İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimal-Cənub Dəhlizi bağlansa... - ortaq layihələr təhlükədə?

Bölgədə yaranmış gərginlik iqtisadi-logistik layihələrin taleyini istər-istəməz gündəmə gətirir

Bakı-Moskva münasibətlərində gərginlik ikincinin günahı üzündən qalmaqda davam edir. Bu da öz növbəsində Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələri, həmçinin ortaq iqtisadi-logistik layihələrin taleyini istər-istəməz gündəmə gətirir.

Söhbət xüsusən də Şimal-Cənub Dəhlizindən və bu dəhlizin hər iki tərəf üçün önəmindən gedir. Bundan əlavə, Rusiya Avropanın almaqdan  imtina etdiyi təbii qazının Azərbaycan üzərindən İrana çatdırılmasını nəzərdə tutan böyük layihə hazırlamaqdadır. Bu layihənin reallaşması isə bilavasitə Azərbaycanın mövqeyindən asılıdır.

Qeyd edək ki, Rusiya mətbuatında ölkələr arasında itisadi əlaqələrin qırılması variantının tərəflərə təsirləri barədə müxtəlif ekspertlərin yüzlərlə rəyi dərc olunmaqdadır. Onlar bir qayda olaraq, Azərbaycanın Rusiyaya ixrac və oradan idxaldan asılılığını qabardaraq, əlaqələrin məhdudlaşmasından Bakının daha çox zərər görəcəyini vurğulayırlar. Bu zaman onlar bir sıra statistik rəqəmlərə istinad edirlər. Belə ki, 2024-cü ilin yekunlarına görə, Azərbaycanın enerji sektorundan kənar əsas ixrac malları plastik və plastik məmulatlar (368,9 milyon dollar), qızıl (211,9 milyon dollar), pambıq (177,1 milyon dollar), ekzotik meyvələr (175,5 milyon dollar), pomidor (175,4 milyon dollar), minik avtomobilləri (171,7 milyon dollar), qoz-fındıq (131,3 milyon dollar), gübrələr(126,2 milyon dollar), alüminium təbəqələr (110,1 milyon dollar) və çəyirdəkli meyvələr (99,4 milyon dollar) olub. Bu malların ən azı yarısının əsas alıcısı Rusiyadır. Azərbaycanın çəyirdəkli meyvələrinin ixracında Şimal qonşunun xüsusi çəkisi (98 faiz, 97,1 milyon dollar), pomidorda 96 faiz (168,7 milyon dollar), ekzotik meyvələrdə 87 faiz (153,4 milyon dollar), plastik məmulatlarda 64 faiz (235,7 milyon dollar), qoz-fındıqda 53 faiz(70,2 milyon dollar) təşkil edib.

Rusiyadan idxala gəlincə, qonşu ölkənin ekspertləri bildirirlər ki, Azərbaycan daxili istehlak üçün Rusiyanın Urals neftini (2024-cü ildə 1,53 milyon ton) alır və özünün premium Azeri Light markalı neftini ixrac edərək bu əməliyyatlardan “yaxşı gəlir əldə edir”. BMT-nin əmtəə ticarəti statistikası məlumat bazasına görə, keçən il neft və onun distillə məhsullarının daxil olduğu “mineral yanacaq” əmtəə qrupu Rusiyanın Azərbaycana ixracının demək olar ki, üçdə birini (1,18 milyard dollar) təşkil edib. Bu ilin ilk dörd ayında qiymətli daşlar və metallar liderdir - Azərbaycana ixracın 29 faizi və ya 439,4 milyon dollar. İkinci yerdə mineral yanacaq - yanvar-aprel üçün 24 faiz və ya 355,3 milyon dollar -  qərarlaşıb. Qara metallar da Azərbaycana tədarük edilən ilk üçlük sırasındadır  - 7 faiz və ya dörd ayda 103,8 milyon dollar.

Rusiya Prezident Akademiyasının Beynəlxalq Ticarət Araşdırmaları Mərkəzinin direktoru Aleksandr Knobel bu göstəricilərə əsasən iqtisadi əlaqələrin dayanmasından daha çox Azərbaycanın zərər görəcəyini deyir: “O, təkcə bazarı və təchizatçını deyil, həm də logistik tərəfdaşını itirəcək. Rusiya yerli itkilərlə və ayrı-ayrı mallar üçün qiymətlərin qalxması ilə üzləşəcək, lakin axınları yenidən konfiqurasiya edə və boşluğu digər bazarlarla kompensasiya edə biləcək.”

Knobel qeyd edir ki, Azərbaycan üçün Rusiya ən mühüm satış bazarlarından biridir. 2024-cü ildə Azərbaycan ixracının təxminən 1 milyard dolları Rusiyaya gedib, üçdə ikisi kənd təsərrüfatı məhsullarıdır: meyvə, tərəvəz, konservlər. Knobel qeyd edir ki, bu istiqamətin itirilməsi fermerlərin və emal müəssisələrinin gəlirlərinin kəskin azalması deməkdir: “Əvəzedicini tez tapmaq mümkün olmayacaq: Avropa və Fars körfəzi ölkələrində ciddi keyfiyyət tələbləri var və orada logistika daha bahadır. Daxili bazar bütün həcmi qəbul edə bilməyəcək və bu, istehsalçıların qiymətlərinin aşağı düşməsinə, məhsulun azalmasına və kəndlərdə işsizliyin artmasına səbəb olacaq”.

Knobelin fikrincə, Rusiya üçün itkilər daha az olacaq - Rusiyanın xarici ticarətinin cəmi 0,6 faizi Azərbaycanın payına düşür və makroiqtisadi baxımdan bu, əhəmiyyətsizdir. Lakin ekspert etiraf edir ki, bəzi sənaye sahələri - yanacaq, metal, taxıl və avadanlıq tədarükçüləri üçün Azərbaycan bazarının itirilməsi çətinliklər yaradacaq: “Bu, xüsusilə Azərbaycanın minimal logistika xərcləri ilə rahat və etibarlı alıcı olduğu cənub bölgələrinə təsir edəcək. Eyni zamanda Xəzər dənizi ilə tranzit də zərər görəcək: Rusiya Şimal-Cənub dəhlizində tərəfdaşını itirir və bu, nəqliyyatın səmərəliliyini və ölkənin cənubunda nəqliyyat infrastrukturuna investisiyanı azaldır”.

Knobel deyir ki, Rusiya istehlakçısı da təsirini hiss edəcək: “Azərbaycan qışda təzə pomidor və xurmanın Rusiyaya aparıcı tədarükçüsüdür. Bu olmasa, bu məhsulların qiymətləri xüsusilə ilin sonunda bahalaşacaq. Türkiyə və İran həcmləri qismən kompensasiya edə biləcəklər, lakin həmişə eyni qiymətlərlə və eyni sabitliklə deyil”.

Azərbaycan Rusiyaya pomidor tədarük edir, çünki ölkə idxalda ondan asılı olaraq qalır. O qeyd edib ki, Azərbaycandan Rusiya bazarına pomidor idxalının payı 30-35 faiz təşkil edir. Ölkələr arasında vəziyyətin gərginləşməsi səbəbindən hələlik bu tərəvəzin tədarükü ilə bağlı heç bir problem yoxdur.

Göründüyü kimi, Rusiya ekspertləri qismən də olsa, Azərbaycanla əlaqələrin dayanmasından ölkənin görə biləcəyi zərərləri etiraf edirlər. Onlar Rusiyadan neft və yanacaq almasını Azərbaycanı həssas duruma salan amil kimi qeyd edirlər, reallıqda isə bu alışlar 2023-cü ildən - Rusiya neft və neft məhsullarının Avropaya tədarükü qadağan olunduqdan sonra başlayıb. Azərbaycanın bu addımları məhsullarını reallaşdırmağa bazar tapmayan Moskvaya bir növ, dəstəkdir. 2023-cü ilə qədər alınmırdı, Azərbaycan  bəyəm özünü təmin edə bilmirdi həmin məhsullarla?

Azərbaycanın Rusiyaya ixracına gəlincə, göstərici Rusiyadan idxaldan az qala 4 dəfə azdır. Onun dayanması zamanı bir sıra məhsullar üzrə ixracın diversifikasiyası qısa müddətdə təmin oluna bilər. Xüsusilə plastik məmulatlar, aqrar sənaye məhsulları ilə bağlı ixrac coğrafiyasını genişləndirmək qısa müddətdə mümkündür. Ötən il 600 milyon dollar qiymətləndirilən sırf aqrar məhsullara gəlincə, hətta heç bir hissəsinə yeni bazar tapılmasa belə, Azərbaycanın itkisi Rusiyanınkından qat-qat az olacaq. Ötən il Rusiyadan Azərbaycana 3,6 milyard dollarlıq mal və məhsul satılıb. Bu ilin dörd ayında bu göstərici 1,5 milyard dollar təşkil edib. Belə böyük bir bazarı itirmək inkişaf etmiş ölkələrin bazarlarından qovulan Rusiya üçün heç də kiçik itki olmayacaq.

Şimal-Cənub" nəqliyyat dəhlizi hansı yeni imkanlar yaradacaq?

Rusiyanın Azərbaycanla münasibətləri pisləşdirməkdən iqtisadi itkilərində Şimal-Cənub Nəqliyyat dəhlizi mühüm yer tuta bilər. Məlum, Avropa limanlarında arzuolunmaz ölkə elan edilən Rusiya üçün Hindistanla əlaqələrin təmin olunması son dərəcə vacibdir. Hazırda bu ölkə Rusiya neftinin ən böyük alıcısıdır. Qərbin ağır sanksiyaları üzündən satdığı neftin dəyərinin xeyli hissəsini Hindistandan mal və məhsullarla almağa məcburdur. Bu ticarətin dəniz yolu ilə reallaşması müddət uzunluğu və nəqliyyat xərcləri baxımından sərf etmir. Ona görə də Rusiya dəhlizin mümkün qədər qısa müddətdə tam işlək hala gəlməsində son dərəcə maraqlıdır. Rusiyanın öz şirkətlərinin apardığı hesablamalara əsasən Şimal-Cənub dəhlizinin Azərbaycan üzərindən keçən Qərb qolu Qazaxıstan-Türkmənistandan reallaşan Şərq və Xəzər dənizi üzərindən olan Mərkəz qollarından daha səmərəlidir: həm müddət, həm də xərclər baxımından. Məhz bu amilə görə Rusiya dəhlizin Qərb qolunun İran ərazisindəki mühüm komponenti olan Rəşt-Astara dəmiryol xəttinin tikintisini maliyyələşdirməyi üzərinə götürüb. 2023-cü ilin mayında iki ölkə arasında imzalanan müqaviləyə əsasən Moskva xəttin tikintisinin 1,6 milyard avro olan ümumi dəyərinin böyük hissəsini - 1,3 milyard avrosunu dövlətlərarası kredit kimi İrana ayıracaq. O vaxtdan bəri zəruri torpaq alınması işlərinin yubanmasından sonra bu ilin may ayında Rusiya və xəttin tikintisi üzrə tədqiqat işlərinə başlayıb. Bu hissənin tikintisi çərçivəsində 162 km dəmir yolu xəttinin çəkilməsi, səkkiz yeni stansiyanın, 56 yol qovşağının, 73 körpünün, 30 yol ötürücüsünün tikintisi nəzərdə tutulub. Gözlənilir ki, Rəşt-Astara xəttinin tikintisi Ust-Luqadan Bəndər Abbasa fasiləsiz tranzit axını və ildə ən azı 15 milyon ton yükün daşınmasını təmin edəcək.

Hətta iyunda baş verən münaqişə zamanı İsrailin Rəşt şəhərində yerləşən sənaye zonasını, Bəndər-Abbası bombalayanda belə Rusiya dəmiryol xəttinin mühəndis-texniki layihələndirməsini dayandırmadı, mütəxəssislərini İrandan çıxartmadı. Yeri gəlmişkən, İsrailin zərbələri nəticəsində böyük dağıntı və itkilərə məruz qalan, ABŞ tərəfindən neft satışına qarşı sanksiyalar sərtləşdirilən İranın Rəşt-Astara dəmiryol xətti üzrə işləri vaxtında yerinə yetirməsi ciddi sual altına düşüb. Eyni vəziyyət Şimal-Cənub dəhlizinin Şərq və Mərkəz qollarında da yaranıb: hər iki qolda yükdaşımaları zəruri həddə çatdırmaq Qərb qolundan daha böyük investisiyalar tələb edir. Bu isə o deməkdir ki, Rusiyanın İran və Hindistanla yükdaşımalarda Azərbaycana ehtiyacı daha da artacaq. Belə bir məqamda Azərbaycanla münasibətlərin qırılma həddinə çatdırılması, əlbəttə, Rusiya üçün ciddi zərbə olar. Azərbaycan, Rusiyadan fərqli olaraq, üzərinə götürdüyü öhdəliklərə sadiqliyini dəfələrlə sübut edib. Lakin tərəfdaş ölkə düşmənçilik yolu tutursa, Bakının öz maraqlarına uyğun addım atmaqdan başqa yolu qalmır...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR