Onlayn ictimai-siyasi qəzet
İranda İqtisadi Şuranın prezident səlahiyyətlərini icra edən Məhəmməd Müxbirin sədrliyi ilə keçirilən ikinci iclasında xam neft hasilatının artırılması planı İran Milli Neft Şirkəti tərəfindən müzakirə edilib, nəzərdən keçirilib və təsdiq edilib.
Musavat.com İRNA agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Prezident Aparatının rəhbəri, neft, daxili işlər, iqtisadiyyat, əməkdaşlıq, iş və sosial rifah, kənd təsərrüfatı cihadı, energetika, sənaye, mədən və ticarət nazirlərinin də iştirak etdiyi iclasda İran Milli Şirkətinin xam neft hasilatının artırılması layihəsi, həmçinin neft məhsullarının istehlakının azaldılması layihəsi nəzərdən keçirilib, barəsində qərar verilib və təsdiq edilib.
Bu layihəyə əsasən, ölkənin xam neft hasilatını artırmaq planı çərçivəsində neft hasilatı gündəlik 3,6 milyon bareldən 4 milyon barelə yüksələcək. Bu planın həyata keçirilməsi ilə ölkədə xam neft hasilatının həcmi sutkada 400 min barel artacaq.
Qeyd edək ki, İranın neft hasilatını artıracağına dair məlumatları Tehran rəsmiləri hələ ötən ildən açıqlamışdılar. Onlar bildirirdilər ki, neft və qaz hasilatını artırmaq üçün 1402-ci ilin sonuna (19 mart 2024-cü il - red.) İranda dəyəri 15 milyard dollar olan 67 mühüm layihə həyata keçiriləcək.
Hasilatla yanaşı, İran ixracı da artırır. Baxmayaraq ki, ABŞ-da son 2 ildə dəfələrlə Ukraynadakı işğalçı müharibədə Rusiyaya verdiyi hərbi dəstəyə görə Tehranın neft ixracına qarşı sanksiyaların sərtləşdiriləcəyi xəbərdarlıqları səsləndirilib, bu ilin martına qədər bu istiqamətdə real addımlar atılmayıb. Ümumiyyətlə, Donald Trampın prezidentliyi dövründə minimuma düşən İranın neft ixracı Bayden hakimiyyətə gəldikdən sonra sürətlə artıb. 2020-ci il pandemiyasından sonra dünya bazarında neft qiymətlərinin kəskin artımı bütün inkişaf etmiş ölkələri sürətli inflyasiya ilə üz-üzə qoydu. O zaman Bayden hakimiyyəti açıq elan olunmasa da, İranın gizli neft ixracına qarşı mübarizəni zəiflətməklə qiymətlərin düşməsini dəstəkləmək siyasəti yürütməyə başladı. İran bu fürsətdən istifadə edərək ixracı sürətlə artırdı.
Bu ilin mart ayında İran İsrailə yüzlərlə dron və ballistik raket atdıqdan sonra Vaşinqtonda Tehranın hərbi sənayesini maliyyədən məhrum etmək qərarına gəldilər. Məhz həmin zərbələrdən sonra ABŞ İran neftinin daşınmasında şübhəli bilinən fərdi tankerləri izləməyə başladı və apreldə 13 tankerə sanksiyalar tətbiq etdi. Lakin hələlik atılan addımlar ixraca az təsir göstərir.
2023-cü ildə İran neftini nəql etmək üçün istifadə olunan gəmilərin sayı təxminən 20 faiz artaraq 253-ə, 2 milyon barelə qədər daşıya bilən supertankerlərin sayı isə 2021-ci ildən bu yana iki dəfə artıb.
İranın neft naziri Cavad Ouci 2024-cü ilin martında bildirib ki, 2023-cü ildə neft ixracı ölkə iqtisadiyyatına 35 milyard dollardan çox gəlir gətirib. O, həmçinin qeyd edib ki, İran sanksiyalara baxmayaraq, minimum endirimlə istədiyi yerə neft ixrac edə bilər.
“Financial Times”ın (FT) aprel ayında istinad etdiyi “Vortexa” analitik şirkətinin məlumatına görə, İran neftinin ixracı son 6 ilin ən yüksək səviyyəsinə çatıb. FT yazır ki, 2024-cü ilin ilk üç ayında İran xaricə orta hesabla gündə 1,56 milyon barel neft tədarük edib ki, bu da 2018-ci ildən bəri ən yüksək göstəricidir. İxracın demək olar ki, bütün həcminin Çinə getdiyi dəqiqləşdirilir.
“Kpler”ə görə, (dünyada tankerlərin daşınmasını izləyən şirkət) 2024-cü ildə İranın tədarük etdiyi həcmlərin demək olar ki, hamısı Çinə gedib.
İran Çinin ümumi neft idxalının təxminən 10 faizini təmin edir və hesab olunur ki, Tehrana qarşı aqressiv sanksiyaların tətbiqi təkcə neft bazarında deyil, həm də Çin və ABŞ arasında münasibətlərdə sabitliyi poza bilər.
İranın dövlət xəbər agentliyi “Tasnim” 2024-cü il aprelin 17-də ölkənin neftçilərinin sanksiyalardan yan keçməyin yollarını tapdığını və ümumiyyətlə Qərbin təzyiqindən qorunduğunu bildirib. Agentlik bunu onların əsas müştərisinin Çin olması ilə əsaslandırıb.
Məsələ burasındadır ki, iranlılar boşluqlar tapmaqda çox bacarıqlıdırlar: onlar indi AIS gəmi identifikasiya sistemini aldatmağı öyrəniblər. Onlar başqa yerdə olduqları halda digər bir yerdə görünürlər və bu, onların fəaliyyətlərini izləməyi çətinləşdirir.
Xatırladaq ki, 2024-cü il aprelin 5-də ABŞ-ın İrana qarşı sanksiyalar siyahısını genişləndirərək “Oceanlink” gəmiçilik şirkəti və 13 əlaqəli neft tankerini də ora daxil etdiyi məlum olub. Ardınca Avropa İttifaqı İranın neft ixracına qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
Maraqlıdır ki, son illərdə Avropa şirkətlərinin gizli şəkildə İran nefti daşıdığına dair xeyli fakt aşkarlanıb. Məsələn, 2022-ci ildə yunan gəmiçilik şirkəti “Empire Navigation” ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğunu və qeyri-qanuni neft daşıdığını etiraf edib. Daha sonra ABŞ səlahiyyətliləri ona məxsus tankerdən təxminən 1 milyon barel İran nefti müsadirə edib.
2024-cü ilin fevralında məlum oldu ki, İran rəsmiləri ABŞ sanksiyalarından yan keçmək üçün uzun müddət Britaniyanın “Lloyds” və “Santander UK” banklarında gizli şirkətlərinə hesablar açıblar. Lloyds və İspaniyanın Santander bankının Böyük Britaniya törəməsi, Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş, lakin əslində İranın dövlət Neft-Kimya Ticarət Şirkətinə (PCC) məxsus olan gizli şirkətlərə hesablar verib.
ABŞ Xəzinədarlığı rəsmiləri may ayında Sinqapur və Malayziyadakı maliyyə institutları və neft şirkətlərinin rəhbərləri ilə danışıqlar apararaq, onları İran neftinin ixracını asanlaşdırmağı dayandırmağa çağırıblar. Bu barədə “Bloomberg”ə ABŞ Maliyyə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi məlumat verib. Nümayəndənin sözlərinə görə, İran nefti Sinqapur və Malayziya vasitəsilə əsasən Çinə ötürülür.
Aprelin 24-də ABŞ prezidenti Co Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərmək üçün Konqresin təsdiqlədiyi qanunlar paketini imzalayıb. Paket həmçinin ABŞ-ın məhdudiyyətlərini pozaraq İrandan xammal daşıyan gəmilərə, limanlara və neft emalı zavodlarına məhdudiyyətlər də daxil olmaqla, İranın neft sektoruna qarşı yeni sanksiyaları da əhatə edir.
Qanunlar paketinə həmçinin Çin maliyyə institutları ilə sanskiya tətbiq olunmuş İran bankları arasında neft və neft məhsullarının ticarəti ilə bağlı bütün əməliyyatlarla əlaqədar ikinci dərəcəli sanksiyaların genişləndirilməsi də daxildir.
“Kpler” analitik şirkətinin məlumatına görə, 2023-cü ilin əvvəlindən Çin İrandan gündə orta hesabla 1,2 milyon barel neft idxal edib. Eyni zamanda “Bloomberg”in məlumatına görə, İrandan gələn neft 2022-ci ilin ortalarından bəri Çin gömrük orqanlarının rəsmi hesabatlarında görünmür. İran nefti Çinə digər ölkələrin, o cümlədən Malayziya məhsulları adı altında gəlir. Agentlik qeyd edir ki, xammal Malayziyanın ərazi sularında bir tankerdən digərinə ötürülür və bu, ABŞ-ın İranın neft sektoruna qarşı sanksiyalarının sərtləşdirilməsi prosesini çətinləşdirir.
Agentliyin hesablamalarına görə, Sinqapur və Malayziya şirkətlərinə İrandan neft alqı-satqısı üçün əvvəllər tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, enerji daşıyıcısının satışında nəzərəçarpacaq azalma tendensiyası müşahidə edilmir.
Göründüyü kimi, ABŞ və Aİ İsrailə zərbə endiriləndən sonra İranın neft ixracını məhdudlaşdırmaq istiqamətində fəallaşıblar.
Lakin bəzi analitiklərə görə, Bayden hakimiyyəti seçkiqabağı neft bazarında qiymətləri artırmaqla inflyasiyanı sürətləndirmək perspektivini nəzərə alaraq ən azı bu ilin sonuna qədər İranın neft ixracını kəskin azaldacaq addımlardan çəkinəcək. Hesab edilir ki, bu sahədə Vaşinqtondan verilən qərarlara OPEK+ ölkələri nazirlərinin iyunun 2-dəki görüşünün nəticələri ciddi təsir göstərə bilər. Belə ki, razılaşmanın bir neçə üzvü neft hasilatını azaltmaqla bağlı öhdəliyin müddətinin uzadılmasına qarşı olduqlarını açıqlayıblar. Əgər iyunun 2-də onların mövqeyi dəstəklənərsə, yaxud onlar həqiqətən də hasilatın azaldılması ilə razılaşmazlarsa, bu, neft bazarında qiymətlərin düşməsinə gətirib çıxarar. Bu halda İranın ixracının azalması bazara ciddi qiymət artırıcı təsir göstərməz...
Dünya SAKİT,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ