İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Səudiyyə ilə barışdı - bəs Azərbaycanla nə vaxta qaldı, qiyamətə?..

Deputat: “Bu rejim həmişə bizə qarşı olub, Azərbaycanın inkişafını, müstəqilliyini qəbul etməyib”

Martın 11-də İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. “Yeni Müsavat” xəbər verir ki, İran və Səudiyyə Ərəbistanı əlaqələrin normallaşdırılması üçün Pekində danışıqlar aparıb. Çin səlahiyyətliləri vasitəsilə iki ölkənin yüksək səviyyəli təhlükəsizlik rəsmiləri arasında görüş olub.

Razılaşma barədə İran, Səudiyyə Ərəbistanı və Çin birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, İran və Səudiyyə Ərəbistanı iki ay ərzində diplomatik əlaqələrin bərpası, səfirlik və nümayəndəliklərin qarşılıqlı olaraq yenidən açılması ilə bağlı anlaşıb. 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla, 47 nəfər terrorizm ittihamı ilə edam edilib. Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra İranda nümayişçilər tərəfindən Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binaları yandırılıb. Yəməndə 2015-ci ilin martında başlayan böhran səbəbindən onsuz da gərginləşən diplomatik əlaqələr edamlardan sonra tamamilə kəsilib.

Məlumdur ki, Səudiyyə Ərəbistanı Azərbaycana mühüm tərəfdaş ölkələrdən biridir. Azərbaycanın özünün də bu ilin yanvarından İranla diplomatik əlaqələri səfirliyimizə hücumla bağlı kəsilib. Bu azmış kimi, rəsmi Tehran vaxtaşırı Azərbaycanı hədələyir, Qarabağda suverenliyimiz və ərazi bütövlüyümüz əleyhinə separatçılara dəstək verir, hansısa pozucu planlar qurur. İran hərbi təyyarəsi cənub sərhədimiz boyu təxribatçı uçuş həyata keçirib. Bununla bağlı rəsmi Bakı Tehrana etiraz notası təqdim edib. O zaman Səudiyyə ilə əlaqələr 7 il sonra bərpa oldusa, bəs Azərbaycanla münasibətlər neçə ilə düzələ bilər?

“İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir”. Bu barədə İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli X Qlobal Bakı Forumu çərçivəsində “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib. O bildirib ki, regionda sabitliyin pozulmasının səbəbi İrandır. “Regiondakı bütün ölkələr İran tərəfindən təhdid altındadır. İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir”.

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

Asim Mollazadə

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, İran Azərbaycan səfirliyinə hücum edənləri məsuliyyətə cəlb etsə, münasibətlər bərpa oluna bilər: “Amma biz əvəzində görürük ki, İranın təxribatları davam edir. Onlar açıq surətdə erməniləri silahlandırır, sərhədimizdə hava məkanını pozur. Bu da göstərir ki, Tehranın Bakı ilə normal münasibətlər qurmaq fikri yoxdur”. A.Mollazadə İranın Səudiyyə ilə əlaqələrinə gəlincə, dedi ki, Tehran Pekindən asılı olduğu üçün Çinin tələbinə uyğun olaraq ərəb dövləti ilə əlaqələrini düzəldir: “Amma İranın bizimlə münasibətləri sahmana salması səfirliyimizə olan hücumun istintaqının obyektiv aparılmasından asılıdır. Üstəlik, Tehrandan bizə qarşı artan təxribatları İsrail rəsmilərinin Azərbaycana intensiv səfərləri ilə əlaqələndirməzdim. Bu rejim həmişə bizə qarşı olub, Azərbaycanın inkişafını, müstəqilliyini qəbul etməyib”.

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, İranın Azərbaycan sərhədində döyüş təyyarəsi ilə törətdiyi təxribat bəllidir ki, Bakını hədələmək məqsədi daşıyır və davamlı olacağı istisna deyil: “Son günlər "Azərbaycan İrana zərbə endirmək üçün İsrailə platforma verib" iddiasının tirajlanması da bu kontekstdə təsadüfi deyil. Və bu iddiaların mənbəyinin Qərbdə olması maraqlıdır. Misal üçün, erməni lobbisinin üzvü kimi tanınan amerikalı konqresmen Eliot Engel bu yaxınlarda belə bir açıqlama vermiş, Ermənistan və İran mediası ona “istinadən” tirajlamışdı. Bu iddiaların iki məqsədi var. Birincisi, İranın Azərbaycana qarşı ittihamlarına “istinad nöqtəsi” yaradılır. İkincisi, Bakıya qarşı təzyiq halqasını genişləndirərək, Ermənistana qarşı mümkün addımlardan çəkindirir. Üçüncüsü, İsrailin İrana hərbi müdaxiləsini dəstəkləməyən qüvvələr Tehrana önləyici addımlar atmaq üçün “pas ötürür” və anti-İran koalisiyasının genişlənməsinin qarşısını alırlar. Kifayət qədər mürəkkəb oyun gedir".

Emil SALAMOĞLU,

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR