İnsanlara hürriyət, millətlərə istiqlal!

İqlim dəyişikliyi Azərbaycanın ixrac məhsullarını “vurdu”- daha pis ssenari...

Ərzaq təhlükəsizliyi valyuta qazanmaq prinsipindən önə keçəcəkmi?

Son illərə qədər dünyanın ən böyük fındıq istehsalçılarının ilk üçlüyündə olan Azərbaycan hazırda dördüncü yerlə kifayətlənir. Buna baxmayaraq, fındıq istehsalı ixracın həcminə görə dənli bitkilər arasında birinci yerdədir. Bunu bunu Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli “Fındıq potensialının artırılması: Məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfransda çıxışında deyib. Onun sözlərinə görə, ötən il fındıq ixracı nəticəsində ölkəyə 110 milyon ABŞ dollarından yuxarı xarici valyuta daxil olub.

“Bu il Azərbaycanın fındıq bağları su qıtlığı və iqlim dəyişikliyi problemləri ilə üzləşib”. Bunu isə ölkədə fındıq istehsalı ilə məşğul olan şirkətin rəhbəri Cavid Kazımov beynəlxalq konfransda panel müzakirəsi zamanı deyib. O qeyd edib ki, 2023-cü il fındıqçılıqla məşğul olan fermerlər üçün çətin il olub: “İlkin araşdırmalara görə, müəyyən regionlarda məhsuldarlıq 30 %-dək aşağı olub. Bəzən elə olur ki, bir bağın yuxarı və aşağı hissəsində məhsuldarlıq fərqli olur. Elə bağımız var ki, suvarması olmasa belə məhsuldarlıq yüksəkdir. Lakin elə bağlarımız var ki, suvarma normal olsa da, zərərvericilər və iqlim dəyişikliyi məhsuldarlığa mənfi təsir edib”.

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Mehmet Özhaseki Türk Dünyası II Meteorologiya Forumunda çıxışı zamanı isə deyib ki, iqlim dəyişikliyi qida böhranına səbəb ola bilər. Nazirin sözlərinə görə, dünyada istilik 1,1 dərəcə artıb. Əgər bu, 2 dərəcə yüksəlsə, qida böhranı yaşana, 3 dərəcə yüksələrsə, dünya yaşanmaz hala gələr: “İqlim dəyişikliyinin ən böyük səbəbi sənayeləşmə, şəhərlərin böyüməsidir. Dünyanı ən çox çirkləndirən ölkələr sırasında Hindistan, ABŞ kimi ölkələr var”.

Məlumdur ki, Azərbaycan qlobal iqlim dəyişikliyinə ən çox məruz qalacaq ölkələr sırasındadır. Bir sıra pessimist proqnozlarda ölkəmizin ərazisinin xeyli hissəsinin səhralaşmaya məruz qalacağı qeyd edilir. Rəsmi məlumatlara əsasən, son 30 ildə ölkənin su ehtiyatlarında 15 faiz azalma qeydə alınıb və proses davam edəcək. Belə bir şəraitdə ölkədə kənd təsərrüfatı istehsalına, xüsusilə bitkiçilik sahəsində istehsal siyasətinə elmi yanaşmanın olması son dərəcə vacibdir. Qlobal iqlim dəyişikliyinin bütün dünyada kənd təsərrüfatı məhsullarının istehsalında inkişafı ləngitdiyi bir dövrdə həm əkinəyararlı torpaqlar, həm də su ehtiyatları məhdud olan Azərbaycanda kənd təsərrüfatının sırf daxili ərzaq təhlükəsizliyinin təminatına istiqamətlənməsi zərurətdir. Son iki ilin təcrübəsi göstərir ki, ərzaq təminatı ölkələr üçün ilk prioritetlər sırasındadır və bütün dövlətlər ilk növbədə öz vətəndaşlarının ərzaq təhlükəsizliyini təmin etməyi hədəfləyirlər. Bu amili də nəzərə alsaq, Azərbaycanda aqrar sektora qeyri-neft iqtisadiyyatının prioritet inkişaf sahəsi kimi deyil, dövlətin ərzaq təhlükəsizliyinin təminatçısı kimi baxılmasının lazım gəldiyini deyə bilərik. Bu yanaşmadan çıxış edilərək, aqrar istehsalın mühüm ərzaq məhsulları ilə təchizat ehtiyaclarına əsasən planlanmasına ehtiyac var.

Ötən ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanda pivot suvarmanın tətbiqi ilə əldə olunan keyfiyyətli buğda istehsalına görə əlavə dəstək mexanizmi tətbiq olunub. Kənd Təsərrüfatı Nazirliyinin məlunmatına görə, bu il ölkədə pivot suvarma sistemləri ilə 100 min ton ərzaqlıq buğda yetişdirilib. Bu qədər məhsul adıçəkilən sistemin mövcud olduğu 22 min hektar ərazidə ərsəyə gətirilib. Gələn il bu cür daha 14 min hektar ərazidə ərzaqlıq buğda yetişdirilməsi nəzərdə tutulub. Artıq pivot suvarma sistemləri mövcud olduğu ərazilərin 150 min hektara çatdırılması planlaşdırılıb. Hesab olunur ki, 150 min hektardan yüksək məhsuldarlıq hesabına əldə olunacaq 700-800 min ton ərzaqlıq buğda ölkənin bu strateji məhsulla təminatında təhkükəsizliyi təmin etməyə imkan verəcək.

Bu gün ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması prinsipinin aqrar istehsalda prioritet olduğunu söyləmək qeyri-mümkündür. 2015-ci ildə neftin kəskin ucuzlaşması nəticəsində gəlirlərin azalması ixracyönümlü məhsulların istehsalını əsas prioritetə çevirib. Məhz həmin vaxtdan Azərbaycanda külli miqdarda su tələb edən pambıq, şəkər çuğunduru, pomidor və sair bitkilərin becərilməsinə diqqət artırılıb. Lakin 8 ildir heyvandarlığın məhvi ilə müşayiət olunan bu proses ciddi uğur əldə olunmadan davam edir. Son illərin təcrübəsi göstərir ki, iqlim şərtlərinin dəyişdiyi, ərzaq təhlükəsizliyinin önə çıxdığı bir dövrdə yüz minlərlə hektar münbit torpağı sırf ixraca hesablanan bitkilərin əkini altına vermək doğru yanaşma deyil.

Cari ildə müşahidə olunan əlevrişsiz iqlim şərtləri əksər bitkiçilik məhsulları üzrə istehsalın azalmasına, keyfiyyətin kəskin düşməsinə səbəb olub. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 93 722 ha əkin sahəsinin 16 min 009 ha sahəsindən pambıq yığılıb. məhsul yığılmış sahə ötən illə müqayisədə 18 min 493,8 ha və ya 2,1 dəfə azdır. Keçən iln müvafiq dövründə isə 34 min 503 ha sahədən pambıq yığılmışdı.

Hesabat dövründə əkin sahələrindən yığılmış pambığın kütləsi 14 min 295,5 ton təşkil edib ki, bu da illik müqayisədə 24 min 469,1 ton və ya 2,7 dəfə azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə 38 min 764,6 ton pambıq yığılmışdı. Hər hektar sahədən yığılmış pambığın kütləsi isə 8,9 sentner təşkil edib ki, bu da son bir ildə 2,6 sentner, yaxud 22,6 faiz azdır. 2022-ci ilin 9 ayında məhsuldarlıq hər hektar üçün 11,5 sentner təşkil etmişdi.

Pambıqçılıqlı məşğul olan fermerlərin “Yeni Müsavat”a dediklərinə görə, bu il naməlum xəstəlik, daha sonra sentyabrdakı intensiv yağışlar pambıqçılıqda məhsuldarlığı 10 sentner azaldıb. Əldə olunan məhsulun keyfiyyəti də çox aşağıdır.

Yağıntıların, bəzi ərazilərdə isə quraqlığın aqrar istehsalçılara vurduğu zərərin qarşılanması üçün tətbiq olunan aqrar sığorta mexanizmi heç də bütün sahələri və istehsalçıları əhatə etmir. Aqrar Sığorta Fondunun (ASF) açıqladığı məlumata görə, 2022-ci ildə ASF tərəfindən 2,4 milyon manat sığorta ödənişi əyata keçirilib. 2023-cü ildə isə baş verən sığorta hadisələrinin sayı kəskin artdığına görə sığorta ödənişlərinin məbləği artıb.  Bu ilin yanvar-sentyabr aylarında ölkənin 24 bölgəsində əkin sahələri üzrə sığorta ödənişləri edilib. Hesabat dövründə bitkiçilik sahəsi - taxıl və pambıq sahələri, meyvə bağları və sair əkinlər üzrə yüzlərlə sığorta hadisəsi qeydə alınıb. Qeydə alınmış hadisələr üzrə fermer və təsərrüfatlara ümumilikdə 783 min 787 manat sığorta ödənişləri edilib.

Ən çox ödənişlər pambıq, arpa və buğda sahələri üzrə həyata keçirilib. Fındıq bağları və qarğıdalı sahələri üzrə də hadisələr qeydə alınıb və dəyən zərərlər üzrə ödəniş həyata keçirilib. Hesabat dövründə ən çox sığorta ödənişi edilən bölgələr Ağdam, Şəki, Ağcabədi, Yevlax, İsmayıllı, Şamaxı, Zaqatala, Goranboy, Bərdə və başqaları olub.

Xatırladaq ki, Aqrar Sığorta Fondu hazırda 41 bitki üzrə ümumilikdə 48 bitkiçilik məhsullarının 28 risk üzrə sığortasını həyata keçirir. Bitkiçilikdə sığorta haqları bitkinin növü, əkin sahəsininyerləşdiyi region, məhsuldarlıq, məhsulun qiyməti və seçilmiş sığorta zərfindən asılı olaraq dəyişir.

ASF rəhbərliyinin dediyinə görə, qarşıdakı dövrdə aqrar sığortaya yeni risklərin, o cümlədən quraqlıq risklərinin əlavə edilməsi ilə bağlı ilkin müzakirələr və hesablamalar aparılır.

2023-cü ilin ilk 9 ayında Aqrar Sığorta Fondu tərəfindən sığortalanmış heyvandarlıq təsərrüfatları üzrə 131 hadisə qeydə alınıb, tələf olan və ya məcburi kəsimə verilən 138 baş heyvan üzrə ümumilikdə 624 min 495 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Bu il fond tərəfindən ölkə üzrə 420 min hektardan çox əkin sahəsi sığortalanıb ki, bu da bütün əkin sahələrinin cəmi 25 faizini təşkil edir. Dövlət sığorta haqqının 50 faizini ödəsə belə, fermerlərin çoxunun qalan 50 faizi ödəmək imkanı olmadığına görə aqrar sığortanın əhatə dairəsi gözlənildiyindən daha aşağı sürətlə artır.

Onu da qeyd edək ki, işğaldan azad olunan ərazilər suvarma suyu təminatı baxımından daha zəngindir. Buna görə də həmin ərazilərin əkin dövriyyəsinə cəlb edilməsi kənd təsərrüfatı istehsalının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun verdiyi məlumata görə, 2020-2021-ci təsərrüfat ilində 10 min ha, 2021-2022-ci təsərrüfat ilində 50 min ha, 2022-2023-cü təsərrüfat ilində isə 72 min ha torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib. Bu isə potensial ərazilərin cəmi 60 faizini təşkil edir.

Maraqlıdır ki, bu qədər əkin sahəsinin dövriyyəyə cəlb olunması ölkə üzrə kənd təsərrüfatı istehsalında demək olar ki, hiss olunmur...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR