İnsanlara hürriyət, millətlərə istiqlal!

İran-İsrail müharibəsi Bakıda daşınmaz əmlak bazarına BELƏ TƏSİR EDİB

İsrail İran müharibəsi təkcə regionun siyasi düzənini deyil, həm də iqtisadi sektorundan, xüsusilə də daşınmaz əmlak bazarından təsirsiz ötüşməyəcəyi aydındır. Müharibənin real təhlükəyə çevrilməsi, təbii ki, insanlarda qorxu və qeyri-müəyyənlik yaradır, bu isə onların köçmək qərarı verməsinə səbəb olur. İranın xarici siyasi əlaqələrinə və qonşuluq coğrafiyasına nəzər salsaq, əhalinin çıxış yollarından birinin də Azərbaycan olması ehtimal edilir. Bu isə deməkdir ki, mümkün qaçqın axınının ölkəmizə yönəlməsi mümkündür. Bəs bu halda Azərbaycanın daşınmaz əmlak bazarında nə baş verəcək?

Məsələ ilə bağlı Musavat.com-a danışan daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib ki, hələlik bu istiqamətdə əmlak bazarında və miqrasiya məqsədilə edilən müraciətlərdə ciddi dəyişiklik müşahidə olunmur. Ekspert bunu müharibənin yeni mərhələyə qədəm qoyması ilə izah edir.

"Əgər müharibə dərinləşsə və mülki obyektlərə qəsdən zərbələr endirilsə, o zaman İran vətəndaşlarının ölkəni tərk etməsi labüd olacaq. Bu halda daşınmaz əmlak bazarında da müəyyən canlanma yarana bilər", - deyə Ramil Osmanlı vurğulayıb. O xatırladıb ki, 2023-cü ildə Rusiya-Ukrayna müharibəsi zamanı Azərbaycana axın edən miqrantlarla bağlı müəyyən təcrübə əldə olunmuşdu və bu təcrübə indiki vəziyyətdə də təkrarlana bilər.

Ekspert əlavə edib ki, hazırda əsasən müharibənin psixoloji təsirləri müşahidə olunur. Yəni insanlar ehtiyat edir, vəziyyəti izləyir, lakin hələlik real köç qərarı verənlərin sayı azdır. Ramil Osmanlı eyni zamanda əmlak alqı-satqısı ilə məşğul olan şəxslərə mühüm xəbərdarlıq edib: “Məsləhət görürəm ki, vətəndaşlar sənədi-çıxarışı olan tikililərə üstünlük versinlər. Çünki qeyri-rəsmi tikililərin alqı-satqısı bazarda hüquqi riskləri artırır və bu, gələcəkdə ciddi problemlərə səbəb ola bilər”.

Ekspert deyir ki, bu cür ehtiyatlı yanaşma həm bazarı qoruyacaq, həm də vətəndaşları hüquqi fəsadlardan sığortalayacaq.
Sonda qeyd edək ki, İranla İsrail arasında müharibə alovlansa, bu proses təkcə Qafqaz regionunda yox, həm də Azərbaycanın iqtisadiyyatında, xüsusilə daşınmaz əmlak bazarında yeni tendensiyaların yaranmasına səbəb ola bilər.

Mənzər Novruzlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR