İnsanlara hürriyət, millətlərə istiqlal!

“Axalkalakidə 90% erməni namizəd, Bolnisidə isə cəmi bir azərbaycanlı...” - MÜHÜM MESAJ

Bu həftənin şənbə günü qonşu Gürcüstanda yerli idarə orqanlarına seçkilər keçiriləcək. Artıq seçki kampaniyası sona yaxınlaşır və “sükut günü”nə barmaqla sayılacaq günlər qalır.

BELED.jpeg (47 KB)

Gedən seçki prosesində Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı təəssüfedici məqamlar ortaya çıxıb. Belə ki, əsasən hakim “Gürcü Arzusu” partiyasının irəli sürdüyü namizədlər sırasında demək olar ki, soydaşlarımız yox dərəcəsindədir. Əvəzində ermənilər gürcülərlə yanaşı çoxluq təşkil edirlər. Bir siyahı yayılıb ki, orada azərbaycanlıların çoxluq təşkil etdiyi bölgələrdə ermənilər soydaşlarımızdan qat-qat çoxdurlar. Məsələn, 10 nəfərin siyahısında 8 erməni varsa, cəmi 1 və ya 2 də azərbaycanlı var. Bu hal bütün bölgələr üzrə namizədlərdən ibarət siyahıların hər birində özünü göstərir. Bu da Azərbaycan tərəfdə etiraz doğurmaya bilməz. Ayrı-seçkiliyə tezliklə lazımi səviyyədə cavab verilməsinin vacibliyi önə çəkilir.

ZURİYE.jpg (175 KB)

Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirib ki, bu siyahı Gürcüstan siyasətində etnik balans məsələsini açıq şəkildə göstərir:

“Axalkalakidə ilk onluqda 90% erməni namizədin olması, Bolnisidə isə cəmi bir azərbaycanlının yer alması seçki siyahılarının tərtibində ciddi fərqlərin olduğunu sübut edir. Bu, əslində sadəcə “təmsilçilik məsələsi” deyil, həm də siyasi proseslərdə kimin nə dərəcədə nəzərə alındığının göstəricisidir. Gürcüstan hökuməti uzun illərdir “multietnik cəmiyyət” imicini qorumağa çalışır, amma real siyasətdə erməni icmasının təsir imkanları azərbaycanlılara nisbətən daha güclü şəkildə əks olunur. Bunun səbəbləri həm tarixi, həm də təşkilati faktorlarla bağlıdır: erməni icması daha çox mərkəzləşmiş şəkildə fəaliyyət göstərir, lobbi imkanlarından istifadə edir və siyasi gündəmdə öz yerini təmin edir.

Azərbaycanlı icması isə sayca böyük olmasına baxmayaraq, parçalanmış vəziyyətdədir və institusional dəstək baxımından daha zəif görünür. Belə vəziyyət azərbaycanlı seçicilər üçün mesajdır: yalnız passiv seçici davranışı ilə deyil, təşkilatlanma və siyasi təmsilçiliyə yönəlmiş fəaliyyətlə nəticə əldə etmək mümkündür. Əks halda, siyahılarda balansın pozulması davam edəcək və siyasi proseslərdə təsir imkanları məhdud qalacaq.

Nəticə etibarilə, bu siyahılar Gürcüstanda yaşayan azərbaycanlılarla ermənilər arasında siyasi təmsilçiliyin fərqli çəkisini nümayiş etdirir və bu, cəmiyyətin gələcəkdə necə təşkilatlanacağı ilə birbaşa bağlı olacaq”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR