Onlayn ictimai-siyasi qəzet
İqtisadçı: “Aşağı gəlirli ailələr üçün, ələlxüsus ipoteka ilə ev almaq xəyal olaraq qalır”
Mərkəzi Bank tərəfindən 2024-cü ilin IV rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair keçirilmiş sorğunun nəticələri açıqlanıb.
Sorğunun 2024-cü il IV rüb üzrə nəticələrinə əsasən, ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib. Sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olub. Daxili ipoteka kreditləri üzrə standartlarda sərtləşmə əsasən kreditlərin maya dəyərinin artımı formasında olub. İKZF (İpoteka və Kredit Zəmanət Fondu) hesabına verilən ipoteka kredit standartlarında isə dəyişiklik müşahidə edilməyib. Banklar növbəti rübdə həm İKZF hesabına verilən kreditlər, həm də daxili ipoteka kreditləri üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirlər.
Bankların daxili ipotekanı bahalaşdırması onsuz da əlçatan olmayan imkanları daha da ağırlaşdırır.
Qeyd edək ki, ombudsman ipoteka şərtlərinə yenidən baxılmasını təklif edir.
Bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə Milli Məclisdə məruzəsində əksini tapıb.
Məruzədə bildirilib ki, mənzil hüququnun daha səmərəli təmin edilməsi məqsədilə, real bazar qiymətləri və əhalinin alıcılıq qabiliyyəti nəzərə alınmaqla, güzəştli ipoteka kreditinin şərtlərinə yenidən baxılması, kreditin maksimal məbləğinin artırılması, ilkin ödəniş məbləğinin minimuma endirilməsi, kredit müddətinin uzadılması, faiz dərəcəsinin endirilməsi, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququna malik şəxslərin siyahısının genişləndirilməsi məqsədilə qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi vacibdir.
Vurğulanır ki, istər Bakı şəhərində, istərsə də rayon mərkəzlərində, habelə bəzi qəsəbələrdə yerləşən ötən əsrin əvvəllərində və ortalarında tikilərək istifadəyə verilmiş bir sıra yaşayış binalarında uzun illər təmir-bərpa işləri aparılmayıb, istismar müddətinin keçməsi səbəbindən həmin binalar istismara yararsız, bəzi hallarda isə qəzalı vəziyyətə düşüb. Bu baxımdan, həmin mənzillərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşması üçün onların yeni mənzillərə köçürülməsi ilə bağlı pilot layihələrin davam etdirilməsi məqsədəuyğundur.
Yeri gəlmişkən, Azərbaycanda dövlət xətti ilə ipoteka krediti götürənlərin sayı 53 mini keçib
Rəsmi statistikaya əsasən, bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 53 014 borcalana 3 milyard 362,336 milyon manat kredit verib. Qurumdan verilən açıqlamada bildirilib ki, indiyə qədər 549,443 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 6 720 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, Mərkəzi Bank ölkədə kredit siyasətini həyata keçirən tənzimləyici qurum olaraq, eyni zamanda problemli kreditlərlə bağlı doğru qərarların verilməsinə məsul qurumdur. İqtisadçının fikrincə, Mərkəzi Bankın sözügedən qərarı həm də problemli kreditlərin həcminin artmasının qarşısını almaq məqsədi daşıyır: “Kreditləşmə və maliyyələşmə mənbələrinə yönəlik məsələdə ipoteka kreditləri üzrə standartların sərtləşdirilməsi veriləcək kreditlərin maya dəyərinin artmasına səbəb olub. Bu da təbii olaraq öz hesabına verilən daxili ipoteka kreditlərinin bahalaşmasına gətirib çıxaracaq. Digər tərəfdən, banklar kreditin böyük qismini məhz əldə edilən depozitlər əsasında verirlər. Getdikcə artan depozit faizləri də nəticədə daxili ipotekanın bahalaşmasına gətirib çıxarır. Təbii ki, daxili ipotekanın bahalaşdırılması maliyyə əlçatanlığı istiqamətində çətinliklər yaradır. Uzunmüddətli dövr ərzində özünü doğruldacaq üsullar yoxdur. Çünki bilavasitə kredit resurslarının baha əldə olunması onların sonradan baha təklif olunmasını şərtləndirir. Tələb-təklif faktoru da ciddi rol oynayır. Sosial nöqteyi-nəzərdən bankların daxili kreditlərinin bahalaşması krediti insanlar üçün əlçatmaz edir. İnsanların ev sahibi olması daha da çətinləşir. Bu zaman aşağı gəlirli ailələr üçün, ələlxüsus ipoteka ilə ev almaq xəyal olaraq qalır. Bu, təkcə Azərbaycanla bağlı deyil. Daşınmaz əmlak bazarı, xüsusilə mənzil əlçatanlığı Kanada kimi dövlətdə belə ciddi problemə çevrilib. Hansı yolla əldə olunmasından asılı olmayaraq, mənzilin yaradılması üçün zəruri olan xərclər var. Bu xərclərin həcmi böyükdür. Faizləri də nəzərə aldıqda həcm daha da böyüyür”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ