İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Azərbaycana yenə barmaq silkələdi - Bakıdan layiqli və sərt reaksiyalar

Tehran bizdən İsrailin Qafqaz regionuna daxil olmasına icazə verməməyi tələb edir; mollakratiya məscidlərdə donuz saxlayan Ermənistanla qardaşlıq edəndə bizdən icazə istəmişdi?

“İran bütün dövlətləri İsrailin davranışı ilə bağlı ağıllı (?! - red.) davranmağa və İsrailin Qafqaz regionu ərazisinə daxil olmasına icazə verməməyə çağırır”.

“Yeni Müsavat” yazır ki, bu sözləri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.

“Biz sionistlərin bölgədə mövcudluğunu regionda sülh və sabitliyə ciddi təhlükə hesab edirik. İran bütün tərəflərə xəbərdarlıq edir ki, saxta İsrail rejiminin davranışlarına qarşı həssas davransınlar və İsrailin bölgəyə ayaq basmasının qarşısını alsınlar”, - o bildirib.

Görəsən İran XİN başçısı hansı haqla başqa ölkələrin, özəlliklə qonşu dövlətlərin daxili işlərinə qarışır, onlara kiminlə dostluq edib-etməmək üçün “məsləhət” verir? Məgər Tehran məscidlərdə donuz saxlayan işğalçı Ermənistanla dostluq edəndə (indi də bu dostluq və qardaşlıq davam edir) bizdən icazə və ya məsləhətmi istəmişdi? Amma İran təcavüzkara və separatçılara hər cür dəstək verirkən (indi də bu dəstək davam edir) İsrail əvvəldən Azərbaycanın yanında olub, ərazilərimizin azad edilməsi üçün bizə müstəsna köməklik göstərib, modern ordu quruculuğumuzda əlindən gələni edib. Xülasə, İrandan fərqli olaraq haqqı müdafiə edib.

Bu, əlbəttə ki, İranın yenə də suveren Azərbaycan dövlətinə barmaq silkələməsidir. Maraqlıdır ki, Abdullahianın açıqlamasından cəmi iki gün qabaq İran XİN-in sözçüsü Nasir Kənani utanmazcasına Nizami Gəncəvini fars şairi, Gəncəni isə “qədim İran şəhəri” adlandırmışdı.

Bu arada qardaş ölkənin nüfuzlu “Türkiyə” qəzeti işğaldan azad edilən və Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə sensasion məqalə ilə çıxış edib. Qəzet yazıb ki, İrəvanı qardaş elan edən İran administrasiyası Qarabağı Suriyaya çevirmək planları qurur. Tehranın gündəliyinə İran İnqilabı Keşikçiləri və şiə silahlılarından ibarət 4 min nəfərlik qüvvənin 2023-cü ilin mayına qədər Qarabağa köçürülməsi daxildir. Qarabağı suriyalaşdırmaq planına PKK-nı da daxil edən İran Qərbi Azərbaycanda yaşayan yezidilərlə birlikdə Suriya və İraqdan minlərlə PKK yaraqlısını Qarabağa gətirərək Azərbaycan ordusuna qarşı döyüşmək üçün hazırlayır.

Bəs dövlətimizə qarşı bu qəbil demarşlara nə vaxt son qoyulacaq? İran doğurdanmı düşünür ki, İsrail onu vuranda, Azərbaycandan da plasdarm kimi istifadə edilə bilər?

Yeri gəlmişkən, Azərbaycanın İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədov “The Jerusalem Post”a açıqlamasında bildirib ki, İsrailin İrana ola biləcək hücumu zamanı Azərbaycandan havadan yanacaqdoldurma bazası kimi istifadə edilməsinə icazə verilməyəcək. Səfir eyni zamanda, bu ayın əvvəlində “Haaretz” qəzetinin ölkənin İranın nüvə obyektlərinə hücum etməyə qərar verəcəyi təqdirdə İsrailə yardım etmək üçün aerodrom hazırlaması ilə bağlı xəbərini təkzib edib.

“Azərbaycan əvvəlcədən bəyan edib ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq və öz ərazisinin başqa dövlətlərə qarşı istifadəsinə imkan verməyəcək. Xarici medianın iddia etdiyi xəbərlər yalandır”, - deyə səfir qeyd edib.

Asif Nərimanlı:"Biz deyirik Ankara, bunlar deyir ...."

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, həmin Abdullahian Ankarada Çavuşoğlu ilə görüşündə İran, Azərbaycan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünə hazır olduqlarını qeyd edib:  “Sonuncu dəfə üçtərəfli görüş gündəmə gələndə Tehrandakı səfirliyimizə qarşı terror aktı törədildi. Teraktın sifarişçilərinin İran rejimi daxilindəki münasibətlərin gərginliyindən maraqlı qüvvələrin olduğu bəllidir, İlham Əliyev də ”İran isteblişmentinin nümayəndələri"nə işarə etmiş, yalnız sifarişçilər ədalət mühakiməsi qarşısına çıxarıldığı təqdirdə münasibətlərin normallaşmasından danışmağın mümkün olduğunu demişdi. Rəsmi Tehran isə nəinki sifarişçiləri cəzalandırmır, terrorçuya da “dəli” adı qoyub məsuliyyətdən yayındırır.

Bunun fonunda “üçtərəfli görüş”dən bəhs etmələri o deməkdir ki, Tehran Bakının tələblərini nəzərə almaq niyyətində deyil. Abdullahianın çıxışı həm də yeni təhlükə gözləntisini də gündəmə gətirir. Çünki Bakı-Tehran xəttində təmasları baltalamaq üçün terakta əl atan rejim daxilindəki qüvvələr “üçtərəfli görüş”ün qarşısını almaq məqsədilə Azərbaycana qarşı yenidən hərəkətə keçə bilər".

Ekspertin sözlərinə görə, Təbrizdəki konsulluğumuzun bu qüvvələrin hədəfində ola biləcəyi istisna edilməməlidir: “Bu baxımdan rəsmi Tehranla münasibətlərin normallaşmasından yalnız həmin qüvvələri neytrallaşdırdığı halda bəhs etmək mümkündür. İranlı nazir Ankarada ”sionist" iddialarını da təkrarlayıb. Bildirib ki, “sionistlərin Qafqazda mövcudluğu regionun sülh və sabitliyinə ciddi təhlükədir”. Bu, Bakıya qarşı səslənmiş fikirdir və bunu Ankarada dilə gətirmələri Türkiyə üzərindən Azərbaycana təsir etmək cəhdidir. Halbuki Abdullahian Ankarada “sionistlər Qafqazdadır” dediyi vaxt İsrail Suriyada İrana bağlı qüvvələri yenidən darmadağın edib. Tehran isə hələ də Qafqazda “sionist” axtarır".

ALDP sədri Fuad Əliyev:“Ehtimal var ki, növbədənkənar parlament seçkiləri  keçirilsin” » Sözçü qəzeti

 Fuad Əliyev

ALDP sədri Fuad Əliyevin fikrincə, İran yenə başından böyük qələt edir. Partiya sədrinin sözlərinə görə, torpaqlar işğaldan azad ediləndən bəri İran ərazilərimizdə İsrail “izi” axtarışına çıxıb. “Biz deməkdən yorulduq, Tehran dil uzatmaqdan yorulmadı. Azərbaycan İsraillə çox yaxşı əlaqələrə malikdir və buna görə İrana hesabat vermək niyyətimiz yoxdur. İran müsəlmandırsa, 44 günlük müharibədə yanımızda olmalıydı, amma gedib erməni faşistlərini dəstəkləyirlər. İndi biz nə üçün kiminlə dost olmağı İranla dəqiqləşdirməliyik? Tehranla İrəvanı qardaş şəhərlər elan edən bir rejim, səfirliyimizə terror edən bir hakimiyyətlə heç bir normal münasibətdən söhbət gedə bilməz. Azərbaycanın İsraillə dostluğu İrana qarşı yönəlməyib. Bunu sözdə də, əməldə də sübut etmişik. Onlar nədən narahatdırlar, bilmirəm, amma öz işləridir. Azərbaycan üzərindən İran əleyhinə siyasət yürüdülmür. İrandakı hərbi obyektlər də bombalananda Bakıdan dronlarla vurulmamışdı, ona görə gedib özlərinə olan təhlükəni başqa ünvanda axtarsınlar”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR