İnsanlara hürriyət, millətlərə istiqlal!

İnternetin sürətinə görə 90-cı yerimiz - bəs qiymət?

Ekspert deyir ki, qiymətin mərkəzləşdirilmiş şəkildə tənzimlənməsi doğru deyil; “Rəqabət olmayınca, qiymət...”

Analitik şirkət "Ookla" beynəlxalq performansda dəyişiklikləri göstərən yanvar ayı internet sürəti testinin nəticələrini açıqlayıb. Sabit genişzolaqlı sürətə görə Sinqapur (336,45 Mbit/s), mobil internet sürətinə görə isə BƏƏ (545,94 Mbit/s) lider olub.

Azərbaycan 66,91 Mbit/s sürətlə sabit genişzolaqlı internet sürətinə görə ölkələr siyahısında 90-cı yerdədir. Mobil internetin sürətinə görə ölkələr siyahısında ölkəmiz 70,65 Mbit/s sürətlə 54-cü yerdədir. Hər iki kateqoriyada ölkəmiz mövqeyini bir pillə yaxşılaşdırıb. Azərbaycanda internet qiymətlərinin artması, lakin sürət və keyfiyyətdə ciddi bir dəyişiklik olmaması son dövrlər cəmiyyətdə, sosial mediada daha çox müzakirə mövzusuna çevrilib. Artan xərclərə baxmayaraq, xidmət səviyyəsinin gözlənilən qədər yaxşılaşmaması istifadəçilərin narazılığına səbəb olub. İnternet istifadəçiləri iddia edirlər ki, provayderlər minimal qiyməti 18 manatdan 25 manata qaldıraraq daha yüksək sürət təklif etsələr də, bu sürət artımı nəinki regionlardakı rayon və şəhərlərdə, hətta paytaxt Bakıda hiss olunmur. Mütəxəssislər bunu ölkədə internet infrastrukturunun təkmilləşdirilməsi prosesinin hələ davam etməsi ilə izah edirdilər. Amma keçən müddətdə də heç bir ciddi dəyişiklik olmayıb.

Onu da qeyd edək ki, hələ də bir çox kənd və ucqar ərazilərdə internet problemi qalır. Ekspertlər deyir ki, bunun əsas səbəbləri infrastrukturun tam qurulmaması, fiberoptik xətlərin çəkilməməsi və bəzi bölgələrdə mobil internetin zəif olmasıdır. Amma son illərdə Azərbaycanda internet infrastrukturunun inkişafı ilə bağlı müəyyən addımlar atılır. Fiberoptik internetin genişləndirilməsi, peyk interneti və mobil rabitənin gücləndirilməsi kimi layihələr həyata keçirilir.

İnternetin sürəti eynidir, amma keyfiyyəti fərqli: KİMƏ İNANAQ? - Oxu.az

Mehman Xəlilov

İKT üzrə mütəxəssis Mehman Xəlilov mövzu ilə bağlı “Yeni Müsavat”a problemin səbəbini bir neçə faktorla əlaqələndirib: “Əsas səbəb şəbəkə infrastrukturu ilə bağlıdır. Artıq heç yerdə köhnəlmiş rabitə kanallarından istifadə olunmur. Belə baxanda, optik liflərdən istifadə internetin sürətini artırmalıdır, amma sürətdə artım gözlənildiyi qədər deyil, çünki optik liflər infrastrukturun vacib elementi olsa da, onun yeganə elementi deyil. Siqnallar optik liflər üzərindən baza stansiyaları və şəbəkə qovşaqları vasitəsilə ötürülür. Bu qovşaqlar istifadəçiləri magistral məlumatötürmə kanalları ilə birləşdirir. Şəhərin mərkəzində belə qovşaqlar və stansiyalar daha çoxdur, daha yenidir və bir-birinə daha yaxındır. Dövlət, biznes qurumları və digər təşkilatlar daha çox mərkəzdə cəmləşiblər. Mərkəzdən kənardakı rabitə qovşaqları isə daha seyrək, arasındakı məsafə daha çoxdur, həmçinin xidmət göstərən kadr potensialının ümumi səviyyəsi mərkəzə nisbətdə daha aşağı olur. Bütün bunlar yüklənmiş baza stansiyasına qoşulmuş internet istifadəçilərində keyfiyyət itkisini müşahidə etməyə gətirib çıxarır”.

Mütəxəssis əlavə edib ki, infrastrukturda olan çatışmazlıqlar digər problemi də önə çıxarır: “Provayderlərin fəaliyyətinin əsasını müəyyən böyükhəcmli rabitə kanalını alaraq onu hissələrə bölüb, müştərilərə satmaq təşkil edir. Bu aspektdən baxanda görünən odur ki, provayderin bütün müştərilərini bir yerə cəmləsək, yekunda onların hamısının bir yerdə provayderdən aldığı kanalların cəmi provayderin özünün aldığı rabitə kanalının həcmindən çoxdur. Burada hələ ki bir problem yoxdur. Dünyanın bütün ölkələrində bu iş belə qurulub. Məsələn, sadə nümunə göstərək. Tutaq ki, provayderin 1000 müştərisi var və onların hər biri 100 Mb/san sürətli kanal alıb. Nəticədə müştərilərin yükün istifadə kanalının həcmi saniyədə 100 000 Mb = 100 Gb olur. Lakin provayder bu müştərilərə xidmət göstərmək üçün 100 deyil, daha azhəcmli, məsələn, 10 Gb kanal alır, çünki istifadəçilər, praktiki olaraq, eyni zamanda hamısı internetə qoşulub onu maksimal tələbatla istismar etmirlər. Günün qeyri-pik saatlarında bu daha aydın müşahidə olunur. Bir qayda olaraq, axşamlar hamı işdən evə qayıdır və internetdən istifadə pikə qalxır. Bu zaman provayderin aldığı kanal və istifadə etdiyi infrastruktur bütün istifadəçilərə eyni xidməti göstərməyə kifayət etmir, şəbəkədə izafi yüklülük yaranır. Belə olduğu təqdirdə provayderlər hamını internetlə təmin etmək üçün müəyyən inzibati mexanizmlərdən istifadə etməli olurlar. İstifadəçilərə onların olduğu ərazidən, istifadə etdikləri serverlərdən, yüklədikləri məlumatların tiplərindən asılı olaraq verilən kanallarda axın həcmi daraldılır, yaxud müəyyən həddə qədər məhdudlaşdırılır. Məsələn, YouTube kanalında yüksəkkeyfiyyətli videolara baxdıqda donmalar, oyunlarda qırılmalar və s. kimi problemlər əmələ gəlir.

Belə problemləri aradan qaldırmaq üçün provayderlər istifadəçilərin tələbatlarını araşdırıb infrastrukturun yenilənməsi prosesini mütəmadi həyata keçirməlidirlər ki, istifadəçilər pik saatlarda da keyfiyyətli xidmət ala bilsinlər. Proseslərin sürətlənməsini isə dövlət provayderlərinin kommersiya fəaliyyəti ilə məşğul olmasını dayandırmasında, bazarda olan rəqabətli mühitin artırılmasında və dövlətin bu sahədə kommersiya xidməti deyil, tənzimləmə fəaliyyəti göstərməsində görürəm".

Ekspert “əhalinin sosial vəziyyətini nəzərə alsaq, internetin qiyməti şəhər və kənd yerlərində eyni olmalıdırmı” sualına belə cavab verib: “Mən qiymətin mərkəzləşdirilmiş şəkildə tənzimlənməsinin tərəfdarı deyiləm. Bizdə internetin qiymətini də Tarif Şurası tənzimləyir. Amma bir bazar var, bazarın tələb-təklifi var və rəqabət var. Bu rəqabət olmayınca onun normal tənzimlənməsi mümkün deyil. Rayon yerlərində də dövlətin müəssisələrinin təqdim etdiyi internet provayderləri işləyir. Amma dövlətin həm tənzimləyici orqan olması, eyni zamanda onu xidmət kimi təqdim etməsi düzgün deyil. Bu nonsensdir. Həm qanunu tənzimləyir, həm də surəti verir, həm lisenziya verir, bundan sonra özü də xidmət göstərir. Ona görə kommersiya müəssisələri burada normal qaydada işləyə bilmirlər. Amma kommersiya müəssisələri qaydada olsaydı, onlar hər bir bazara uyğun olaraq öz təkliflərini çıxara bilərdilər”.

Ekspert infrastrukturla bağlı müştərilər tərəfdə olan problemlərdən də söz açıb: “Birincisi, internetə qoşulmanı təmin edən və əksəriyyətin istifadə etdiyi Wi-Fi qurğusudur. Müasir zamanda şəbəkəyə qoşulmaq üçün əsas etibarilə istifadə olunan bu qurğular Wi-Fi 4 və ya Wi-Fi 5 standartları ilə çalışır. Bu standartların bizim mövzu ilə əlaqəli fərqli cəhətləri budur ki, Wi-Fi 4 standartı ilə çalışan qurğular ya 2,4 GHz tezlikdə, yaxud da həm 2,4 GHz, həm də 5 GHz tezlikdə olan elektromaqnit dalğaları üzərində, Wi-Fi 5 standartlı qurğular isə yalnız 5 GHz tezlikdə işləyir. Əgər istifadəçi sürətin stabil 100 Mb/s olmasını istəyirsə, onun qurğusu 5 Ghz tezlikdə çalışmanı təmin etməlidir, yəni ya Wi-Fi 5 standartını, yaxud da 5 GHz-lik tezliyi dəstəkləyən Wi-Fi 4 standartında ikinci amil isə Wi-Fi qurğularının qoşulmasını təmin edən kabellərdir. Bir qayda olaraq, bu kabellər burulmuş cütlük (“twisted pair”) tipli olur ki, bunlar da müxtəlif kateqoriyalara malikdir. Tövsiyə olunanı CAT 6 xüsusiyyətli kabeldir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR