Onlayn ictimai-siyasi qəzet
Qazlı və rəngli içkilər gündəlik həyatımızda tez-tez istifadə olunan məhsullar sırasındadır. Lakin mütəxəssislər dəfələrlə qeyd edirlər ki, bu cür içkilər sağlamlığa mənfi təsir göstərir. Bəs bu içkilərin əsas zərərləri nədən ibarətdir?
Mövzu ilə bağlı həkim-dietoloq Ləman Süleymanova Musavat.com-a danışıb:
Dünyada brend adı ilə təqdim olunan, əslində isə insan sağlamlığı üçün çox zərərli olan qazlı içkilər və enerji içkiləri ən geniş yayılmış nümunələrdir. Hər gün televiziya ekranlarında, filmlərdə, seriallarda, sosial şəbəkələrdə onların reklamını görürük. Halbuki hamı yaxşı bilir ki, bu içkilər orqanizm üçün son dərəcə təhlükəlidir. Onların tərkibində rəngləndiricilər, dadvericilər, qoruyucu maddələr və hətta insanı asılı hala gətirən narkotik tipli qatqılar var.
Ən çox satılan məşhur brendlərin qazlı içkilərinin tərkibində elə maddələr var ki, insan onları qəbul etdikcə daha çox içmək istəyir, asılılıq yaranır. Bu isə yalnız psixoloji yox, həm də fizioloji asılılıqdır. Uzun müddət mütəmadi olaraq bu içkilərdən istifadə edən şəxslərdə qaraciyərin piylənməsi, mədənin selikli qişasının zədələnməsi, insulin dözümlülüyünün azalması, qan təzyiqinin yüksəlməsi və xolesterinin artması müşahidə olunur. Bir ay ardıcıl olaraq belə içkilərdən istifadə etmək kifayətdir ki, insanda artıq çəki, qaraciyərdə yağlanma, ürək-damar xəstəlikləri və hətta şəkərli diabet riski yaransın.
Təəssüf ki, bu gün kafe və restoranlarda insanlar daha çox məhz bu qazlı içkiləri sifariş edirlər. Bunun səbəbi isə sadədir: reklamın gücü. İnsanların seçiminə ən çox təsir edən amil reklamdır. Bir məhsul nə qədər çox reklam edilirsə, bir o qədər cəlbedici görünür. Halbuki reklam edilən bu içkilərin heç biri sağlamlığa fayda gətirmir, əksinə, zəhərləyir.
Əgər insan sağlam və uzun ömür sürmək istəyirsə, yeganə çıxış yolu sağlam və təbii qidalara üstünlük verməkdir. Məsələn, qazlı içkini çox sevirsinizsə, onu evdə özünüz hazırlaya bilərsiniz – təbii meyvə şirəsindən, limondan, nanədən, baldan və təbii qazlı sudan istifadə etməklə həm dadlı, həm də sağlam içkilər hazırlamaq mümkündür. Daha çox orqanik məhsullara üstünlük vermək, mövsümi meyvə-tərəvəzlərdən istifadə etmək, fast-food, rəngli içkilər və hazır qidaları isə minimuma endirmək lazımdır.
Unutmayaq ki, insan orqanizmi bir dəfədir. Sağlamlıq əldən gedəndən sonra onu bərpa etmək çox çətin, bəzən isə mümkünsüz olur. Ona görə də düzgün qidalanma sadəcə vərdiş yox, həyat tərzinə çevrilməlidir. Sağlam qidalanan insan daha enerjili olur, daha az xəstələnir, ömrü də daha uzun və keyfiyyətli olur”.
Xalidə Gəray
Musavat.com
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ