İnsanlara hürriyət, millətlərə istiqlal!

İran səfirindən Azərbaycan-İran münasibətinə zərbə vuracaq sərsəm AÇIQLAMA

İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Azadlıq” radiosuna müsahibəsində Qarabağla bağlı sərsəm açıqlamalar verib.

Səfir bildirib ki, “Dağlıq Qarabağ”ın erməni əhalisi öz vətənlərini könüllü tərk etməyib, ona görə də onların öz evlərinə qayıtması üçün şərait yaratmaq lazımdır.

Erməni mediası səfirin bu cür sərsəm açıqlamalarını geniş şəkildə işıqlandırıb.
Hər cümləsində yalan və ittiham, iki dövlətin maraqlarına kölgə salan fikirlər olan səfir müsahibəsində deyib ki, Azərbaycan “artsax” ermənilərinin kollektiv şəkildə qaytarılması hüququna hörmət etməlidir.

“Bizim Qarabağ sakinlərinin hüquqları ilə bağlı mövqeyimiz aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və bunu vurğulayırıq, lakin eyni zamanda hesab edirik ki, Qarabağın erməni sakinlərinin hüquqlarına hörmət edilməlidir. Bu sual “yara” kimidir və bu “yara”nın sağalması lazımdır. Dünyadan danışarkən bu “yara” da nəzərə alınmalıdır”.

Ermənilərin dilindən danışan səfir deyir ki, ümid edirik ki, Qarabağ sakinləri evlərini tərk etmək məcburiyyətində(!) qaldıqları kimi, onların da könüllü olaraq öz evlərinə qayıtmaları üçün şərait yaradılacaq.

Səfir görünür bu məsələni ya araşdırmayıb, ya da qəsdən bu cür ifadələr işlətməklə ürək bulandırmağa çalışır. Birincisi, Qarabağı tərk edən ermənilər öz istəkləri ilə, rahat şəkildə, avtobuslara, avtomobillərinə minərək, könüllü şəkildə çıxıb gediblər. Azərbaycan dəfələrlə bəyan edib ki, dinc sakinlərlə heç bir işi yoxdur və onlar bizim qanunlarımıza əməl etməklə öz evlərində təhlükəsiz şəkildə yaşaya bilərlər.

Ancaq ermənilər getmək qərarına gəliblər və bu qərarlarına da kimsə mane olmayıb. O torpaqları 30 il öncə tərk edən Azərbaycan vətəndaşlarından fərqli olaraq ermənilərə bir güllə də atılmayıb. Halbuki Azərbaycan vətəndaşları Qarabağdan güllə-baran altında çıxmışdılar. Öz ata-baba yurdlarından qovulan zaman əksər ailələri ermənilər güllə yağışına tutmuşdu və saysız-hesabsız günahsız, dinc sakin qətlə yetirilmişdi. Hadisələr İranın yaxın ətrafında baş versə də, görünür iranlı səfir bundan bixəbərdir. Ya da 30 il susanlar kimi bu mövzuda susmağı üstün tutub, haqdan kənar danışmaq istəyir.

Səfir həyasızcasına deyib ki, onların (ermənilərin) ərazini tərk etmələrinin əsas səbəbi özlərini təhlükəsiz hiss etməmələri olub:

“Qaçqınlar gələndə mən şəxsən Qarabağ camaatı ilə əlaqə saxladım, onlarla söhbət etdim, dedilər ki, “öz istəyimizlə evimizi tərk etməmişik”. Heç kim evini könüllü tərk etmir. Onlar özlərini təhlükəsiz hiss etmədiklərini və bu səbəbdən evlərini tərk etdiklərini bildiriblər. Onlar könüllü gəlməyiblər, amma ümid edirik ki, onların öz evlərinə könüllü qayıtmaları üçün şərait yaradılacaq”,-deyə səfir sərsəmləyib.

“Orada şərait necə olursa olsun, bununla bağlı dialoq və danışıqlar aparılmalıdır. Onlar üçün qərarı siz yox, biz verin. Düşünürəm ki, onlar danışıqlar aparmalıdırlar”, - deyə səfir bildirib.

İran-Azərbaycan münasibətləri yüksək səviyyədədir və inkişaf etməkdədir. İranda Prezident də dəyişdi və Pezeşkianın da iki İslam dövləti arasındakı münasibətləri daha da inkişaf etdirəcəyinə şübhə yoxdur. Ümid edirik ki, erməni düşüncəsi ilə yaşayan səfir də dəyişəcək...

Əli Rais,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR