İnsanlara hürriyət, millətlərə istiqlal!

İntihar etmək istəyən uşaqda əsas əlamətlər - Valideynlərin nəzərinə!

Psixoloq: “Bütün intiharların əsasında insan ümidsizliyi dayanır...”

Yaponiyada 2022-ci ildə uşaqlar arasında intiharların sayı 2021-ci ilə nisbətən artaraq bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ötən il 512 məktəbli intihar edib ki, bu da 2021-ci illə müqayisədə 39 nəfər çoxdur.

Təhsil naziri Keiko Naqaoka bələdiyyə təhsil komitələrinə uşaqlarda intihar etmək istəyini göstərən təhlükə əlamətlərini axtarmaqda səy göstərmələrini tapşırıb. Bundan əlavə, Naqaoka valideynlərlə əlaqə yaratmağa da çağırıb, çünki uşaqlar yaxınlıqda onlara kömək edə biləcək bir yetkinin olacağını bilməlidirlər.

512 - gerçəkdən şokedici bir rəqəmdir. Bir ildə bu qədər sayda məktəbli niyə öz həyatına son qoysun ki? Üstəlik, Yaponiya kasıb ölkə sayılmaz. Tam əksinə. O zaman nə baş verir?

Azərbaycanda vəziyyət necədir? Yapon təhsil nazirinin dediyi kimi, uşaqlarda intihar etmək istəyini göstərən konkret əlamətlər hansılardır ki, valideyn onu ciddiyə almalıdır?

Elnur Rüstəmov - Stresslə baş etməyin yolları - YouTube

 Elnur Rüstəmov

Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, son illərdə intihar edənlərin sayında böyük  bir artım var. Həm məktəbli, həm də orta yaşlı insanlar arasında intiharların artdığının şahidi oluruq. Bir çoxları bunu texnoloji dövr, sürət əsri ilə əlaqələndirirlər. Qeyd olunur ki, texnoloji dövr yaratdığı fəsadlar səbəbindən insanların əhvalları tez-tez dəyişir, ümidləri azalır, həyat keyfiyyətləri aşağı düşür və sairə.

Bəli, qeyd etdiyiniz kimi, Yaponiya kasıb ölkə deyil. Ümumiyyətlə, bəzən belə bir yanlış fikir formalaşır ki, intiharlar daha çox imkansız insanlar arasında baş verir. İntiharı o adamlar edir ki, onların həyat keyfiyyətləri aşağıdır, həyatdan məmnun deyillər, sabahla bağlı ümidləri azdır. Hər kəs bilir ki, ümid artanda insanın yaşamaq eşqi artır, əksinə, ümid azalanda  insanın yaşama eşqi aşağı düşür, nəticədə depressiya, digər psixoloji  problemlər ortaya çıxır. Uzağa getməyək, yaşlı insanların belə psixologiyasına baxanda görürük ki, o insanlar daha çox yaşamaq istəyir ki, onların sabaha ümidi çoxdur. Eyni zamanda, orta məktəblərdə oxuyan şagirdlərlə bağlı da müşahidə edirik ki, intihar düşüncəsi olan uşaqlar daha çox evlərində gərginlik, ailə problemləri və digər sarsıntılar yaşayanlardır. Həmçinin məktəblilər arasında intihar hallarının artması məsələsində biz imitasiya amilini də görürük. Yəni məktəblilərin intiharları ilə bağlı informasiyalar nə qədər çox mətbuatda, mediada işıqlandırılırsa, intihara meyli olan şagirdlərin sayı artmağa başlayır. 

Azərbaycanı Yaponiya ilə müqayisə edəndə deyə bilərik ki, bununla bağlı ölkəmizdə vəziyyət çox yaxşıdır. Çünki ən azı ölkəmizdə ildə 512 məktəbli intihar etmir, əksinə, bununla bağlı say qat-qat aşağıdır. İntiharı qabaqlamaq üçün dünyada müxtəlif metodikalar var, məktəbli mühitinin öyrənilməsi ilə bağlı testlər var. Bu üsullarla şagirdlərin aqressiyası, bullinqə məruz qalması, məktəb mühitini araşdırılır, dəyərləndirilir, müəyyən nəticələrdən sonra qabaqlayıcı tədbirlər görməyə başlayırlar.

Azərbaycanda bu məsələ ilə bağlı problem ondan ibarətdir ki, məktəb mühiti ilə bağlı əlimizdə dəqiq araşdırmalar olmur. Qeyd etdiyim testlər isə müəyyən səbəblərdən ölkəmizə gətirilimir. Həmin testlə ölkəmizə gətirilib, burada adaptasiya olunarsa, hesab edirəm ki, obyektiv nəticələrə malik olub, qabaqlayıcı tədbirlər görə bilərik.  Bir daha qeyd edirəm ki, bütün intiharların əsasında insan ümidsizliyi dayanır. Ona görə də əsas diqqəti ümid artırmağa yönəltmək kifayətdir ki, intihar düşüncəsi olan insan bundan çəkinsin".

Xalid GƏRAY
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR