İnsanlara hürriyət, millətlərə istiqlal!

"İran dövləti baş vermiş faciədən sonra tezliklə özünə gələcək və..." - STM icraçı direktoru

“İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması təəssüf doğurur. Təssüf ki, bu qəza İran-Azərbaycan münasibətlərinin daha da yaxşılaşmasına xidmət edən mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindən sonra, İran ali rəhbərliyinin geri dönüşü zamanı baş verdi. Allah onlara rəhmət eləsin”.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bu fikirləri Musavat.com-a açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, son dövrlərdə İranla Azərbaycan arasında əvvəllərdə mövcud olan gərginlik, münasibətlərdə yaranan yumuşaq desək soyuqlaşma demək olar aradan qalxıb: “Azərbaycan dövlətinin müdrik yanaşması və İran rəhbərliyinin bir daha Azərbaycan ərazisində onlara qarşı nə hərbi, nə siyasi, nə iqtisadi xarakterli təhdidin olmamasına əmin olduqdan sonra İran tərəfi də münasibətlərin yaxşılaşdırlması istiqamətində əhəmiyyətli addımlar atıb. Azərbaycan səfrliyinə qarşı törədilən terror aksiyasından sonra fəaliyyəti müvəqqəti dayandırlmış səfrliyin fəaliyyətinin bərpa olunması, İran ali təhbərliyinin bununla bağlı verdiyi təminatlardan sonra səfrliyin fəaliyyətinin bərpası istiqamətində görülən işlər, tərəflərin qarşlıqlı olaraq xoş məramlı açıqlamaları münasibətlərin tam normallaşmasına gətirmişdi”.

S.Məmmədov əmindir ki, baş verən faciədən sonra münasibətlərimizdə geriyə dönüş baş verməyəcək: “Amma İranda hakimiyyətin formalaşması, konkret yeni prezidentin seçilməsi prosesi yeni siyasi və iqtisadi xarakterli təşəbbüslərin irəli sürlüməsini müəyyən müddətə ləngidə bilər. İranda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycanla münasibətlərin davam etməsi bu dövlətin mənafelərinə uyğundur.

İran dövləti onsuz da saysız sanksiyalar altındadır. Bu baxımdan yaxın qonşuları ilə iqtisadi və siyasi sahədə əməkdaşlığı davam etdirməsi ilk növbədə İran İslam Respublikasının özü üçün çox vacibdir. “Şimal-Cənub Nəqliyyat Dəhlizi”, İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması, 19 mayda açılışı edilən Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağını işə düşməsi və digər layihələr hər iki dövlətin maraqlarına cavab verir.

Qeyd edim ki, İranla Azərbaycan arasında münasibətlərin ən gərgin dövründə belə iqtisadi əməkdalıq, o cümlədən idxal-ixrac əməliyyatları dayanmayıb.

Bütövlükdə regionda sabitliyin olmasında maraqlı olmayan güclər və dövlətlər baş verən faciədən istifadə etməyə çalışacaq. Ümid edək ki, bu cəhdlər həmişə olduğu kimi uğursuzluğa düçar olacaq. Azərbaycan dövlətinin və Prezidentinin müdrik və uzaqgörən xarici siyasəti regionda çaxnaşma və qeyri-stabillik yaratmaq istəyənlərin planlarını boşa çıxaracaq. İran dövləti baş vermiş faciədən sonra tezliklə özünə gələcək və yeni formalaşan hakimiyyət dövlətinin xarici siyasətindəki varisliyi davam etdirəcək”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR