İnsanlara hürriyət, millətlərə istiqlal!

İnkişafa aparan yollar...

Müasir yol-nəqliyyat infrastrukturunun qurulması işğaldan azad edilmiş ərazilərdə geniş vüsət alıb

Yol infrastrukturunun yenidən qurulması ölkəmiz üçün əsas prioritetlərdən sayılır. Hətta ölkə başçısı İlham Əliyev də dəfələrlə çıxışında yolların mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib: “Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil”. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində yol qurğularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilir. 

Avtomobil Yolları Dövlət Agentliyindən “Yeni Müsavat”a verilən məlumata görə ki, 2003-2023-cü illər ərzində ölkədə 6 782,6 km respublika əhəmiyyətli, 11 418,7 km yerli əhəmiyyətli, 2 454,4 km Bakı şəhər yolları və 47,9 km Sumqayıt şəhər yolları olmaqla 20 703,6 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və yaxud təmir edilib.

Ötən il ölkədə ilk ödənişli -Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu istifadəyə verilib. Təməli 2017-ci ildə qoyulan ilk ödənişli yolun açılışı 2023-cü il oktyabrın 20-də Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq yeni avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək olan 150 kilometrlik hissəsi birinci texniki dərəcəyə uyğun inşa edilib.

Son dövrlər ölkəmizdə müxtəlif istiqamətlərdə yol infrastrukturunun yenilənməsi beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək dəyərləndirilib. Bəhs olunan dövrdə yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşıb.

Müasir yol-nəqliyyat infrastrukturunun qurulması işğaldan azad edilmiş ərazilərdə geniş vüsət alıb. Azad olunmuş torpaqlarımızın bərpası çərçivəsində icra olunan infrastruktur layihələrinin mühüm qismi Qarabağ və Şərqi Zəngəzurda avtomobil yollarının bərpasını əhatə edir. Azad olunan ərazilərdə ən böyük yol layihələrindən biri Füzuli rayonundan Şuşa şəhərinə çəkilən Zəfər yoludur. Uzunluğu 101 kilometr təşkil edən Zəfər yolu iki hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilib. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Zəfər yolu Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Prezident İlham Əliyev 2022-ci il noyabrın 7-də Şuşaya səfəri çərçivəsində yolun açılışını edib. Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi və Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80.7 kilometr təşkil edir. Ümumilikdə isə ötən il ərzində 803,5 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub: respublika əhəmiyyətli - 234,3 kilometr, yerli əhəmiyyətli - 398 kilometr, Bakı şəhər yolları 171,2 kilometr. Tədbirlər Planına uyğun olaraq, layihələrdən 12-nin icrasının 2023, 2 layihənin 2024, 3 layihənin 2025, 1 layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.

Daxili və xarici turizm sahəsinin inkişafının nəqliyyat sistemi və infrastrukturu ilə birbaşa əlaqəli olduğunu nəzərə alsaq, ekspertlər mövcud sahələrin sinxron inkişafının vacibliyini də vurğulayırlar. Azərbaycanda uzun illər turizmin, xüsusilə kənd turizminin inkişaf etdirilməsinə müxtəlif subyektiv və obyektiv amillər mane olub. Bu amillərə əsasən insanların maddi-rifah halının yaxşı olmaması, kənd yerlərində infrastruktur sahələrinin müasir tələblərə cavab verməməsi, nəqliyyat əlaqələrinin zəifliyi, sosial xidmətlərin zəif təşkili, turistlərin müvəqqəti yaşaması üçün yerlərin seçilməsində mövcud olan çətinliklər, kənd yerlərində kommunal xidmətlərin zəif olması və sairə daxildir.

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb

Natiq Cəfərli 

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, son 20 ildə Azərbaycanın yol infrastrukturuna milyardlarla vəsait qoyulub, körpülər tikilib: “Dərd budur ki, keyfiyyətsiz çəkilmiş yollar, tikilmiş körpülər tez aşınır və köhnəlir. Həmin keyfiyyətsiz yollar-körpülər hər il dövlət büdcəsinə ağır yük kimi olacaq, onların təmirinə, normal vəziyyətə gətirilməsinə yenidən milyardlarla vəsait xərclənəcək. O məmurlar həm keyfiyyətdən yeyiblər, həm də kəmiyyətdən, məhz buna görə yollar çökür, körpülər dağılır, 20 il zəmanətlə çəkilmiş beton yollar hər il 20 dəfə təmirə bağlanır. Bəzi məmurlar yola, körpüyə daimi qazanc mənbəyi kimi baxırlar deyə keyfiyyətli yol onlara sadəcə sərf eləmir”.

Yazını hazırladı: Afaq Mirayiq

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR