Onlayn ictimai-siyasi qəzet
ABŞ Maliyyə Nazirliyi İrandan Çinə neft tədarükü ilə əlaqədar üç tankerə və müxtəlif ölkələrdəki bir neçə şirkətə qarşı sanksiyalar tətbiq edib.
Musavat.com xəbər verir ki, məlumat nazirliyin saytında açıqlanıb.
Bildirilir ki, "neft İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı və onun artıq sanksiyaya məruz qalmış "Sepehr Energy" şirkətinin maraqlarına uyğun olaraq tədarük edilir. Bu fəaliyyətə müxtəlif ölkələrdən, o cümlədən Çin, Hindistan və BƏƏ-dən strukturlar və şəxslər, eləcə də bir neçə gəmi cəlb olunub".
Yeni sanksiyalar Panama bayraqlı GIOIOSA tankerini, onu idarə edən Honq-Konqda yerləşən Gozoso Group Ltd şirkəti və onunla əlaqəli olan Honq Konqda yerləşən Ocean Dolphin Ship Management Ltd-ni hədəf alır. Panama bayrağı altında üzən CH BILLION tankeri və Honq Konq bayrağı altında üzən STAR FOREST tankeri, eləcə də bu gəmilərin operatorları - Çindən müvafiq olaraq Young Folks International Trading Co., Limited və Lucky Ocean Shipping Limited şirkətləri də “qara siyahılar”a daxil edilib.
Sanksiyalar Sepehr Energy ilə əlaqəli strukturlara - Sepehr Energy Hamta Pars, Sepehr Energy Cahan Nama Taban və Sepehr Energy Paya Gostar Jahan, onun üç idarəçisinə qarşı tətbiq edilib. Həmçinn sanksiya siyahısında olan SIRI (keçmiş ANTHEA) tankerinə və digər Sepehr Energy gəmilərinə xidmət göstərən Hindistanda yerləşən Marshal Ship Management Private Limited şirkəti və onun direktoru da qara siyahıya salınıb.
ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, "İran rejimi neft gəlirlərindən nüvə proqramını maliyyələşdirmək, ölümcül ballistik raketlər və pilotsuz təyyarələr istehsal etmək və regiondakı proksi terror qruplarını dəstəkləmək üçün istifadə etməyə davam edir: “Birləşmiş Ştatlar İranın bu bədxah fəaliyyətləri maliyyələşdirmək üçün istənilən səylərinə aqressiv şəkildə müqavimət göstərməyə sadiqdir".
Elə bu gün xarici diplomatlarla görüşən İran prezidenti Məsud Pezeşkian deyib ki, ölkəsinin doktrinası belə silahların istifadəsini rədd etdiyi üçün İran nüvə silahı istehsal etməyə can atmır: “Biz nüvə silahı yaratmaq niyyətində deyilik. Bunu yoxlamaq asan məsələdir".
Prezident əmin edib ki, əlavə yoxlamalara etiraz etmir.
Pezeşkian vurğulayıb ki, nüvə silahı və kütləvi qırğın silahlarından istifadə İslam Respublikasının doktrinası və Ayətullah Əli Xameneinin fətvası ilə qadağan edilən əməl - günahsız insanların öldürülməsidir.
Musavat.com
07 Fevral 2025
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ