Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İranla İsrail arasında gedən hərbi qarşıdurma Azərbaycanın sərhədlərində – xüsusilə də Naxçıvan Muxtar Respublikasında artıq birbaşa müşahidə ediləcək həddə çatıb. Bu barədə APA agentliyi tərəfindən yayımlanan video görüntülər də mövcuddur. Kadrlarda İsrailin və İranın qarşılıqlı atdığı ballistik raketlərin Naxçıvan ərazisindən aydın görünməsi və səs-küyünün eşidilməsi faktı təsbit olunub.
Bu dramatik görüntülər bir daha göstərir ki, Azərbaycan faktiki olaraq münaqişə zonasının bilavasitə qonşusudur. İranın İsrail raketlərinin hədəfinə çevrilən bölgələri – Təbriz, Ərdəbil, Culfa və digər azərbaycanlıların sıx yaşadığı şəhərlər – coğrafi baxımdan Şimali Azərbaycana çox yaxın məsafədə yerləşir və sərhədlərdəki rayonlarımızla qonşudurlar.
Məlumata görə, bu gün səhər saatlarında İsrailin hava hücumları nəticəsində Təbrizdə 38 nəfər mülki azərbaycanlı həyatını itirib. Bu faciə Azərbaycanda – həm rəsmi dairələrdə, həm də ictimaiyyət arasında dərin narahatlıqla qarşılanıb. Hücum İrana edilsə də, orada yaşıyan azərbaycanlılar da bombardımana məruz qalır, həlak olur, yaralanırlar. Bu, bizləri üzür və barahat edir. Eyni zamanda, sərhədimizə bu qədər yaxın ərazidə baş verən müharibə artıq təhlükəsizlik baxımından dövlətimizə birbaşa təhdid yaradır.
Azərbaycanın dövlət rəhbərliyi – o cümlədən Prezident İlham Əliyev, bölgədə sülhün təmin olunması üçün bütün diplomatik imkanlardan istifadə edir. Regionda sabitliyin bərpası, raketlərin susması və müharibənin dayanması həm dövlətimizin, həm də xalqımızın əsas istəyidir.
Hadisələrin Naxçıvan kimi həssas sərhəd bölgəmizdə açıq şəkildə müşahidə olunması göstərir ki, bu müharibə artıq təkcə Tehran-Təl-Əviv arasında deyil, Cənubi Qafqaz üçün də ciddi təhlükə mənbəyinə çevrilir. Azərbaycanın İranda 40 milyona yaxın soydaşı yaşayır və onların təhlükəsizliyi ölkəmiz üçün həyati əhəmiyyət daşıyır.
Beynəlxalq ictimaiyyətin və xüsusilə region ölkələrinin bu məsələdə daha fəal davranması, sülh çağırışlarını gücləndirməsi zəruridir. Azərbaycan isə öz növbəsində həm siyasi platformalarda, həm də humanitar səviyyədə vəziyyətin normallaşmasına töhfə verməyə çalışır.
Biz qəzetçi - jurnalistlərin də duaları qardaşlarımız, soydaşlarımız üçündür.
Musavat.com görüntüləri təqdim edir:
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ