İnsanlara hürriyət, millətlərə istiqlal!

İnflyasiya proqnozu: ilin sonunadək qiymətləri 1,4 faiz salmaq mümkün olacaqmı?

Beynəlxalq qurumlar Azərbaycan hökumətinin hədəfini real hesab edir

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 10,9 faiz artıb. Dövlət Statistika Komitəsindən “Yeni Müsavat”a verilən məlumata görə, bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 12,4 faiz, qeyri-ərzaq məhsulları 10,1 faiz, təkcə ərzaq məhsulları 12,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 9,6 faiz bahalaşıb. Sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 5,1 faiz artıb.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2023-cü ilin yekunları üzrə orta illik inflyasiyanı 9,5 faiz, 2024-cü il üçün 5,3 faiz, 2025-ci il üçün 4,9 faiz proqnozlaşdırıb.

Mərkəzi Bankın proqnozları isə onu göstərir ki, bu ilin sonuna kimi illik inflyasiya 6 faiz civarında olacaq. Bu barədə açıqlamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov verib. Onun sözlərinə görə, 6 faiz AMB-nin hədəf diapazonuna yaxındır: “İnflyasiyanın orta müddətdə 2-6 faiz olması qəbul olunandır və iqtisadi inkişafımız üçün vacibdir. Bizim əsas məqsədimiz də elə inflyasiyanın idarə edilməsidir”.

Yeri gəlmişkən, Mərkəzi Bankla İqtisadiyyat Nazirliyinin inflyasiya proqnozları arasında fərqin olmasını T.Kazımov normal hesab edir. Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin verdiyi proqnozlar orta illik inflyasiyanın göstəricisidir. Mərkəzi Bank isə rüblük inflyasiya proqnozları verir. Bu isə keçən ilin istehlak səbəti ilə bu ilin istehlak səbətinin müqayisəsidir.

Maraqlıdır k, bir sıra beynəlxalq qurumların Azərbaycanda gözlənilən inflyasiyaya dair proqnozları hökumətinki ilə üst-üstə düşür. Məsələn, bugünlərdə Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası İNG (İnternationale Nederlanden Groep) Azərbaycanın inflyasiya proqnozunu yeniləyib. İNG 2023-cü ilin dördüncü rübündə ölkəmizdə istehlak qiymətləri indeksinin 3,6 faiz, 2023-cü il üzrə isə 9,2 faiz təşkil edəcəyini proqnozlaşdırıb. Korporasiya hesab edir ki, 2024-2025-ci illərdə Azərbaycanda inflyasiya daha da azalacaq və 5,6 faizə enəcək.

Bundan əvvəl isə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda orta illik inflyasiyanın 2023-cü ildə 10,1 faiz, 2024-cü ildə isə 6 faiz təşkil edəcəyini proqnozlaşdırıb.

Beynəlxalq Valyuta Fondu (BVF) da bu il üçün Azərbaycanda inflyasiya proqnozunu yeniləyib. Fond bu il Azərbaycanda inflyasiya proqnozunu 11,3 faizdən 10,3 faizə qədər endirib.

BVF hesab edir ki, 2024-cü ildə Azərbaycanda istehlak qiymətləri indeksi 5,6 faizə qədər enəcək. Bu isə fondun əvvəlki proqnozundan 2,4 faiz bəndi azdır. BVF 2028-ci ildə isə Azərbaycanda inflyasiyanın 4 faizə enəcəyini müəyyən edib.

Dünya Bankı Azərbaycanda inflyasiya səviyyəsinə dair BVF-dən daha nikbindir. Bankın proqnozuna əsasən 2023-cü ildə Azərbaycanda inflyasiyanın 2022-ci ildəki 13,8 faizdən 9 faizə düşəcəyi gözlənilir. İnflyasiya 2024 və 2025-ci illərdə də müvafiq olaraq 5,8 və 5,2 faizədək azalacaq.

Dünya Bankının qiymətləndirmələrinə əsasən, 2020-ci ildə ölkədə inflyasiya 2,8 faiz olub, daha sonra 2021-ci ildə 6,7 faizədək artıb: “2023-cü ildə inflyasiyanın 9 faizədək ləngiyəcəyi gözlənilir. Belə ki, qida məhsullarının qiyməti ucuzlaşmağa davam edəcək, xarici təzyiq isə zəifləyəcək, lakin inflyasiya  Mərkəzi Bankın yuxarı diapazonundan yuxarı qalacaq”.

Onu da bildirək ki, rəsmi statistika sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşmanı mal və qoyun ətinin, təzə balığın, yumurtanın, bananın, gavalının, şaftalının, pomidorun, xiyarın, göy lobyanın, bibərin, badımsanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın, tütün məmulatlarının, ucuzlaşmanı isə əsasən qarabaşaq yarmasının, unun, makaron məmulatlarının, toyuq ətinin, yoqurtun, kərə və bitki yağlarının, almanın, kələmin, balqabağın, soğanın, şəkər tozunun, konfetlərin, çayın, limonadın, arağın qiymətlərində qeydə alıb.

Halbuki qlobal ərzaq bazarında Azərbaycanda bahalaşma qeydə alınan, yaxud qiyməti dəyişməyən bir sıra mühüm ərzaq məhsullarının qiymətində ciddi ucuzlaşma baş verib. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının(FAO) hesablamalarına əsasən sentyabr ayında Qlobal Ərzaq Qiymətləri İndeksinin (FPPI) orta dəyəri avqust ayı ilə müqayisədə demək olar ki, dəyişməz qalıb və 121,5 bənd təşkil edib: şəkər və taxılın qiymət indekslərindəki artım bitki yağları, süd məhsulları və ət qiymət indekslərinin azalması ilə kompensasiya edilib. Bu səviyyədə indeksin dəyəri ötən ilin müvafiq səviyyəsindən 14,6 bənd (10,7 faiz), 2022-ci ilin mart ayında qeydə alınan rekord göstəricidən isə 38,3 bənd (24,0 faiz) aşağı olub.

Sentyabrda taxıl qiymətləri indeksi orta hesabla 126,3 bənd təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 1,3 bənd (1,0 faiz) yüksək, lakin ötən illə müqayisədə 21,6 bənd (14,6 faiz) aşağıdır. Bu ay indeksin artmasına səbəb olan əsas amil yemlik taxılların dünya qiymətlərinin 5,3 faiz artması olub. Sentyabr ayında, yeddi aylıq davamlı enişdən sonra, dünya qarğıdalı qiymətləri 7,0 faiz artıb. Sentyabr ayında beynəlxalq bazarda sorqo qiymətləri artıb, arpa qiymətləri isə sabit qalıb. Bunun əksinə olaraq, qlobal buğda qiymətləri əvvəlki ayla müqayisədə 1,6 faiz ucuzlaşıb FAO bunu sentyabr ayında istehsal proqnozlarının yuxarıya doğru yenidən baxıldığı Rusiyada bol məhsulun əldə olunmasının təsiri ilə izah edir.

Ötən ay düyünün qiyməti əvvəlki ayla müqayisədə 0,5 faiz azalsa da, ötən ilin eyni dövrü ilə müqayisədə hələ də tam 27,8 faiz yüksək olub. Yüngül azalma, əsasən, zəif idxal tələbi, Hindistanın düyü ixracı məhdudiyyətləri ilə bağlı qeyri-müəyyənliyin davam etməsi və yeni Asiya məhsulu ərəfəsində ehtiyatların tədricən azaldılması ilə bağlı olub.

Bitki yağı qiymət indeksinin orta dəyəri sentyabrda 120,9 bənd təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 5,0 bənd (3,9 faiz) aşağıdır. Beləliklə, ardıcıl ikinci aydır bu məhsulların qiymətində azalma baş verir. Bu azalmaya palma, günəbaxan, soya və raps yağlarının dünya qiymətlərinin düşməsi səbəb olub. Qlobal palma yağının qiymətləri sentyabr ayında ilk növbədə Cənub-Şərqi Asiyanın əsas istehsalçı ölkələrində mövsümi yüksək hasilatın təsiri altında azalmağa davam edib. Eyni zamanda günəbaxan tumunun yüksək məhsulu və Qara dəniz regionunda kənd təsərrüfatı məhsullarının aktiv satışı fonunda günəbaxan yağının dünya kotirovkaları nəzərəçarpacaq dərəcədə azalıb. Raps yağının dünya qiymətlərinə gəlincə, onlar dünya bazarlarında böyük həcmdə ixrac təklifinin davam etməsi ilə əlaqədar azalıb. Biodizel istehsalçılarının proqnozlaşdırılan güclü tələbinə baxmayaraq, qlobal soya yağının qiymətləri də azalıb.

Hamamda süd sexi, yaxud ağartı məhsullarının qara günləri...

Süd Məhsullarının Orta Qiymət İndeksi sentyabrda 108,6 bənd təşkil edib ki, bu da avqust ayı səviyyəsindən 2,6 bənd (2,3 faiz) aşağıdır. Belə ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9-cu ay ardıcıl olaraq azalmaqla ümumilikdə 34,1 bənd (23,9 faiz) düşüb. Sentyabrda bütün növ süd məhsullarının dünya qiymətləri əsasən ayın sonuna doğru Cənub-Şərqi Asiya ölkələrində müəyyən növ süd məhsullarına tələbat artımının qeydə alınmasına baxmayaraq, aparıcı istehsalçı regionlarda əhəmiyyətli ehtiyatların olması fonunda spot müqavilələr və qısa çatdırılma müddəti ilə bağlanmış müqavilələr üzrə idxal tələbinin ləng olması səbəbindən ucuzlaşıb. Bundan əlavə, yeni istehsal mövsümünün başlaması ilə Yeni Zelandiyada ixrac təklifinin artması, Avropa İttifaqında daxili tələbin məhdudlaşdırılması və avronun ABŞ dolları qarşısında zəifləməsinin təsiri süd məhsullarının qlobal qiymətinin aşağı düşməsinə səbəb olub.

Qlobal Ət Qiyməti İndeksinin orta dəyəri sentyabrda 114,2 bənd təşkil edib ki, bu da avqust göstəricisindən 1,2 bənd (1,0 faiz) aşağıdır. Beləliklə, onun azalması ardıcıl üçüncü aydır ki, davam edir və dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 bənd (5,0 faiz) aşağı olub. Dünyada donuz ətinin qiyməti əsas idxalçı ölkələrin, xüsusilə də Çindən idxal tələbinin aşağı olması və dünyada əhəmiyyətli ixrac təklifi fonunda ucuzlaşıb. Qlobal quş əti qiymətləri də aparıcı qlobal təchizatçılardan, xüsusən də Braziliyadan əhəmiyyətli tədarük səviyyələri səbəbindən kəskin ucuzlaşıb. Çin və Yaxın Şərqdən sabit idxal tələbinin olmasına baxmayaraq, aşağı templə də olsa, azalma ardıcıl beşinci ay davam edib.

Azərbaycan hökumətinin ilin sonunadək orta illiik inflyasiyanı hədəf göstəriciyə - 9,5 faizə qədər azaltmaq planının reallaşacağını yuxarıda qeyd etdiyimi beynəlxalq qurumların rəyindən də görmək mümkündür. Lakin Azərbaycanda əksər müstəqil ekspertlər rəsmi statistikanın inflyasiya hesablamalarına etimad etmirlər. Onların fikrincə, bir çox hallarda rəsmi statistika real vəziyyəti əks etdirməyib, siyasi hakimiyyətin ideologiyasına uyğun göstəricilər açıqlayır. 

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR