İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadiyyat üzrə saxta alimlər nə qədərdir - bir həbsin izi ilə...

Deputat: “Elm sahəsində biabırçı vəziyyət hökm sürür -  istedadlı şəxslərdən ibarət şəbəkə var ki, başqaları üçün dissertasiya yazırlar”

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü - elmi katibi Şəfa Əliyevin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əməliyyat-istintaq tədbirləri ilə Şəfa Əliyevin işlədiyi qurumun vəzifəli şəxslərinin qərarlarına həqiqi təsir imkanlarından istifadə edərək müxtəlif şəxslərdən aldığı pul vəsaitləri müqabilində onlara elmi dərəcələrin verilməsinə nail olmasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış sübutlar əsasında Şəfa Əliyev Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib. Hazırda iş üzrə qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir".

403335501_0_91_1800_1108_1920x0_80_0_0_d4d1ae8a00a95f5e84bea35e839a8f14.jpg (179 KB)

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, elmi dərəcə almağın prosedurları olduqda mürəkkəb və bir çoxu da lüzumsuzdur. O hesab edir ki, SSRİ dövründən qalma prosedurları keçdikdən sonra nəticədə subyektiv mülahizələrlə kimlərsə daha tez elmi dərəcə əldə edir, kimlərsə illərlə əldə edə bilmir: “Cinayət işindən bəlli olur ki, subyektiv yanaşmalar var. Pulla diplom, elmi ad almaq təəssüf ki, elmə də sirayət edib. Elmi potensial olmadığı halda elmi nəticəsi olmayan, təcrübi töhfəsi olmayan elmi işlər yazanların çox olması pis haldır. Korrupsiyaya qarşı mübarizə çərçivəsində bu sahəyə də əl atılıbsa, bu müsbət haldır. Bir nəfərin ələ keçirilməsi ilə kifayətlənmək olmaz. Elmi sahədə təkmilləşdirilmiş islahatlar aparılmalıdır. Hesab edirəm ki, elmi adlar ali təhsil müəssisələri tərəfindən verilməlidir, lakin bu halda da heç kim zəmanət verə bilməz ki, subyektiv yanaşma olmayacaq. Buna görə də əsas məsələ korrupsiya hallarının aradan qaldırılmasıdır. Elmi araşdırmalara, kəşflərə, elmi əsərlərə yanaşma fundamental şəkildə dəyişməlidir”. 

Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinənlər haqqında həbs qətimkan  tədbiri seçilib - 04.04.2023, Sputnik Azərbaycan

Fazil Mustafa

Deputat Fazil Mustafa digər sahələrlə müqayisə apararaq qeyd etdi ki, Azərbaycanda saxta elmi ad almaq dəbdir: “Plastik əməliyyatlar etdirmək, müxtəlif titullar, hacı, kərbalayi adını daşımaq cəmiyyətdə sanki özünütəsdiqin formalarından biridir. Bunun səbəbləri barədə kimsə düşünmədiyi üçün böyük problemlər yaşanır. Elm sahəsində biabırçı vəziyyət hökm sürür. İstedadlı şəxslərdən ibarət şəbəkə var ki, başqaları üçün dissertasiya yazırlar. Həmçinin rüşvətlə dissertasiya alan şəbəkə də var. Azərbaycanda hətta əsər yazmağı bacarmasa da, romanları nəşr olunan insanlar var. Bu, cəmiyyətin reallığıdır. Təhlükəli hallardan biri istintaq, yaxud təhqiqat materialını yaza bilməyib hüquqşünaslarla razılaşaraq aylıq pul ödəyərək material təqdim etməsidir. Bir çox sahədə saxta diplomla fəaliyyət göstərənlər var. Əgər diqqətlə araşdırılsa, görə bilərik ki, məsələyə ciddi yanaşılmır. Bu kimi məsələlərə göz yuma-yuma gələcəyini risk altına alırıq, amma təəssüf ki, bunun fərqində deyilik.  Əksər sahələr zəmini olmayan bina kimidir, kiçik bir zəlzələdə uça bilər. Məsələni kökündən həll etmək çox çətindir. 5 nəfər ifşa edilsə belə, 5 min nəfər unudulur. Minlərlə insan həyatını saxta diplom, saxta elmi dərəcələr üzərinə qurub”.

AZƏRTAC

Eldəniz Əmirov

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda alim dərəcəsini alanlar çox olsa da, heç də hər kəs bu ada layiq deyil. Ekspert vurğuladı ki, həqiqi alimlərin sayı da kifayət qədərdir: "Dissertasiya mövzusunu müdafiədən bir gün sonra unudan  “alimlər” var. Bəsit iqtisadi terminlərin mənasını bilməyənlər çoxdur".

Qeyd edək ki, Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komissiyasından  bildirilib ki, qurumun nəzdində 25 elm sahəsi üzrə 15 ekspert şurası fəaliyyət göstərir: “Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məlumatında adıçəkilən iqtisad elmləri doktoru, professor Şəfa Əliyev komissiyanın əməkdaşı deyil, Sumqayıt Dövlət Universitetinin professoru vəzifəsində çalışır və komissiyanın Rəyasət Heyətinin 2020-ci il 29 sentyabr tarixli qərarı ilə İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü və elmi katibi təyin edilib. Komissiya onun nüfuzuna xələl gətirə biləcək bu kimi neqativ halların müəyyən edilməsində maraqlıdır və konkret bu işin obyektiv araşdırılmasında müvafiq qurumlara lazımi dəstək göstərəcək”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR