Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfəri və Ağ Evdə keçirilən tarixi brifinq regionun geosiyasi gündəminin mərkəzinə çevrildi. Səfərin əsas mövzusu – Ermənistanla sülh sazişinin paraflanması və onun imzalanması üçün son maneələrin aradan qaldırılması – Cənubi Qafqazda onilliklər davam edən münaqişənin rəsmi olaraq bitməsi istiqamətində mühüm mərhələdir. Prezidentin açıqlamaları həm diplomatik ritorikanın, həm də siyasi mesajların məzmun baxımından çox aydın və sərt olduğunu göstərdi.
Prezident İlham Əliyev Vaşinqtondakı brifinqdə bildirdi ki, Azərbaycanın sülh sazişi üçün irəli sürdüyü bütün şərtlər məntiqli, əsaslı və beynəlxalq hüquqa uyğundur. Ermənistan cəmiyyətində və hakimiyyət dairələrində müəyyən dairələr uzun müddətdir Azərbaycanın guya İrəvanın daxili işlərinə qarışmaq niyyətində olduğu barədə fərziyyələr irəli sürürdü. Lakin dövlət başçısının sözləri göstərir ki, bu iddialar tamamilə əsassızdır. Məsələ Azərbaycanın milli təhlükəsizliyi və ərazi bütövlüyü ilə bağlıdır və buna “daxili işlər” prizmalarından yanaşmaq absurddur.
Əslində, Prezidentin bu mövqeyi Azərbaycanın 2020-ci ildən sonra formalaşdırdığı diplomatik xəttin davamıdır. Bakı müharibədən sonra yaranmış yeni reallıqlar çərçivəsində regionda uzunmüddətli sülh üçün yalnız qarşılıqlı tanınma və ərazi iddialarından imtina prinsipini əsas götürüb.
Brifinqdə vurğulanan mühüm məqamlardan biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının çıxarılması məsələsi oldu. Prezident İlham Əliyev aydın şəkildə bəyan etdi: “Bu düzəliş edilmədən sülh sazişi imzalana bilməz”. Yəni Bakı üçün hüquqi sənədin yalnız kağız üzərində deyil, faktiki və hüquqi reallıqda qüvvədə olması vacibdir. Ermənistanın ali qanunvericilik aktında Azərbaycanın ərazi bütövlüyünə zidd müddəanın mövcudluğu sülh prosesini yarımçıq və qeyri-sabit vəziyyətdə saxlayar.
Bu, əslində, beynəlxalq praktikalarda tanınmış bir prinsipdir – dövlətlər arasında bağlanmış sülh müqaviləsi qarşı tərəfin hüquqi sənədlərində əksini tapan düşmənçilik maddələri ilə ziddiyyət təşkil edə bilməz. Ermənistanın bu dəyişiklikdən yayınması isə yalnız vaxtı uzatmaq və daxili siyasi manipulyasiyalar üçün zəmin yaratmaq məqsədi daşıyır.
Prezident Əliyev açıqlamasında xüsusi olaraq qeyd etdi ki, sülh sazişinin paraflanması ilə yanaşı, ATƏT-in Minsk qrupunun ləğvi barədə birgə müraciət də razılaşdırılıb. Bu, illərlə bölgədə prosesləri “dondurmaq” funksiyasını yerinə yetirən mexanizmin tarixi şəkildə arxivə göndərilməsi deməkdir. Vaşinqton görüşündə belə bir nəticənin əldə olunması həm Azərbaycanın diplomatik uğurudur, həm də beynəlxalq vasitəçilik sistemində yeni mərhələnin başlanğıcıdır.
İlham Əliyev Ermənistanın konstitusiya dəyişikliyi məsələsini yubatmaması barədə açıq xəbərdarlıq etdi. Onun sözlərinə görə, bu məsələ nə qədər tez həll olunarsa, bir o qədər yaxşıdır. Əks halda, bu, ilk növbədə ABŞ-a, şəxsən Prezident Donald Trampa hörmətsizlik kimi qiymətləndiriləcək. Bu, diplomatik dildə çox ciddi mesajdır. Əgər tərəflər Vaşinqtonda paraflama mərhələsini reallaşdırıblarsa, artıq imzalanma prosesi texniki və prosedur xarakteri daşımalıdır. Gecikmə isə siyasi iradə çatışmazlığı kimi görünəcək.
Azərbaycan tərəfi üçün bu prosesin tezliklə başa çatması yalnız formal deyil, həm də strateji əhəmiyyət daşıyır. Çünki regionda hər an yeni geosiyasi proseslər baş verə bilər və hazırkı fürsət pəncərəsi uzun müddət açıq qalmaya bilər.
Vaşinqton görüşü təkcə Bakı-İrəvan münasibətlərində deyil, həm də ABŞ-ın regiona münasibətində dönüş nöqtəsi sayıla bilər. ABŞ artıq 30 ildən çox davam edən Qarabağ münaqişəsində “passiv vasitəçi” mövqeyindən çıxaraq, konkret nəticə əldə edən tərəf kimi ön plana çıxır. Prezident Əliyevin “əks təqdirdə bu, ABŞ-a hörmətsizlik olar” sözləri isə İrəvana açıq mesajdır: Vaşinqtonun səylərini və siyasi kapitalını nəzərə almamaq Ermənistan üçün geosiyasi təcrid riskini artırar.
Əgər Ermənistan konstitusiya dəyişikliyini gecikdirsə və ya bundan imtina etsə, bunun bir neçə nəticəsi ola bilər:
1. Diplomatik təcrid: ABŞ və digər aparıcı beynəlxalq aktorların səbrini tükətmək.
2. qtisadi nəticələr:Sülh sazişinin imzalanmaması regional iqtisadi layihələrdən kənarda qalmaq deməkdir.
3.Təhlükəsizlik riski: Müəyyən edilməmiş sərhədlər və davam edən hüquqi mübahisələr yeni gərginliklər yarada bilər.
Azərbaycan isə artıq bəyan edib ki, qeyri-real və əsassız şərtlər irəli sürməyib və mövqeyindən geri çəkilməyəcək. Bu, Bakının həm diplomatik, həm də hərbi baxımdan üstün mövqedə olduğunu göstərir.
İlham Əliyevin Vaşinqtondakı brifinqi Cənubi Qafqaz sülh prosesinin həlledici mərhələsində Azərbaycanın prinsipial mövqeyini bir daha ortaya qoydu. Səfər həm də göstərdi ki, artıq beynəlxalq müstəvidə Azərbaycanın mövqeləri güclüdür, ABŞ kimi əsas güclər tərəfindən anlayışla qarşılanır. Ermənistan isə seçim qarşısındadır – ya tarixi fürsətdən yararlanaraq sülhün imzalanmasına real töhfə verəcək, ya da regional və beynəlxalq təcrid yolunu seçəcək.
Azərbaycan üçün isə prioritet dəyişməzdir: ərazi bütövlüyü tam təmin olunmuş, hüquqi təminatlı sülh. Vaşinqtonda atılan addımlar bu hədəfə doğru ciddi irəliləyişin göstəricisidir. İndi söz İrəvandadır – amma vaxt məhduddur.
Şahanə Rəhimli
Musavat.com
11 Avqust 2025
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ