Onlayn ictimai-siyasi qəzet
“Rusiya-Ukrayna müharibəsi moldavanların əksəriyyətinə təsir etdi. Başa düşdülər ki, rusiyapərəst qüvvələrə dəstək versələr, Rusiya Moldovaya hakim olacaq. Moldova da Belarus kimi Rusiyanın vassalına çevriləcək. Moldovanların da əksəriyyəti vassal olmaq istəmirlər. Avropada yaşayan moldavanların da burada rolu az deyil”.
Bunu Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Moldovada keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən deyib. O bildirib ki, moldavanlar Avropa yoluna üstünlük veriblər: “Əsas məsələ Avropaya üstünlük verən partiyaların ciddi islahatlar aparmasıdır. İslahatlar aparılmasa və ciddi nəticələr verməsə, moldavanlar gələcəkdə fikirlərini dəyişə də bilərlər ki, bu da Rusiyanın gələcəkdə Moldovada güclənməsinə səbəb ola bilər.
Elxan Şahinoğlu
Rusiya seçkilərə kifayət qədər müdaxilə etdi və milyonlarla avro xərclədi. Rusiyada yaşayan moldavanlara tapşırıq verilmişdi ki, kommunist və ruspərəst qüvvələrə səs verilsin. Amma bütün səylərə baxmayaraq, moldavanlar Avropaya üstünlük verdilər.
Rusiya vaxtı ilə Ukrayadakı seçkilərə də müdaxilə edirdi. 2000-ci illərdə Viktor Yuşşenkonun prezident seçilməməsi üçün xeyli maliyyə xərcləndi. Hətta saxtalaşdırma edilmişdi, buna baxmayaraq, o, qalib gəldi. Belə üsullardan Rusiya uzun illərdir ki, istifadə edir. Lakin bu dəfə Rusiyanın istədiyi alınmadı. Çünki moldavanlar bilirdi ki, Putindən yaxşı şey gözləmək olmaz. Putini şişirtmək lazım deyil.
Onun məntiqi olsaydı, heç Ukraynaya qarşı müharibəyə başlamazdı. Rusiyada 100 minlərlə gənc ölüb, nəyin naminə? İqtisadiyyatı çöküb, avtomobillər yanacağa görə növbə gözləyir. Yəni, Putinin qərarları onsuz da məntiqsizdir. Azərbaycan-Rusiya münasibətlərinə nəzər salın. Putin münasibətləri gərginlik nöqtəsinə gətirib çıxardı, halbuki təyyarəmizin vurulması hadisələrinə qədər, münasibətlər normal idi. Bir sözlə, Putin məntiqsiz qərarlar verməklə məşğuldur.
Politoloq bildirib ki, Moldovada ruspərəst qüvvələr məğlub olsa da, Rusiyaya bağlı güclər hələ də qalır. Onlar parlamentdə təmsil olunacaqlar. Putinin iki qrup separatçılara təsir gücü var. Onlardan biri Donbas separatçılarıdır. Çox təəssüf ki, Qaqauziyada da müəyyən qruplarla əlaqəsi var, orada da separatçılığı dəstəkləyir. Yəni, həm parlamentdə təsir imkanları qalacaq, həm də Moldovanın daxilindəki iki bölgədə kremlin təsir imkanları qalır”.
Politoloq deyir ki, Rusiya Moldovadakı seçkilərdə uduzsa da fəaliyyətini davam etdirəcək: “Rusiya hər yerdə dağıdıcı fəaliyyətini davam etdirməyə çalışır. Azərbaycanda 5-ci kalon formalaşdırmaq istədi, alınmadı. Neftimizə əlavə maddələrin qatılması ilə bağlı hadisədə də Rusiyanın adı hallanır. Hər yerdə Rusiya bu üsullardan bu və ya digər dərəcədə istifadə edir. Böyük ehtimalla Rusiya Moldovadan əl çəkən deyil. Ruspərəstlərlə əməkdaşlığını davam etdirəcək ki, gələcəkdə revanş hal yaratsın”.
Qeyd edək ki, Moldovada keçirilən parlament seçkilərinin nəticələri Kremlin strateji planlarını alt-üst edib və Rusiyanın bu ölkədəki təsir ambisiyalarına ağır zərbə vurub. Protokolların 100 faizinin hesablanmasından sonra prezident Maya Sandunun rəhbərlik etdiyi avropayönlü “Fəaliyyət və Həmrəylik” Partiyası 49,93 faiz səslə birinci yeri tutaraq seçkilərin qalibi olub. İkinci yeri isə 24,32 faiz səslə müxalif “Vətənpərvər blok” qazanıb. Daha bir avropayönlü qüvvə – “Alternativ” bloku isə 8 faiz səs toplaya bilib.
Seçkilərin nəticələri göstərir ki, Moskvanın Moldovanı yenidən öz təsir orbitinə qaytarmaq və parlamentdə mütləq çoxluğu ələ keçirməklə prezident Maya Sandunu hakimiyyətdən salmaq planı tam iflasa uğrayıb.
Şahanə Rəhimli
Musavat.com
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ