İnsanlara hürriyət, millətlərə istiqlal!

İran HƏMAS-a XƏYANƏT edir, Səudiyyə İsrailə... - İLGİNC DETALLAR

İran ilə Qərb arasında münasibətlər gərgindir.

Bu məsələ ilə bağlı Qərb mətbuatında gedən bəzi fikirlərə diqqət çəkəcəyik. Məsələn, MSN-in (Microsoft Network) “Iran’s 'axis of resistance' to Israel begins to crack” (İranın İsrailə qarşı “müqavimət oxu” çatlamağa başlayır) adlı məqaləsində deyilir ki, bugünlərdə “Reuters” agentliyi belə bir xəbər yaydı ki, İranın ali lideri Ayətullah Əli Xameneyi HƏMAS rəhbəri İsmayıl Haniyəyə Tehranın onlara görə İsraillə müharibə etməyəcəyini bəyan edib. Bu açıqlama HƏMAS tərəfindən xəyanət kimi qarşılanıb. İran rejiminin Qüds Qüvvələrinin komandanı İsmail Qaani HƏMAS-ın ali hərbi komandiri Məhəmməd Deyfə məktub göndərərək naqolay vəziyyətdən çıxmağa məcbur oldu.

QANİ .png (608 KB)

İranda geniş təbliğ olunan məktubda Qaani teokratik rejimin münaqişəyə dəstəyini əsirgəyəcəyini təkzib edərək, “Müqavimət oxundakı qardaşlarınız sizinlə həmrəydir və düşmənə Qəzza və Fələstində öz qara niyyətinə çatmağa imkan verməyəcək. Bizi birləşdirən qardaşlıq vədimizin yanındayıq və sizi əmin edirik ki, bu tarixi döyüşdə əlimizdən gələni edəcəyik”.

İsmail Qaaninin döyüşkən ritorikasına baxmayaraq, görünür, Tehran Amerikanın İsrailə verdiyi dəstəyin intensivliyindən şoka düşüb. ABŞ dövlət katibi Antoni Blinkenin və prezident Co Baydenin Amerikanın İsraili birbaşa dəstəkləyəcəyinə söz vermək üçün Təl-Əvivə səfərləri ardınca nəhəng USS Gerald R. Ford təyyarədaşıyan gəmisi ilə yanaşı, digər hərbi gəmilərin donanma şəklində bölgəyə daxil olması Amerikanın qərarlı mövqeyindən xəbər verirdi. Bu, Ayətullah Əli Xameneyini prosesə daha praqmatik yanaşmağa təhrik etdi.

Tehranın HƏMAS-İsrail müharibəsində əsas məqsədi nə idi?

İsraillə yaxınlaşmaq istəyən Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş və digər dövlətlərin imzaladığı “İbrahim razılaşması”nı pozmaq rəsmi Tehranın əsas məqsədi idi. İran buna nail oldumu?

QEZZA.jpeg (101 KB)

Qismən nail oldu demək olar. Niyə qismən? Noyabrın 11-də Ər-Riyadda keçirilən Ərəb Zirvə toplantısında “İsrailin Qəzza zolağına təcavüzü, müharibə cinayətləri və işğalçı hökumət tərəfindən vəhşi və qeyri-insani qırğınlar” pislənsə də, ərəb ölkələri bundan sonra İsraillə barışıq əldə etmək niyyətində olduqlarını bir daha bəyan etdilər. Bu bəyanat molla rejimini dərin təlaş hissi keçirməyə vadar etdi. Aydındır ki, Qəzzada müharibə başa çatdıqdan az sonra Səudiyyə Ərəbistanı başda olmaqla, bir çox ərəb ölkəsi İsrail ilə yarımçıq qalmış strateji xarakterli danışıqlara yenidən start verəcək.

Tehranın fundamentalist rəhbərliyi ilə İran xalqı arasında dərin bir uçurum var.

Xalq HƏMAS, İslami Cihad, Suriya prezidenti Bəşər Əsəd, Husilər, İraq milisləri və “Hizbullah” kimi qurumlara İran rejiminin külli miqdarda vəsait xərcləməsinin qəti əleyhinədir. İqtisadiyyatın çökdüyü və geniş yayılmış yoxsulluğun hökm sürdüyü İranda son ümummilli qiyam zamanı xalq bu kimi terror mərkəzlərinə İranın maliyyə yardımını pisləyən şüarlar səsləndirib. O da maraqlıdır ki, dünyanın müxtəlif şəhərlərində Fələstinə dəstək məqsədi ilə kütləvi nümayişlər keçirilsə də, İranda belə nümayişlər demək olar ki, olmayıb. Sadə iranlılar fələstinlilərə dərin rəğbət bəsləsələr də, İranı yoxsulluq həddinə çatdıran qəddar diktaturaya nifrət edirlər.

Sözügedən məqalənin müəllifi onu da vurğulayır ki, on milyonlarla iranlının molla rejimini devirmək üçün küçələrə çıxdığı etirazlardan sonra Xameneyi və “Tehran qəssabı” kimi tanınan prezident İbrahim Rəisiyə xalqın sonsuz nifrəti bir daha öz təsdiqini tapdı...

REİSİ.jpg (60 KB)

Gördüyünüz kimi, İran HƏMAS-a görə Qərblə vuruşmaq fikrində deyil. Bu müharibə nə İsrailə, nə də Ərəb ölkələrinə lazımdır, xüsusən Körfəz ölkələrinə lazım deyil. ABŞ başda olmaqla, Qərb də bu müharibədə maraqlı deyil. Ən azı ona görə ki, hazırda Qərb Ukraynada Rusiyaya qarşı proksi müharibə aparır. Hətta Qərb üçün də iki cəbhədə müharibə aparmaq son dərəcə ağırdır...

Almaniyaya yaxınlığı ilə tanınan “politico.eu” saytı “Iran is a direct threat to Europe” (İran Avropa üçün birbaşa təhlükədir) adlı məqalə ilə çıxış edib. Məqalənin müəllifi Henrik F. Rasmussen Qərbdə ictimai fikri formalaşdıran şəxslərdən biridir. O, sosial şəbəkələrdəki statuslarının birində belə yazır:

“Vladimir Putin hər gün dünyaya məsuliyyətsiz və əxlaqsız rejimlərin əlində olan nüvə silahının nə qədər təhlükəli olduğunu xatırladır. Qərb qumda möhkəm bir xətt çəkməlidir (yəni İran Qərbin onun üçün cızdığı xətdən kənara çıxmamalıdır) və Putinin iranlı əlaltılarının nüvə silahına sahib olmasının qarşısını almağa ciddi yanaşmalıdır və İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməməlidir”.

Müəllif deyir ki, Qərb İranı iqtisadi baxımdan təşviq etməklə problemi həll etməyə çalışdı. Bu isə yanlış yol idi. Çünki Tehranda mollaları həvəsləndirən ideoloji fanatizmi bu kimi iqtisadi təkliflərlə aradan qaldırmaq olmaz:

“Birləşmiş Ştatlar, Avropa və İsrailin regionda təhlükəsizlik problemlərini həll etmək əvəzinə “idarə etmək” üçün göstərdiyi uzun-uzadı səylər tam uğursuzluqla nəticələndi. İsrailin Qəzzada terrorçulara qarşı məhdud reydlərlə obrazlı desək, ara-sıra “çəmən biçmək” yanaşması yanlış siyasətin ən bariz nümunəsidir”.

Məqalədə deyilir ki, İsrail öz vətəndaşlarını qorumaq üçün indi HƏMAS-la əməlli-başlı məşğul olmalıdır. ABŞ və Avropa İsrailə bunun üçün lazım olan bütün dəstəyi verməlidir və Türkiyə, Qətər kimi ölkələrin HƏMAS-a verdiyi dəstəkdən imtina etməsi üçün diplomatik təzyiqlər də işə düşməlidir. Daha önəmlisi isə odur ki, HƏMAS-ın arxasında İsrail üçün daha böyük - mövcud olmaq təhlükəsi gizlənir ki, bu da bütövlükdə Qərbin təhlükəsizliyinə birbaşa təhdiddir. O təhdidi tərədən ölkə isə HƏMAS-ın arxasıdakı İrandır.

HEMAS SON.jpg (69 KB)

HƏMAS-ı dəstəkləyən və “İsrailə ölüm” və “Amerikaya ölüm” çağırışı etmək fürsətini heç vaxt qaçırmayan İran rejimi nüvə silahına doğru yoluna davam edir. Tehrandakı qabaqcadan səslənən şüarlar daha çox ABŞ-a yönəlsə də, reallıqda Avropa Amerikaya nisbətən daha çox İranın raketləri, dronları, terror şəbəkəsi, neft və qaz tədarükləri ilə bağlı təhdidlərə məruz qalır.

İranın düşmənçilik hərəkətləri artıq Avropaya birbaşa təsir edir. Rusiya bir ildən çoxdur ki, Ukraynaya qarşı İranın dronlarından istifadə edir və Ukraynanın hava hücumundan müdafiə sistemini və mülki infrastrukturunu gərginlik altında saxlayır. Tehran həmçinin yerli pilotsuz uçan aparatların istehsal potensialının artırılmasında Moskvaya fəal şəkildə kömək edir və potensial olaraq Rusiyaya 2025-ci ilin yayına kimi 6000-dən çox yeni hücumlar üçün pilotsuz uçan aparatlar istehsal etməyə yardım edir. Bu dronlar təkcə Ukrayna üçün deyil, həm də Rusiya ilə həmsərhəd olan hər bir NATO ölkəsi üçün təhlükədir.

Bundan əlavə, İranın təhdidedici mövqeyi və Yaxın Şərqdə İrana bağlı proksi-terrorçu qrupları dəstəkləməsinin Avropa üçün yaratdığı ciddi iqtisadi təhlükə var.

QEZZA EN SON.jpg (100 KB)

Oktyabrın 7-də baş verən hücumlar İsrailin Aralıq dənizindəki Tamar qaz yatağında hasilatı dayandırmasına səbəb oldu, çünki o, Qəzzadan hədəf alına biləcək raket hücumları zonasında yerləşirdi və bu da öz növbəsində Avropada dərhal qiymət artımına səbəb oldu. Bu qiymət artımı bir yana, İranın özü Hörmüz boğazını bağlamağa cəhd edir, dünyada gündəlik tədarük olunan neftin beşdə biri bu boğaz üzərindən ixrac olunur. Livandakı Hizbullah və Yəməndəki Husilər kimi digər İrana bağlı terrorçu qruplar da vəziyyəti mürəkkəbləşdirir.

Avropa İran rejiminin söz azadlığı, dini dözümlülük və qadın hüquqları kimi fundamental Qərb dəyərlərinə qarşı ifrat ideoloji düşmənçiliyinə də göz yuma bilməz. 1989-cu ildən bəri başının üstündə İran fətvası olan yazıçı Salman Rüşdiyə qarşı keçən ilki hücumu alqışlayan İran Avropada və ABŞ-da müxalif düşüncəli insanları oğurlamaq və qətlə yetirməkdən belə çəkinmir. Əgər qarşısı alınmasa, İran rejiminin konkret şəxsləri hədəfə alması bizim söz azadlığı ilə bağlı dəyərimizə mənfi təsir edəcək.

Nəhayət, qabaqcıl raket texnologiyası ilə yanaşı, nüvə silahına sahib olmaq İran rejimini güc verəcək, onu daha da cəsarətləndirəcək. Nəticədə İran təkcə İsrailə qarşı deyil, həm də Avropanı nüvə hücumumdan doğacaq qiyamət günü ilə təhdid edir. İran indi nüvə silahı yaratmağa həmişəkindən daha yaxındır. Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutundakı həmkarım Devid Olbrayt hesab edir ki, İran cəmi 6 aya “çirkli” nüvə silahı yarada bilər, halbuki kütləvi istehsal olunan raketlə çatdırıla bilən nüvə başlıqları üçün infrastrukturun qurulmasına təxmin edilən vaxt 2 ildir. Bəllidir ki, Rusiya öncə İranın nüvə silahına malik olmasına etiraz edirdi. İndi isə Qərb tərəfindən dalana dirənmiş Rusiya nüvə silahı əldə etmək üçün İrana yardım edir. Çünki rəsmi Moskvanın seçim imkanları son dərəcə məhduddur. İranla 2015-ci ildə əldə olunmuş nüvə sazişi - Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) Qərbin bu nüvə təhlükəsini "idarə etmək" və böyük böhrandan qaçmaq cəhdi idi. Razılaşma İran rejiminin rasional oyunçu olmasına hesablanmışdı, düşünülürdü ki, İran “kökə və qamçı” gedişlərinə həssaslıq nümayiş etdirəcək. İranın HƏMAS-ın İsrailə qarşı vəhşi hücumlarına dəstək verməsi bu ehtimalı təkzib etdi. İqtisadi təşviqlər Tehrandakı mollaları motivasiya edən ideoloji fanatizmi üstələməyəcək və bu, İsrail, Avropa və ABŞ-ı yalnız bir seçim qarşısında qoyur: İrana hərbi, iqtisadi və diplomatik təzyiqi maksimum dərəcədə artıraraq “yalnız kötək” siyasətinə keçmək lazımdır.

Lakin ABŞ və İsrail İranla hərbi baxımdan məşğul olmaq üçün Avropadan daha yaxşı mövqedə olsalar da, Avropa ölkələri İrana iqtisadi və diplomatik təzyiq göstərmək üçün əhəmiyyətli gücə malikdir.

İranın nüvə proqramına dair razılaşmanın tərəfləri olan Fransa, Almaniya və Böyük Britaniya, Birləşmiş Millətlər Təşkilatının bu razılaşmadan əvvəl İrana qarşı sanksiya rejimini bərpa edərək, “geriyə dönüşü” başlatmaq səlahiyyətinə malikdir. Əhəmiyyətli olan odur ki, nüvə razılaşmasından geriyə dönüşlə İrana qarşı oktyabr ayında müddəti başa çatmış raket embarqosunu bərpa etmək olar. Bu, Rusiya və başqalarının İranın müasir raketlərin hazırlanmasına qanuni yardım göstərməsinə mane olardı. Bu, həmçinin İranın Rusiyanın pilotsuz təyyarələr proqramına dəstəyini təhlükə altına qoyardı. Üstəlik, razılaşmadan geriyə dönüş etməklə əvvəl qüvvədə olan İranın gəmiçilik, bankçılıq və enerji sektorlarına sarsıdıcı Avropa sanksiyalarının tətbiqinə yenidən yol açılardı.

Müəllif qeyd edir ki, belə bir sanksiya hücumu daha sonra Avropa və Amerikanı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məsələsində ortaq məxrəcə gəlməsini təmin edərdi. Söhbət nədən gedir? 2019-cu ildə Amerika Donald Trampın prezidentliyi dönəmində İsrailin baş naziri Benyamin Netanyahunun xahişi ilə SEPAH-ı terrorçu təşkilat kimi tanıdı. Avropa İttifaqı isə SEPAH-ı terrorçu təşkilat kimi tanınmır. Yəni bu məsələyə baxışda Qərbdə fikir ayrılığı var. Məsələn, HƏMAS və ya Hizbullah həm ABŞ, həm də Aİ tərəfindən terrorçu təşkilat kimi tanınır. Müəllifin mövqeyi belədir ki, İrana bağlı terror təşkilatlarının hamısına SEPAH təlim keçir, onları ayaqda saxlayır. Ona görə də SEPAH-ın Aİ tərəfindən terror təşkilatı kimi tanınması gərəkir.

SEPAH.jpg (178 KB)

Bu arada isə ABŞ qanunvericiləri “Konqres tərəfindən indiyə qədər təklif olunan İran üçün ən sərt sanksiyalar paketi” kimi təsvir edilən sənədi təqdim ediblər. Avropanın oxşar tədbirləri həyata keçirməsi İrandan gələn təhlükənin qarşısını almağa kömək edərdi. Düşmənlərimiz Qərbi parçalamaq üçün əllərindən gələni etdikləri bir vaxtda İsraillə transatlantik birliyin və həmrəyliyin çoxdan gözlənilən müsbət əlaməti olardı.

Bütün bunlar “politico.eu” saytının yazdıqlarıdır. Gün kimi aydın olan odur ki, İran Livan, Suriya, İraq, Yəmən, Fələstin kimi ölkələrdə yaratdığı proksi-qruplar vasitəsi ilə Qərbə meydan oxuyur. Tutaq ki, HƏMAS ilə İsrail arasında gedən müharibə dayandırıldı. Ancaq bəri başdan bəllidir ki, İran Yaxın Şərqdə istədiyi vaxt yenidən müharibəyə başlaya bilər. Fakt budur ki, Qərb İranı ram edə bilmir. Təkcə İsrail yox, Körfəz ölkələri də Yaxın Şərqdən hegimonluğa can atan İran tərəfindən təhdid edilir. Bir önəmli məqam da var: indi İsraili təkcə Qəzzadan deyil, Livandan, Suriyadan və Yəməndən də raketlərlə hədəfə almaq mümkündür.

MUHAR.jpeg (102 KB)

Belə bir fonda Azərbaycanın Qərb üçün dəyəri birə beş artır. Qərb yaxşı bilir ki, İran əhalisinin ən azı yarısı türkdür. II Qarabağ Müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm Zəfərdən sonra İranda yaşayan azərbaycanlılar arasında milli düşüncə intibah dövrünə qədəm qoyub. İranda yaşayan digər etnik qruplar-kürdlər, ərəblər, bəluclar da İranın molla rejimindən son dərəcə narazıdır. İranda sünni-şiə ayrımçılığından irəli gələn qarşıdurma da son dərəcə güclüdür. Etnik və dini zəmindən kənarda da vəziyyət yaxşı deyil. Qərb mətbuatında vurğulanan kimi, molla rejimi İrandan kənardakı terrorçu qruplara ciddi şəkildə maliyyə dəstəyi verir. Halbuki İranın 80 milyonluq əhalisi ac-yalavac vəziyyətdə yaşayır. Təsadüfi deyil ki, İranda tez-tez və amansızlığı ilə seçilən üsyanlar olur. Repressiya maşını bütün gücü ilə işləsə də bu kimi üsyanlarla bütün İranı əhatə edir və aylarla geniş kütlələri küçə və meydanlarda saxlayır. Molla rejimi milyonlarla insanı “İsrailin agenti” adlandırmaqla öz barbar idarəçiliyinə bəraət qazandırmağa çalışır.

Əlbəttə, Azərbaycan Qərb üçün son dərəcə strateji bir ölkə olmasının fərqindədir və bu məqamdan son dərəcə səmərəli şəkildə yararlanmağa çalışır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR