Onlayn ictimai-siyasi qəzet
Hazırda orta məktəblərin 11-ci siniflərində oxuyan şagirdlərin, ali məktəbə sənəd verəcək abituriyentlərin ən gərgin vaxtıdır. Martın əvvəlində buraxılış imtahanı, 3 ay sonra isə blok - qəbul imtahanı verəcəklər. Ötən illərdə abituriyentlərin üzləşdiyi ən böyük problem buraxılış, xüsusən isə qəbul imtahanlarında orta məktəb dərsliklərində olmayan suallarla üzləşmələri olub.
Yada salaq ki, ötən il ekspertlər abituriyentləri haqlı saymışdı. Bildirilirdi ki, sualların hazırlanma mexanizmi tamamilə dəyişdirilib və qəlizləşdirilib. Xüsusən də Azərbaycan dili və riyaziyyatla bağlı daha çox narazılıqlar müşahidə edilir. Suallar çox çətin, dolaşıq olmaqla yanaşı, buna görə zaman limiti də nəzərə alınmadığı deyilirdi. Azərbaycan dili üzrə mətnin strukturu üzrə verilən suallar həddindən artıq qəliz olub. Nəticədə də şagirdlər onu verilən zamanda işləyə bilməyiblər. Çünki orada elə suallar vardı ki, onun həlli 7 dəqiqə zaman aparırdı. Belə olan halda şagird digər suallara zaman ayıra bilməyiblər.
İllərdir ki, bu problem təkrarlanıb. Bəs bu il necə olacaq? Şagirdlər hansı sürprizlərlə üzləşə bilər?
11-ciləri və onların valideynlərini narahat edən digər bir məsələ isə martın ilk günlərində keçiriləcək buraxılış imtahanları öncəsi qızılca, suçiçəyi xəstəliklərinin geniş yayılmasıdır. Qızılca, suçiçəyi tutmuş şagirdlər təbii ki, imtahana buraxılmayacaq. Bəs onlar üçün ayrıca imtahan təşkil ediləcəkmi?
Xanlar Xanlarzadə
Mövzu ilə bağlı ilk olaraq Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə ilə əlaqə saxladıq. O, “Yeni Müsavat”a qeyd edilən məsələlərin, sadəcə, mif olduğunu dedi: “İmtahandan sonra sual kitabçaları abituriyentlərə verilir. Yəni imtahanın məzmunu açıqdır. Xahiş edirəm, oradan bir sual göstərsinlər ki, dərslikdə və qəbul proqramında yoxdur. O ki qaldı xəstəliklərlə bağlı suala, əlbəttə, istənilən bir imtahanda yoluxucu xəstəliyi olanlar imtahana buraxılmır. Amma mərkəz tərəfindən buraxılış imtahanları bir neçə zona üzrə keçirildiyi üçün üzrlü səbəbdən imtahanda iştirak etməyənlər üçün şərait yaradılır və onlar da buraxılış imtahanı verirlər. Təbii, bununla bağlı əvvəlcədən müvafiq sənədlərlə DİM-ə müraciət etmək lazımdır”.
Ekspert: “DİM öz yazıçılarımızın, ədiblərimizin mətnlərinə yer verməlidir”
Təhsil eksperti Elçin Əfəndi də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Buraxılış imtahanları qəbul imtahanlarının birinci mərhələsi hesab olunur. Eyni zamanda bəzi istiqamətlərdə qəbul imtahanları hesab olunur. Həmin imtahanların erkən keçirilməsinin başlıca səbəbi imtahan nəticələrinin daha uzun müddət vaxt alması ilə bağlıdır. Burada ən azı bir ay, hətta qırx gün yoxlama prosesi həyata keçirilir. Bu da əsasən 2019-cu ildən imtahanların kurrikulum əsasında keçirilməyə başlanmasına dayanır. Çünki orada şagirdlər tərəfindən açıq tipli suallar olur ki, onlar müvafiq olaraq bir yox, bir neçə müəllim tərəfindən yoxlanılır, buna görə vaxt uzun çəkir. Ümumiyyətlə, imtahanın erkən keçirilməsi dünya təcrübəsində də var. İmtahanlar ümumi proqramı əhatə etməlidirmi, xeyir. DİM bununla bağlı sentyabr ayında abituriyent jurnalının xüsusi buraxılışını verib. Hansı proqramlar, hansı mövzulardan suallar olacaq, abituriyentlər hansı mövzulara baxmalıdır, bununla bağlı o jurnaldan öyrənə bilərlər. Fənlər üzrə hansı mövzular keçirilirsə, sual tapşırıqları da məhz ona qədər olan mövzuları əhatə edəcək. Ötən il problem əsasən mətnlə bağlı olmuşdu. Əgər mətnlər DİM-in ümumi proqramına daxildirsə, o zaman bizim üçün sorğulanmamalıdır. Əgər hər hansı mətn salınırsa, Azərbaycan dilinin, ya da ingilis dilinin qrammatikası soruşulursa, şagird qrammatika ilə bağlı təhsil aldığı müəssisədə tədris alıbsa, bu hər hansı mübahisə yaratmamalıdır. Ona görə burada ilk olaraq DİM bu amili nəzərə alaraq daha çox öz yazıçılarımızın, ədiblərimizin mətnlərinə yer verməlidir. Ötənilki kimi hansısa türk ya da ingilis blogerin hazırladığı mətn üzərindən olmamalıdır. Təbii ki, o zaman bu narazılıq yaratmaz. İmtahan verəcək namizədlər də bilməlidir ki, yalnız mətnə köklənməlidirlər. Yəni mətnə hazır olmalıyıq, mətndə bizdən soruşulanlara hazır olmalıyıq, onun quruluşuna, formatına, yaxud fərqli yerdən salınmasına əhəmiyyət verməməliyik”.
Qeyd edək ki, 2024/2025-ci tədris ilində keçiriləcək əsas imtahanların tarixləri və vaxtları belədır:
Peşə liseyləri buraxılış İmtahanları: 2024-cü ildə peşə liseylərinin buraxılış imtahanları 3 və 10 mart tarixlərində keçiriləcək. Orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları: 9 illik (ümumi) və 11 illik (tam) orta təhsil səviyyələri üzrə buraxılış imtahanları müxtəlif zonalarda 17 mart, 7 aprel, və 21 aprel tarixlərində təşkil olunacaq. Dövlət dili kimi Azərbaycan dili üzrə imtahanlar 9 və 11-ci siniflər üçün 12 may və 30 iyun tarixlərində keçiriləcək. İmtahanlardan bir ay əvvəl zonalara aid olan şəhər və rayonlar haqqında əlavə məlumat veriləcək. 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının modelində əvvəlki illərdəki kimi dəyişiklik olmayacaq. DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki ilin əvvəlində paylaşılacaq.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ