İnsanlara hürriyət, millətlərə istiqlal!

İran: “İsrail cəzalandırılmayınca və təzminat ödəməyincə zərbələr dayandırılmayacaq”

İranın Ali Milli Təhlükəsizlik Şurası (SNSC) İsrailə qarşı həyata keçirilən hərbi əməliyyatların yalnız bir şərtlə dayandırılacağını açıqlayıb. Şuranın bəyanatına əsasən, İsrail “cəzalandırılmayana və təzminat ödəməyənə qədər” cavab zərbələri davam edəcək.

Musavat.com xəbər verir ki, İRNA dövlət agentliyinin yaydığı məlumata görə, SNSC-nin mövqeyi aydın və qəti şəkildə ifadə olunub:

“Düşmən cəzalandırılana və təzminat ödənilənə qədər cavab tədbirləri davam edəcək.”

Bu bəyanat İranın İsrailə qarşı son günlərdə başladığı cavab hücumlarının hələlik son olmadığını göstərir. Tehran açıq şəkildə bildirir ki, bölgədəki gərginliyin azaldılması yalnız İsrailin davranışını dəyişdirməsi və məsuliyyəti öz üzərinə götürməsi ilə mümkün olacaq.

 Ali Təhlükəsizlik Şurası eyni zamanda xəbərdarlıq edib ki, İsrailin tərəfində münaqişəyə qarışacaq istənilən ölkə Tehranın dərhal cavabı ilə üzləşəcək:

“İran münaqişəyə İsrail tərəfində müdaxilə etmək qərarına gələn istənilən ölkəyə dərhal cavab verəcək.”

Bu xəbərdarlıq İsrailin müttəfiqləri, xüsusilə də ABŞ və bəzi Avropa dövlətləri üçün açıq bir mesaj kimi qiymətləndirilir. Tehran bu açıqlama ilə mümkün beynəlxalq koalisiyanın qarşısını almağa, yaxud bu istiqamətdəki addımların qarşılığında hərbi qarşıdurmanı genişləndirmək niyyətində olduğunu bəyan etmiş olur.

Hazırkı mərhələdə bölgədə gərginliyin nə vaxt və necə səngiyəcəyi qeyri-müəyyən olaraq qalır. İranın təzminat və “cəza” tələbini konkret hansı formalarda təsdiq və təqib edəcəyi isə yaxın günlərdə aydınlaşacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR