmırıq, birik, birgəyik, iriyik, diriyik! Onsuz da ətrafında çənbərin daraldığı bir məqamda İran niyə “qaşınsın” ki?
Bir neçə gündən sonra İrandakı səfirliyimizə terror hücumunun ikinci ildönümü olacaq. O zaman səsi çıxmayan Amuli və digərləri yenə də aranı qarışdırmağa çalışırlar. Azərbaycanın da qırmızı xətti var və onu keçməyə kimsə cəsarət etməsin, əks halda cavabını alacaq! Zəfər qazanmış ölkənin qalib sərkərdəsinə dil uzadanların axırı yaxşı olmur, bunu yaxın keçmişdə hər kəs görüb... İran Azərbaycan və Türkiyə liderləri haqda “yersiz və düşünülməmiş” çıxışlar edənlərin ağzını yummasa, belələrini cəzalandırmasa, demək bu təxribatın planı Tehranda cızılıb...
05 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ