İnsanlara hürriyət, millətlərə istiqlal!

İran rejimi Beynəlxalq Tribunala verilə bilər – BMT-dən sərt tələb gəldi

Azərbaycan və Türkiyənin İrana qarşı sənədə bitərəf mövqeyinin sirri

Öz xalqına belə qənim kəsilən, azadlıq tələb edən dinc nümayişçilərin gülləbaranını davam etdirən İran rejiminə qarşı beynəlxalq təpki güclənir. Məlum olduğu kimi, Avropa İttifaqı İran rejiminə qarşı yeni sanksiyalar paketi qəbul edib və yenilərini də hazırlayır. Qurumu bu addımlara sövq edən həm də İranın Rusiyaya satdığı dronlarla Ukraynadakı dağıntı və ölümlərə stimul verməsidir. İki gün öncə isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İran hökumətinin insan haqları pozuntularını pisləyən qətnamə qəbul edib. BMT Baş Assambleyası İran hökumətinin insan haqları pozuntularını pisləyən qətnamə qəbul edib. Ermənistan, Rusiya qətnamənin əleyhinə çıxıb. Türkiyə və Gürcüstan səsvermədə ümumiyyətlə iştirak etməyib. Azərbaycan və Türkiyə isə isə səsvermədə bitərəf mövqe nümayiş etdirib.

BMT Tehrandan bütün etirazçıları dərhal buraxmağı tələb edir. Belə bir tələblə BMT-nin insan haqları üzrə ali komissarı Ceremi Lourens çıxış edib. “İran hakimiyyəti əhali ilə açıq dialoq aparmaq əvəzinə etirazlara getdikcə daha sərt reaksiya verir”, - Lourens Cenevrədə keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, BMT-nin İnsan Haqları İdarəsi İran hökumətini etirazlarda iştirak etdiklərinə görə saxlanılan minlərlə insanı dərhal azad etməyə çağırır (onların böyük hissəsi haqda artıq ölüm hökmü çıxarılıb, təkcə srağagün 4 etirazçı edam edilib – red.). BMT yetkilisi deyib ki, BMT etirazçıların ölüm cəzası ilə üzləşə biləcəyindən narahatdır. Onun sözlərinə görə, ən azı on etirazçı ağır cinayətlərdə ittiham olunub. “Həbs edilən bir iranlının dövlət əmlakına ziyan vurmaqda və “Allaha qarşı çıxmaqda” təqsirli bilindiyi bildirilir”, - qeyd edib.

Lourens əlavə edib ki, ölüm hökmü yalnız beynəlxalq hüquq baxımından ən ağır cinayətlərlə bağlı çıxarıla bilər.

Aydındır ki, Tehran rejimi geri addım atmazsa, qəddarlığına davam edərsə, onun ətrafında həlqə getdikcə daha da daralacaq. Bəs “mollakratiya” belə çağırışlara niyə məhəl qoymur, nəyə arxayındır? Belə getsə, BMT səviyyəsində ona qarşı sanksiyalar tətbiq edilə (bütün ölkələr üçün məcburi olmaqla) və ya əli öz qanına batmış Tehran rəsmiləri Haaqa Tribunalına verilə bilərmi? Azərbaycan və Türkiyənin İrana qarşı qətnaməyə bitərəf qalmasında hansı amil rol oynayıb? Burada hansısa anlaşmanın olması mümkündürmü?

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, İran rejiminin hədəfə gəlməsinin səbəbi üç amilə bağlıdır. Birincisi İranın nüvə proqramı ilə altılıq görüşlərində nümayiş etdirdiyi aqressiv davranış, ikincisi, Rusiyaya satdığı dronlar və raket sistemləri, üçüncüsü isə ölkə daxilində kütləvi aksiyalar keçirən insanlara qarşı qəddarlıq nümayiş elətdirməsi, yüzlərlə insanın öldürülməsi, minlərlə insanın həbs edilməsi, yüzlərlə insanın edam cəzasına məhkum edilməsidir. Bu amillər İranı təbii ki, hədəfə gətirəcəkdi:

oqtay_qasimov.jpg (20 KB)

“Artıq BMT daxil olmaqla dünyanın böyük beynəlxalq təşkilatlarında İranla bağlı müzakirələrə başlanıb və sanksiyalar tətbiq olunur. İran rejiminin mitinqçilərə qarşı tətbiq etdiyi tədbirlər beynəlxalq təşkilatlar tərəfindən çox qəddar davranış, hətta az qala insanlıq əleyhinə davranış kimi xarakterizə olunmağa başlanıb. İrana qarşı bu cür sərt münasibət davam edəcək. İran hakimiyyətinin nədən beynəlxalq birliyin çağırışlarına məhəl qoymaması və get-gedə daha da aqressivləşməsi isə totalitar rejimlərin mahiyyətindən doğan məsələdir. Onlar adətən hər zaman bu cür etirazlara, çağırışlara, tələblərə qeyri-adekvat, sərt münasibət göstərirlər. Bu münasibət davam etdikcə, əslində ölkənin daxilində vəziyyət daha da pisləşir”.

O ki, qaldı BMT Baş Assambleyasnın İran hökumətinin insan haqları pozuntularını pisləyən qətnaməsinə Azərbaycan və Türkiyənin bitərəf mövqe bildirməsinə, Oqtay Qasımov hesab edir ki, burada İranla hansısa danışıqların aparılmasının, hansısa gizli anlaşmaların olması inandırıcı deyil. Sadəcə olaraq, Azərbaycan və Türkiyə bir daha İran rejiminə əslində bir qonşuluq münasibəti sərgiləyərək mesaj verir ki, biz İranda proseslərin dinc, demokratik yolla çözülməsinin tərəfindədir: “İran tərəfindən də mesaj məhz bu cür oxunmalıdır. Yəni bu Azərbaycan və Türkiyə tərəfindən bir xoş məramın nümayişidir”.

İran rejiminin beynəlxalq trubunala verilməsinin mümkün olub-olmayacağına gəlincə, politoloqun fikrincə, bu, gələcəyin işidir: “Amma doğrudan da İranda nümayişçilərin qətlləri, repressiyası kütləvi hal alacaqsa hadisələrin inkişafından asılı olaraq İranın beynəlxalq tribunala verilməsi də mümkün ola bilər. Lakin hələlik bunun zamanı yetişməyib. Məncə beynəlxalq qurumlar da bununla bağlı münasibət bildirməyi tələsmirlər”.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, BMT-nin İran rejiminə qarşı qəbul etdiyi qətnaməyə bitərəf münasibət bildirilməsi doğru deyil. Çünki ortaya mövqe qoymaq lazımdır: “Bundan sonra İranda insan hüquqları pozuntularına reaksiya verməli və beynəlxalq təşkilatlarda buna uyğun səs verməliyik”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR